Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (DSNS) bildirir ki, gecə saatlarında Rusiya ordusu tərəfindən Odessaya və Xarkova pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücumlar həyata keçirilib.
Musavat.com xəbər verir ki, Odessada 10-dan çox PUA zərbəsi qeydə alınıb. Zərbələr nəticəsində şəhərdə genişmiqyaslı yanğınlar baş verib, bir dörd mərtəbəli bina tamamilə dağılıb, 23 mərtəbəli yaşayış binası isə ciddi ziyan görüb. Hadisə nəticəsində 600 nəfər təxliyə olunub. Rəsmi məlumatlara görə, 14 nəfər xəsarət alıb, onlardan üçü xilasedicidir.
Xarkovda isə dörd PUA zərbəsi qeydə alınıb. Burada da yaşayış binaları, sənaye müəssisəsi və bir neçə nəqliyyat vasitəsi zədələnib. İlkin məlumatlara əsasən, dörd nəfər yaralanıb.
Ukrayna rəsmiləri hücumların mülki əhaliyə qarşı yönəldiyini və hadisənin ciddi humanitar nəticələrə yol açdığını bildirirlər. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir, yaralılar xəstəxanalara yerləşdirilib. Hücumlar beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olub və yeni hərbi eskalasiya təhlükəsi ilə bağlı narahatlıq doğurur.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ