İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə Arayikin taleyindən dərs götürmürsünüz? - Ermənistan yüz illik səhvi təkrarlayır

Azərbaycanın Vətən müharibəsində qələbəsini həzm edə bilməyən Ermənistan riyakar sülh bəyanatları fonunda hələ də silahlanmağa davam edir.

Baş nazir Nikol Paşinyan bir yandan Ermənistanın sülh üçün təşəbbüs göstərdiyini deyir, digər tərəfdən isə ölkəsinin müxtəlif dövlətlərdən silah alması ilə bağlı faktlar üzə çıxır.

Sülh müqaviləsinin imzalanmasını hər bəhanə ilə uzadan Paşinyan dünyaya özünü və hökumətini konstruktiv, sülhpərvər və pozitiv göstərməyə çalışır. Əslində isə onun hərəkətləri siyasi artislikdən başqa bir şey deyil. Əks təqdirdə hələ aylar öncədən yazdığımız kimi, Ermənistan niyə sürətlə silahlanmağa can atsın ki...

Hələ ötən il Azərbaycan mətbuatı silahlanmya dair konkret və dəqiq faktları ortaya çıxarmışdı. Silahlanma ilə bağlı Ermənistanın Hindistan və Cənubi Koreya ilə hansı danışıqları apardığı məlumdur. Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy "SputnikARM"a bildirmişdi ki, İrəvan Hindistanın 155 mm kalibrli ATAGS silah dayaqlarının yeni təchizatında maraqlıdır. Ekspert qeyd etmişdi ki, Ermənistan həmçinin təxminən 250 milyon dollar dəyərində "Pinaka" raket buraxılış qurğularının alınmasını nəzərdən keçirir.

Armen Qriqoryan niyə Xarici İşlər Nazirliyinə ezam olunub?

Armen Qriqoryan

Ötən ilin sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirmişdi. Ondan iki gün sonra isə ölkənin müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə getmişdi.

Seuldakı danışıqlardan sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunmuşdu. Xüsusilə, tankların alınması imkanları nəzərdən keçirilmişdi. Söhbət K1 və K2 Qara Pantera tankından, digər silah növlərindən gedirdi.

Amma məsələ təkcə Cənubi Koreya ilə məhdudlaşmırdı. Ermənistanın silah almaq istədiyi ölkələr sırasına Yaponiya da var.

Silahların alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti bu ölkəyə getmişdi.

Hərbi təyyarələr Zəngəzura nə üçün gəlib? | KONKRET

ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilmişdi.

Paşinyan beynəlxalq kürsülərdə pozitiv və sülhpərvər arzuları ifadə edir, reallıqda isə yeni eskalasiyaya hazırlaşan, hər vəchlə sülhdən yayınan Ermənistan hökumətini görürük. Bunu yaxın günlərdə mətbuata müsahibə verən erməni əsilli sabiq deputat Garo Paylanın da dedikləri sübut edir.

Erməni siyasətçinin çıxışından bəzi məqamlara nəzər salaq: “İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-nin köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq”.

Əgər erməni əsilli bir siyasətçi bu fikirləri açıq şəkildə dilə gətirirsə, deməli, Ermənistan hökumətinin düşündüyü, lakin dilə gətirməyə risk etmədiyi müharibə, hücum niyyəti var.

Sabiq prezident Baydenin dönəmində ABŞ-ın bütün siyasi emissarlarının İrəvana axışması, işğalçı ölkəyə dəstək vermələri, separatçıların yanında olduqlarını hər addımda göstərmələri nahaq deyildi.

Əlbəttə ki, Bayden administrasiyasının Ermənistana yardımları müharibə həvəsindən, ermənilərlə həmrəylikdən qaynaqlanırdı.

Əks təqdirdə ABŞ və Fransa hərbçilərinin Ermənistanda, xüsusən də Zəngəzurda, Azərbaycanla sərhədə yaxın ərazilərdə yerləşdirilməsi nəyə xidmət edirdi? Sülhü regiona təpədən-dırnağa qədər silahlanmış NATO hərbçilərimi gətirəcək?

Avropa İttifaqının (Aİ) hərbi məqsədli 270 milyon avro, ABŞ-nin isə 67 milyon dollarlıq maliyyə ayırması da Ermənistanın xoş olmayan məqsəd üçün bəsləndiyindən xəbər verir.

ABŞ və Avropa İttifaqı heç bir ölkəyə sülh və əmin-amanlıq aparmır"

ABŞ, Avropa İttifaqı və Ermənistan arasında ötən ilin aprelin 5-də Brüsseldə imzalanan 20 maddəlik sənəddən bəzi məqamları xatırlatmaq istərdik. Sənəddə bildirilib ki, Ştatlar İrəvana Strateji Müdafiə İcmalının aparılması və bu ölkə üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək.

ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, sərhəd nəzarəti və təhlükəsizliyini gücləndirmək üçün lazımi yardım göstərəcək, xüsusilə İranla sərhədə diqqət yetirəcək. ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək.

Göründüyü kimi, Qərb Ermənistanı silahlandırır və müharibəyə şirnikləndirir. Ermənistan cəmiyyəti tarixdən dərs çıxarmaq əvəzinə ABŞ və Fransanın çaldığı musiqiyə oynamağa davam edir. Lakin Paşinyan hökuməti unutmamalıdır ki, dəmir yumruq yerindədir, separatçılar bundan sonra heç zaman baş qaldıra bilməzlər! Baş qaldıranları Arayik Arutyunyanın, Ruben Vardanyanın və digərlərinin taleyi gözləyir.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR