Onlayn ictimai-siyasi qəzet
“Danışıqlar zamanı bəzi məsələlər razılaşdırılıb, bəziləri isə razılaşdırılmamış qalıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Gevorq Papoyan sülh sazişinin imzalanması ilə bağlı prosesi bu cümlə ilə təsvir edib.
“Niyə üç ay əvvəl sülh sazişi imzalanmayıb və ya indi imzalanmır? Çünki bizim üçün qırmızı xətt olan və ətrafında razılaşma olmayan məsələlər var. Məsələn, onlardan biri odur ki, Ermənistanın ərazisi 29800 kvadrat kilometrdir, bu dağdan, bu vadidən, bu çaydan keçir və s. İkincisi, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi ilə bağlı konkret və aydın beynəlxalq mexanizmlər olmalıdır. Hazırda bununla bağlı razılaşma yoxdur. Amma bütün bunlar ətrafında söhbət gedirsə, heç olmasa, bu, müharibədən yaxşıdır”, - deyə Papoyan bildirib.
“Əgər Ermənistan artıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, Bakı və Xankəndi başqa nəyi müzakirə edəcəklər?” sualına erməni deputat belə cavab verib: “Təkcə Azərbaycan deyil, həm də Azərbaycana tərəfdaş ölkələrin Ermənistana qarşı ərazi ambisiyaları var. Ona görə də biz bir-birimizin ərazi bütövlüyünü tanıyanda heç olmasa 29800 kvadrat kilometr ərazimizin məsələsini həll etmiş oluruq. Əgər siz Azərbaycanın ərazi bütövlüyünü tanımırsınızsa, o da sizin ərazi bütövlüyünüzü tanımaz. Yoxsa yeni müharibə istəyirsiz?
Qarabağ məsələsinə gəlincə, indiki mərhələdə biz heç olmasa əmin olmalıyıq ki, orada insanlar Azərbaycanın təklif etdiyi şərtlərlə deyil, təhlükəsiz yaşasınlar. Üstəlik, Bakı və Xankəndi bütün bunları öz aralarında müzakirə etməlidirlər və o zaman Xankəndinin mövqeyi qat-qat güclü olacaq. Azərbaycan və Ermənistan beynəlxalq ictimaiyyətin gözündə Azərbaycan ərazisi hesab etdiyi məsələni müzakirə edir. Burada bizim mövqelərimiz xeyli zəifləyib”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ