İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neytrallığa yer yoxdur. Neytrallıq etinasızlıqdır”

BMT Baş Məclisinin 21 sentyabr iclasına video formatında qatılan Ukrayna prezidenti Vladimir Zelenski beş bənddən ibarət sülh formulu irəli sürüb. Novator.az-ın məlumatına görə, dövlət başçısı deyib ki, sülhün ilk şərti dövlət sərhədinin pozulmasının cəzasız qalmamasıdır: “Bunun üsulları sanksiyalar – təcavüzkarla ticarətin qadağan olunması, onun veto hüququnun alınmasıdır. Təcavüzkar ölkənin vətəndaşları xaricə səyahət imkanından məhrum edilməli, müharibə günahkarlarının cəzalandırılması üçün tribunal qurulmalıdır.

İkinci şərt yaşamaq hüququnun qorunmasıdır. Hər bir dövlətin öz vətəndaşlarının həyatını qorumaq hüququ olmalıdır.

Üçüncü şərt təhlükəsizliyin və ərazi bütövlüyünün bərpası, həmçinin nüvə və ərzaq təhlükəsizliyidir.

Dördüncü şərt təhlükəsizliyə təminat, beşinci şərt müdafiə olunmaq əzmi və dəstək vermək əzmidir.

Bizim formulda neytrallığa yer yoxdur. Neytrallıq etinasızlıqdır”.

Vladimir Zelenski 1978-ci ildə doğulub. Hüquq üzrə ali təhsil alıb, ancaq heç vaxt öz ixtisası üzrə işləməyib.

1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub.

2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb, 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.

2019-cu ildə prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski ikinci turda qalib gəlib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını zəbt edib. Martın 16-da Krımın Rusiyaya birləşməsi üçün qanunsuz referendum keçirilib. Martın 18-də Rusiya Krım Muxtar Respublikasını və yarımadadakı Sevastopol şəhərini özünə birləşdirdiyini bəyan edib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini tutaraq iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində qurulan işğalçı rejimlər sentyabrın 20-də Rusiyaya birləşmək referendumları təyin edib. Bu qanunsuz səsvermələri sentyabrın 23-dən 27-dək keçirmək nəzərdə tutulur.

Sentyabrın 21-də televiziya ilə xalqa müraciət edən Rusiya prezidenti Vladimir Putin Ukraynadakı “referendumlara” dəstək ifadə edib. Dövlət başçısı Ukraynada aparılan hərbi əməliyyatların effektini artırmaq üçün qismən səfərbərliyi nəzərdə tutan fərman da imzalayıb.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın qurumun qərarlarına veto qoymaq hüququ var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR