İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikah yaşının artırılması erkən evliliyi önləyəcəkmi - rəy

Kəmalə Ağazadə: “Erkən nişanlılıq məsələsində də inzibati cəza tətbiq edilməsinin zamanıdır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılmasını təklif edib. Qeyd edilib ki, Ailə Məcəlləsinin 10-cu maddəsində (üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) istisna meyarlarının göstərilməməsi hüquqi baxımdan qeyri-müəyyən hal olaraq qiymətləndirilir. 

Bunu nəzərə alaraq, qanunvericilikdə nikah yaşının azaldılmasına əsas verən üzrlü səbəblərin dəqiqləşdirilməsi və ya nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması təklif olunur.

Bu arada Bakı şəhərinin 12 rayon icra hakimiyyətinin 2022-2023-cü illər nikah yaşının 1 il azaldılması ilə bağlı statistikası açıqlanıb. 12 rayon üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 15 müraciət daxil olub. Hamiləlik, uşağın doğulması və digər üzrlü hesab oluna biləcək səbəblər araşdırılmış, nəticə olaraq 2023-cü ildə 9 müraciət üzrə (Sabunçu rayonu 4, Xəzər 3, Suraxanı rayonu 2) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib. Müraciətlərlə əlaqədar vətəndaşlarla profilaktik söhbətlər aparılıb, ailələr nəzarətə götürülüb, qanunvericiliyin tələbləri izah edilib və erkən evliliyin qarşısı alınıb. 2022 ci ildə 5 müraciət üzrə icazə verilib. Bu da onu göstərir ki, 2023?cü ildə erkən evliliklə bağlı müraciətlər üzrə icazələrin sayı artıb.

Rayonların 2023-cü il üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı statistikaya gəlincə, yerli rayon icra hakimiyyətlərindən aldığımız məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022 ci ildə 269) erkən evliliyin qarşısı alınıb. 

Qeyd edək ki, hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər.

Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir.

Qeyd etdiyimiz kimi, Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

Bəs qanunda nəzərdə tutulan 1 illik güzəştin ləğvi erkən nikahları nə dərəcədə önləyə bilər? 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Qanunda nəzərdə tutulan 1 illik güzəştin ləğvi ilə bağlı məsələ artıq bir neçə ildir ki, gündəmdədir. Azərbaycan Uşaqlar Birliyi olaraq hər zaman bu məsələnin tərəfində olmuşuq. Bəzən olub ki, il ərzində 100-ə yaxın erkən nikahın qarşısını almışıq. Halbuki qanunvericilikdə nikah yaşı 17-18 yaş arasıdır.

Hesab edirəm ki, Milli Məclisdə qanunda nəzərdə tutulan 1 illik güzəştin ləğvi ilə bağlı təklif qəbul olunarsa, müsbət nəticələrimiz olacaq, erkən nikahların qarşısı alınacaq.

Statistikadan da görürük ki, erkən nikahlılar arasında boşanma halları yüksəkdir. Həmçinin erkən nikahların fəsadları ucbatından ortalıqda qalan uşaqların da sayı yetərincədir.

Burada daha bir problem erkən nişanlılıq məsələsidir. Artlq erkən  nişan, “ad qoydu” məsələsini tənzimləmək, inzibati cəza tətbiq etməyin zamanıdır. Bu cəza sutkalıq həbs, böyük cərimə və yaxud  valideyn hüquqlarının məhdudlaşdırılması şəklində ola bilər. Belə olduqda valideyn anlayacaq ki, buna görə həbs oluna, böyük məbləğdə cərimələnə və yaxud övladından məhrum ola bilər".

Kəmalə Ağazadə haqqındakı ittihamlara cavab verdi – VİDEO - GlobalInfo.az

Kəmalə Ağazadə qeyd edib ki, aparılan operativ tədbirlər sayəsində son zamanlar erkən nikahların azalması müşahidə olunur: “Lakin bölgələrdə bu məsələ ilə bağlı çox böyük iş aparılmalıdır.

Məlum olduğu kimi, bir neçə gün öncə Hacıqabulun Abdulabad kəndində 17 yaşlı nişanlı qız intihar etdi. Bu intiharın səbəbi haqda hələ ki konkret təfərrüat yoxdur. Lakin həmin Abdulabad kəndindən bizə gələn məlumatlardan belə aydın olur ki, kənddə 15-16 yaşında nişanlanmayana pis baxılır. Demək ki, hər bölgənin özünəməxsus qaydaları, ənənələri var. Həmin ənənələrin üstündən xətt çəkib,  qanunu önə çxıartmaq lazımdır və qeyd etdiyim kimi, bununla da bağlı çox ciddi iş aparılmalıdır".

Xalidə GƏRAY,

“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR