İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nüvə başlıqlı raketlərin sayı artırıla bilər” -Təhlükəsizlik ekspertindən Putinin çıxışına şərh

“Söhbət nüvə başlıqlı silahların məhdudlaşdırılması hətta ləğv edilməsindən gedir. Rusiya və ABŞ-da 5 mindən çox nüvə başlıqlı raket var. Məhz bu mənada məhdudlaşdırılma ilə bağlı müqavilə imzalanmışdı. Bu proses davam edirdi”.

Musavat.com xəbər verir ki, bu fikirləri Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl  deyib. Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində səsləndirdiyi “Rusiya Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması haqqında Müqaviləsində iştirakını dayandırır” açıqlamasını şərh edən ekspert xatırlatdı ki, hər iki tərəfdən məhdudlaşdırma prosesi ilə bağlı addımlar atılırdı: “Putinin çıxışı nüvə başlıqlı raketlərin sayının artırılacağı ilə bağlı xəbərdarlıq kimi dəyərləndirilə bilər. Bu dünyanı təhdid etməkdir. Putinin “müqavilədən çıxmırıq, sadəcə iştirakımızı dayandırırıq” fikri o deməkdir ki, yenidən müqavilədə iştirak bərpa edilə bilər. Bu isə Qərblə münasibətlər normallaşanda mümkün ola bilər”.

Ekspert hesab edir ki, belə bir açıqlamanın ABŞ prezidenti Cozef Baydenin Kiyevə səfərindən sonra verilməsinin xüsusi əhəmiyyəti yoxdur: “Putinin açıqlaması Rusiya-Ukrayna müharibəsinin 3-cü günündə strateji silahların döyüş hazırlığına gətirilməsi haqqında Sergey Şoyquya verdiyi qərarın davamıdır. Bu açıqlama sırf müharibə ilə, Qərbin Ukraynaya köməyi ilə əlaqədardır”.

Qeyd edək ki, Putin həmçinin, bildirib ki, Vaşinqton nüvə silahının təbii sınağı haqqında düşünür, belə məlumatlar var: “ABŞ bunu ilk etsə, Rusiya Müdafiə Nazirliyi və Rosatom Rusiyanın nüvə silahlarını sınaqdan keçirməyə hazır olduğunu təmin etməlidir”, deyə Putin əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR