İnsanlara hürriyət, millətlərə istiqlal!

Nobel mükafatçısı Əziz Sancarla AMEA-da izdihamlı görüş və xüsusi iclas keçirildi

İLK YAYIM SAATI: 3 İYUN, 22:06

Dünya şöhrətli alim Musavat.com-a danışdı: “İndi ən böyük məsələ budur: Qarabağ bizimdir”

İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Böyük akt zalında Nobel mükafatı laureatı, AMEA-nın Fəxri üzvü, ABŞ Şimali Karolina Universitetinin professoru Əziz Sancarla görüşə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, millət vəkilləri, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, ali təhsil müəssisələrinin rektorları, gənc alimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin nəzdində “Əziz Sancar şərəf otağı”nın açılışı olub. Əziz Sancar mərkəzin xatirə dəftərinə ürək sözlərini yazıb. (www.science.gov.az) Daha sonra AMEA əməkdaşlarının əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

AMEA-nın iclas zalında keçirilən izdihamlı tədbiri giriş nitqi ilə açan akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə ölkəmizdə səfərdə olduğunu, AMEA-nın Əsas binasını, Mərkəzi Elmi Kitabxananı, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu, Bakı Dövlət Universitetini, Naxçıvan Dövlət Universitetini və AMEA-nın Naxçıvan Bölməsini ziyarət edərək alim və gənc tədqiqatçılarla, müəllim və tələbələrlə görüşlər keçirdiyini bildirib.

Əziz Sancarın tərcümeyi-halını təqdim edən akademik İsa Həbibbəyli alimin 1946-cı ildə Türkiyənin Mardin vilayətində doğulduğunu, ilk və orta təhsilini burada aldığını, 1969-cu ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirdiyini söyləyib. AMEA rəhbəri qeyd edib ki, alim Dallasdakı Texas Universitetində molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alıb, gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi şüalar tərəfindən zədələnmiş DNT-nin bərpası ilə bağlı burada tədqiqatlar aparıb. Yel Universitetində və Harvard Universitetində dərs dedikdən sonra 1997-ci ildən ABŞ-ın Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində bu günə kimi fəaliyyətini davam etdirir. AMEA prezidenti bildirib ki, Əziz Sancar xərçəngin bioloji və biokimyəvi üsullarla müalicəsini tədqiq edib və bu istiqamətin əsas yaradıcısıdır.

O, 2005-ci ildə ABŞ Milli Elmlər Akademiyasına üzv seçilən ilk amerikalı türk olub, 2006-cı ildə isə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2015-ci ildə DNT-nin bərpası işinə görə iki alimlə birgə Kimya üzrə Nobel mükafatına layiq görülüb. “Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir”, - sözlərini xatırladan akademik İsa Həbibbəyli alimin Nobel mükafatını Anıtqəbir muzeyinə bağışladığını deyib. 

İsa Həbibbəyli qeyd edib ki, Əziz Sancar Azərbaycanın da böyük dostudur, ölkə Prezidenti İlham Əliyev alimlə 3 dəfə görüşüb. Akademikin sözlərinə görə, Əziz Sancarın ölkəmizlə əlaqələrinin qurulması və inkişafında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradovun və onun müşaviri Elşən Bağırzadənin müstəsna xidmətləri var. Əziz Sancarın Türk dünyasına ürəkdən bağlı olduğunu və onun Türk dünyasının birliyini arzuladığını deyən akademik İsa Həbibbəyli professorun Azərbaycanın Qarabağ zəfərini dəstəklədiyini, ölkəmizin Qələbəsini Türkiyənin İstiqlal savaşı ilə eyniləşdirdiyini vurğulayıb.

AMEA prezidenti alimin “Nizami İli”ndə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görüldüyünü də diqqətə çatdırıb. Qeyd edib ki, 29 noyabr 2023-cü il tarixində AMEA-nın Ümumi yığıncağında professor Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib.

Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın fəxri üzvü diplomunu və medalı Nobel mükafatı laureatı Əziz Sancara təqdim edib. Həmçinin qonağa üzərində Xarıbülbülün təsviri olan xalça hədiyyə edilib. Musavat.com əməkdaşı bildirir ki, İsa Həbibbəyli Əziz Sancarın Naxçıvanda da yüksək səviyyədə görüşlər keçirdiyini, Naxçıvan Dövlət Universitetində çıxış etdiyini, həmçinin Ağrı dağını Naxçıvan Muxtar Respublikasından görmək arzusunda olduğunu deyib. Aakademik bildirib ki, Əziz Sancarı doğulduğu kəndə dəvət edib və oradan ovuc içi kimi görünən böyük, həmçinin kiçik Ağrı dağlarını birgə seyr edibər. Akademik Azərbaycan sevdalısı olan böyük Əziz Sancarı bir müddət öncə xarici ölkənin alimi kimi AMEA tərəfindən mükafatlandırdıqlarını, ancaq Nobel laureantının “mən xarici alim deyiləm”, deyərək mükafatı geri qaytardığını, bundan sonra isə onu həm də Türkiyə-Azərbaycan alimi olaraq mükafatlandırdıqlarını fəxarətlə bildirdi. Bu hadisəyə zalın reaksiyası təbii ki, sürəkli alqışlar oldu. 

Sonra çıxış edən Xalq yazıçısı Anar dəyərli qonağı, Türk dünyasının elm sahəsində yeganə Nobel mükafatçısını və tədbir iştirakçılarını Türk dünyasının qəlbi döyünən bir şəhərdə Azərbaycan Yazıçılar Birliyi adından salamlayaraq, AMEA Rəyasət Heyətinin Böyük akt zalında baş verən bir sıra tarixi hadisələr haqqında danışıb. Vurğulayıb ki, bu gün bu zal daha bir tarixi hadisənin - dünya şöhrətli alim Əziz Səncərlə görüşün şahididir. “Düz 106 il bundan qabaq Şərqsdə ilk Demokratik Cümhuriyyət, Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman onun parlamenti – Milli Məclisi məhz bu salonda işə başlamışdı. 1920-ci ildə Şərq Xalqlarının ilk Qurultayı bu salonda baş tutdu. 1926-cı ildə ilkTürkoloji Qurultay bu salonda keçirildi. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndə ilk görüşünü bu salonda ziyalılarla keçirdi. Nəhayət, Türk Dünyası yazıçılarının 3-cü Qurultayı Ulu Öndərin iştirakı ilə bu salonda keçirildi. Ona görə bu tarixi salonun tarixinə bu gün də yazılır. Bu gün biz böyük alim, böyük türk, böyük azərbaycanlı Əziz Sancarı salamlayırıq”. Xalq yazıçısı Anar Əziz Sancarı növbəti səfərlərinin birində Azərbaycan Yazıçılar Birliyinə dəvət edib.

AR ETN Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev isə çıxışında Azərbaycan-Türkiyə elmi əlaqələri haqqında danışıb, ikitərəfli əməkdaşlığın inkişafında Əziz Sancarın mühüm rolunu vurğulayıb.

Çıxışlardan sonra professor Əziz Sancar alqış sədalarının müşayiəti ilə tribunaya qalxıb. Səfərə görə AMEA rəhbərliyinə, bütün azərbaycanlı qardaşlara təşəkkürünü bildirən Əziz Sancar hər zaman sevgi və sayğı ilə qarşılandığını söyləyib. Bildirib ki, Azərbaycana hər gəlişində Türkiyəyə gəldiyi kimi, sevinclə, məmnunluqla gəldiyini bildirib. “Azərbaycan mənimçün Türkiyə qədər önəmlidir və yaxındır”, Nobel mükafatçısı əlavə edib. “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda elmi məruzə ilə çıxış edib. Nobel mükafatçısı qeyd edib ki, elm insanlığa, bəşəriyyətə xidmət etməlidir. Alim çıxışında “elmi fəaliyyət necə qurulmalıdır” sualına toxunub, Türk dünyasında elmi əlaqələrin inkişafının vacibliyini vurğulayıb. “Xəyalım Türk dünyasının birliyini görməkdir”, - deyən professor bu istiqamətdə bütün türk dövlətlərini ziyarət etdiyini, görüşlər keçirdiyini bildirib. Nobel mükafatı laureatı çıxışında əsas elmi prioritetlərin müəyyənləşdirilməsi, oğlan və qızların bərabər təhsil hüquqlarının təmin olunması, nəzəriyyələrin təcrübədən keçirilməsi, alimlərin təşviq edilməsi kimi tövsiyələrini də səsləndirib. Elmin inkişafı ilə bağlı Çin nümunəsindən bəhs edən Əziz Sancar son 20 il ərzində Çin alimlərinin Nobelə doğru necə inamla irəliləməsini, çinli alimlərin elmi məqalələrinin dünyanın ən reytinqli jurnallarında ön sırada dərc olunduğunu faktlarla sadalayıb. Təkcə Türkiyənin deyil, ümumilikdə Türk dünyasının Çin nümunəsindən bəhrələnməsini faydalı sayıb. Eyni zamanda qızların təhsilinə xüsusi önəm verilməsinin zəruriliyindən bəhs edib, Azərbaycanın bu məsələdə xeyli irəli getdiyini məmnunluqla qeyd edib.

Daha sonra AMEA-nın akademik-katibi, akademik Arif Həşimov AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasının qərar layihəsini səsləndirib. Akademik Arif Həşimov Əziz Sancarın AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Fəxri fərmanına layiq görüldüyünü söyləyib.

Sonra akademik İsa Həbibbəyli Azərbaycan elminin inkişafına və Türk dünyasında əlaqələrin möhkəmlənməsində verdiyi töhfələrə görə Əziz Sancara AMEA-nın Fəxri fərmanını təqdim edib.

İclasda akademik Gövhər Baxşəliyeva və AMEA-nın müxbir üzvü Vəli Hüseynov çıxış edərək təkliflərini səsləndiriblər. Gövhər xanım Əziz Sancarın məruzəsinin “Elm” jurnalında dərc olunmasını təklif edib. V.Hüseynov isə Əziz Sancar adına mükafatın təsis edilməsi və elmi uğurları olan alimlərin həmin mükafata layiq görülməsi təklifini səsləndirib.

Sonda akademik İsa Həbibbəyli çıxış edərək bugünkü iclası Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə olduğunu, bütövlükdə Türk dünyasının birliyinin təmin olunmasına öz töhfəsini verəcəyini bildirərək tədbirə yekun vurub. Tədbirin sonunda millət vəkilləri, AMEA İdarə Heyətinin üzvləri, gənclər dünyanın ən sadə insanlarından biri olan Əziz Sancarla xatirə fotoları çəkdirdilər. 

“Yeni Müsavat” əməkdaşı olaraq biz də fürsəti əldən vermədik və istisna hal kimi dünya şöhrətli Nobel mükafatçısından eksklüziv olaraq suallarımıza cavab almaq istədik. Azərbaycana budəfəki səfəri ilə bağlı təəssüratlarını bölüşən Əziz Sancar “budəfəki səfərimdə ilk dəfə Naxçıvanı ziyarət etdim. İlk dəfə Naxçıvanı gördüm, çox məmnun oldum, çox bəyəndim”, söylədi. Sonra isə “İndi ən böyük məsələ budur: Qarabağ bizimdir. Qarabağ zəfəri hər kəsin düşüncəsindədir. Artıq o əndişəmiz yoxdur”- deyə Nobel mükafatçısı Azərbaycanın Vətən savaşında qazandığı, böyük Atatürkün İstiqlal savaşından sonra Türk dünyasının ən böyük zəfəri hesab etdiyi qələbələrindən bəhs edərkən “Yeni Müsavat”a bildirdi.

 

Elşad Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR