İnsanlara hürriyət, millətlərə istiqlal!

Ocaq

“Qaranlıq zamanlarda işıqlı adamlar yaxşı görünürlər”

(Erix Mariya Remark) 

Həmyerlilərimizin, görkəmli politoloqların proqnozlarına görə Amerika dərin dövləti Trampın prezident olmağını istəmirdi, ona görə müəllimə sui-qəsd edilməliydi. Edildi də. Lakin kişi qulağının sıyrıntısı ilə canını qurtardı. Buradan belə nəticə çıxır ki, artıq Amerika dərin dövləti bir zibilə yaramır. Daha dərin dövlət lazımdır. 

Eyni vaxtda Elza Seyidcahan deputatlığa namizədliyini verib, platformasını açıqlamışdır. Sitat: “Fəxri xiyabana mikrofon çəkdirəcəm, dəfn edilənlərin əsərləri gecə-gündüz oxunsun. "Ç" hərfinə “c” deyən müəllimlər işdən çıxarılacaq. Bayağı müğənnilər efirə buraxılmayacaq". 

Yaxşı vədlərdir. Mən Şabran dairəsində yasaşam Elza xanıma səs verərdim. Ancaq görünür, Elza xanım elə zənn edir Fəxri xiyabanda yalnız bəstəkar və müğənnilər dəfn olunur. Bu səhv yanaşmadır. Şairlər, yazıçılar da var. Onların da əsərləri oxunsa yaxşı olar. 

Əlbəttə, şeir oxumaq çətin deyil, nasirlərin işi bir az çətindir. Təklif edirəm nasirlərin romanı yox, hekayələri oxunsun. Ziyarətə gələnlərin o qədər çox vaxtı yoxdur. 

Bircə o pisdir ki, Vasif Talıbovla Oqtay Əsədovun namizədliyi yenidən verilməyəcəkmiş. Məncə, bu şəxslərin millət yolunda xərcləyəcəyi potensial hələ tükənməmişdi. Çoxumuz Vasif müəllimə qibtə edirik. 

Keçən nömrələrin birində Filarmoniyada yeyintinin xarakteri haqda sual ünvanlamışdım. Köhnə dostlarımızdan qazi Məğrub bəy ehtimalını yazıb göndərib: “Orada konsert olmalıymış. Konsertin elanını veriblər, lakin keçirməyiblər”. 

Prokurorluq da bir az aydınlıq gətirdi, deyir Filarmoniyanın direktoru, xalq artisti Murad müəllimin müavini Çingiz müəllimi 50 min manat yeyintiyə görə tutublar. 

Məncə, burada əsas günah yeyintinin xarakteri yox, miqdarıdır. 50 min çox gülməli məbləğdir və bizim sistemə yaraşmır, ona töhmət gətirir. Camaat milyonlar yeyir, heç səsi çıxmır. Bu isə 50 min yeyib, hələ konsert verirmiş. Ar olsun. Gör dövlətçiliyimizi nə cür xırım-xırda işlə məşğul edibdir. İndi yazıq ittihamçı, müstəntiq, hakim, vəkil və sairə yoldaşlara buradan nə qazanc çıxacaqdır? Vallah, utanmıxdan ölmək lazımdır, adaşı Çingiz müəllim demişkən. Hələ az qala yadımdan çıxmışdı, kriminaldan yazan müxbirlər də var. Fürsətdən istifadə edərək onları qarşıdan gələn milli mətbuat günü münasibətilə təbrik edir, hamısına yaxşı yeyintili müttəhimlər arzulayıram. 

Pullu tema odur, Londonda qaynayır. Keçmiş nəqliyyat nazirimiz Ziya müəllimin oğlunun biznesi haqda günaşırı bir material çıxır və maraqlıdır ki, Anar Məmmədovu nişangaha gətirən media orqanı ABŞ-a məxsusdur. Mən burada dərin dövlətin izlərini görürəm, çünki Anar müəllim vaxtilə Trampla iş birliyi qurmuşdu, Bakıda bina tikmişdilər. İndi dərin dövlət Trampa güllə atan anda necə olur ki, Anar müəllimin də Britaniyadakı restoranları diqqət mərkəzinə gətirilir? 

Üstəlik, Elza xanım Tramp qədər ektravaqant, qeyri-adi şəxsiyyətdir. Onun siyasətə atılmağı da təsadüfi deyil, bir mərkəzdən idarə edilir. 

Bunu mənə dünən tanış olduğum taksi sürücüsü də təsdiqlədi. Deyir qızımın Bakıdakı evində təzəlikcə mebel yanıb. Durduğu yerdə. Evdə heç kim yox imiş. Mebelin hər hansı elektrik mənbəyi ilə əlaqəsi də olmayıb. Mən soruşdum ki, bəlkə ora Günəş işığı düşürmüş, bəzən şüşələr, güzgülər bu cür optik yanğın törədə bilir. Sürücü dedi, elə mənim də ağlıma birinci bu gəldi, ancaq mebel gün düşməyən otaqdadır. Çox fikirləşdik, axırda ağsaqqala təklif elədim otağı pir elan etsin, möcüzə baş verən ərazi kimi. Kişi dedi ki, əslində mümkündür, çünki bizim nəsildə ocaq olub, babamın yanına gəlirmişlər və sairə. Dedim məsələ aydın oldu, ocaq sizdə var imişsə, mebel elə ondan yanıb. 

Sonra ünvana çatdıq, məsələnin necə həll olunduğunu bilmirəm.  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR