İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə təhdidi artır - Kim Çen və Lukaşenko Rusiyanın “tətikçisi” rolunda

Politoloq: “Rusiya ABŞ-a və müttəfiqlərinə “sizə məndən başqa da atom bombası atmaq imkanında və ağlında olanlar var" mesajını verir”

“ABŞ, Yaponiya və Cənubi Koreyanın qarşıdurma yaradan hərəkətləri Koreya yarımadası regionunda sabitliyi pozur və nüvə müharibəsi riskini artırır”.

Bunu Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Şimali Koreya Hərbi Dəniz Qüvvələri komandanlığı qarşısında çıxışında deyib.

“Bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyadan olan rəsmilər toplaşaraq müxtəlif hərbi təlimlər keçirəcəklərini bəyan etdilər. ABŞ də daxil olmaqla, düşmən qüvvələrin ehtiyatsız qarşıdurma manevrləri səbəbindən Koreya yarımadasının ətrafındakı sular dünyada hərbi maşınların ən çox cəmləşdiyi əraziyə və nüvə müharibəsi riskinin böyüdüyü qeyri-sabit sulara çevrildi”, - deyə o, qeyd edib.

“Mövcud vəziyyət tələb edir ki, Hərbi Dəniz Qüvvələrimiz daimi döyüş hazırlığında olsun, gözlənilməz hallar zamanı düşmənin iradəsini darmadağın etməyə hazır olmaq üçün bütün səyləri göstərsin”, - Şimali Koreya lideri əlavə edib.

Xatırladaq ki, avqustun ortalarında ABŞ Prezidenti Co Bayden, Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yoon Suk-Yeol Vaşinqton yaxınlığındakı Kemp-Deviddə üçtərəfli sammit keçiriblər. Sammit zamanı hərbi əməkdaşlığı gücləndirmək məqsədilə hər il birgə təlimlərin keçirilməsi barədə razılığa gəliblər. İyul ayında ABŞ və Cənubi Koreya da ABŞ-ın nüvə sualtı qayığının iştirakı ilə təlimlər keçirib. Bundan əlavə, nüvə silahı daşıyan “USS Kentucky” strateji sualtı gəmisi Cənubi Koreyanın Busan limanına səfər edib.

Bir müddət öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfər edərkən belə iddialar ortaya çıxmışdı ki, Rusiya birbaşa nüvə silahı tətbiqindən sığortalanmaq üçün bu işi müttəfiqlərinin, o cümlədən Kim Çenin əli ilə edə bilər...

Bu arada Rusiya Qərb qonşularının aqressiv davranışlarına cavab olaraq Belarusda da taktiki nüvə silahı yerləşdirib və birgə aviasiya qrupunu gücləndirib.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Ukraynada dalana dirənən Rusiyanın belə görünür ki, nüvə silahından istifadə etmək niyyətləri ciddiləşir və artıq özünə iki “tətikçi” də müəyyən edib. Bu plan dəhşət saçır. Rusiya özünün etmək istədiyini-atom bombası atmağı Şimali Koreyanın və ya Belarusun əli ilə reallaşdıra bilərmi?

Qərb ölkələri Priqojinin hərbi qiyamını dəstəkləmədi”- » Missiya.az - Xəbər  portalı

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Rusiyanın dünyada çox az sayda müttəfiqindən biri məhz Şimali Koreyadır: "Məhz Rusiya müdafiə naziri Sergey Şoyqunun Pxenyana səfərində Yaponiya ətrafında hərbi eskalasiyanın formalaşmasi üçün birgə razılıq əldə edilib. Rusiya çalışır ki, Şərqdə ABŞ-a ciddi problemlər yaratsın və Ukrayna müharibəsində müəyyən güzəştlər əldə etsin. Bu xüsusda Şimali Koreyadan istifadə etməsi mümkündür. Şimali Koreya ABŞ-ın qatı düşmənidir və Kreml bu düşmənçilikdən öz çıxarları üçün istifadə edə bilər. Eyni zamanda Şimali Koreya rejimi Yaponiya və Cənubi Koreya ilə də düşmənçilik səviyyəsinə çatan gərgin münasibətlərə malikdir. Pxenyan hər üç ölkənin hərbi təlimlərini özünə təhdid hesab edir. Rusiya da bundan istifadə edərək qızışdırıcılıqla məşğuldur. Kim Çen Inın xarakterini də nəzərə alsaq, Kreml Şimali Koreyanı atom silahına əl atmağa sövq edə bilər. Odur ki, Şimali Koreyanın kiçik kilolotluq atom silahından istifadə etməsi istisna edilməməlidir. Eyni zamanda Rusiyanın daha bir müttəfiqi Belarusda nüvə silahı yerləşdirməsi də Moskvanın atom bombasının düyməsini başqasının əli basmaq niyyətindən xəbər verir. Bu addımlarla Rusiya Qərbi təhdid edir, “sizə məndən başqa da atom bombası atmaq imkanında və ağlında olanlar var” mesajını verir. Rusiya Ukraynada atom silahı işlədə bilməz. Çünki dalğa Rusiyanın özünü də vura bilər. Ona görə də Pxenyanın vasitəsilə Şərqdə edə bilər. Uzaq Şərq yeni qarşıdurma meydanıdır və düşünürəm ki, Ukrayna müharibəsinin nəticələri buradakı proseslərə mənfi təsir edəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR