İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu haqda həbs qərarı dondurula bilər - maraqlı gəlişmə

G7 ölkələrinin liderləri çətin seçim qarşısında qalıb: Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair orderi icra etmək, yaxud Yaxın Şərqdəki münaqişənin həlli üçün onunla əməkdaşlığı davam etdirmək? 

“Il Messaggero” xəbər verir ki, Qəzza və Livandakı müharibə, eləcə də İranla münasibətlərin pisləşməsi Qərb dövlətlərini güzəştə getməyə sövq edir. İtaliyanın xarici işlər naziri Antonio Tajaninin vurğuladığı kimi, beynəlxalq öhdəliklərə əməl etmək öhdəliyi praqmatizmlə birləşdirilməlidir. “Netanyahunun həbsi bizi sülhə yaxınlaşdırmayacaq”, - nazir deyib və əlavə edib ki, İtaliya hökuməti hərbi əməliyyatların davam etdiyi müddətdə orderi müvəqqəti olaraq dayandırmağa meyillidir. Beləcə, G7 ölkələrinin mövqelərinin bölündüyü ortaya çıxıb. Haaqa Məhkəməsinin yurisdiksiyasını tanımayan ABŞ müzakirədə iştirakdan yayınır. Böyük Britaniya isə əksinə, sərtlik nümayiş etdirir: London hətta İsrail liderinin həbsi lazımdırsa, öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Lakin belə fikir var ki, praktikada Netanyahunun təcrid ssenarisi bölgədə atəşkəsə nail olmağı çətinləşdirə bilər. Öz növbəsində İtaliya pərdə arxasında “ikili yol” təklif etdi: diplomatiyaya üstünlük verərkən məhkəmənin qərarına hörmət. Tajaninin sözlərinə görə, İtaliya Netanyahunun həbs riski olmadan danışıqlarda iştirakını davam etdirməsinə imkan verəcək şərtləri razılaşdırmağa çalışacaq. Mümkün tədbirlərə toxunulmazlığın verilməsi və Avropaya səfərlərin məhdudlaşdırılması daxildir. Öz növbəsində Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, BCM Netanyahunun həbsi üçün verdiyi orderə baxmayaraq, o, Fransaya səfər edərsə, dərhal həbs olunmayacaq. Bu xüsusda “New York Times yazıb: ”Fransa XİN-in sözçüsü bildirib ki, Netanyahunun həbsi məsələsi mürəkkəb hüquqi prosedurları əhatə edir və bu qərar məhkəmə orqanlarının səlahiyyətindədir. O əlavə edib ki, İsrail BCM-in Roma Statutunu imzalamadığı üçün Netanyahunun diplomatik toxunulmazlıq statusu nəzərə alınmalıdır". 

Belə çıxır ki, haqqında analoji qərar çıxarılmış Putin də Fransaya gəlsə, həbs olunmaya bilər? Çünki Rusiya da BCM-ə qoşulmayıb, Roma Statutunu imzalamayıb. Belə çıxır ki, BCM-ə üzv ölkələrin qurumun həbs orderini dondurmaq hüququ var? Eyni yanaşma BCM-in haqqında həbs orderi verdiyi Putin haqda da mümkünmü?

Arzuxan Əlizadə Avropa Parlamentinə seçkiləri müşahidə edəcək - DƏVƏT -  AKTOR.az

Arzuxan Əlizadə 

Deputat, AMİP sədri Arzuxan Əlizadə bu məsələ ətrafında çox vacib məqamları “Yeni Müsavat”a çatdırdı: “Məlumdur ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Yoav Qallant barəsində həbs qərarı çıxarıb. Lakin bu qərarın icra mexanizmi kifayət qədər mürəkkəbdir. Ona görə də, hər iki şəxsin həbsi faktiki olaraq mümkünsüz görünməkdədir. Məsələ burasındadır ki, Beynəlxalq Cinayət Məhkəməsinin özü 1998-ci ildə Roma Statutu kimi tanınan müqavilə əsasında yaradılıb. Həmin müqaviləyə əsasən Beynəlxalq Cinayət Məhkəməsi dövlətləri deyil, yalnız ayrı-ayrı şəxsləri mühakimə etmək səlahiyyətindədir. Məhz həmin müqaviləyə əsasən dövlət törədilmiş cinayətlər haqqında öz daxili məhkəmələrində araşdırmalar aparmalı və müvafiq qərar verməlidirlər. Burada təbii ki, söhbət üzv dövlətlərdən gedir. Yeri gəlmişkən burada söhbət Roma Statutuna qoşulan  160-a yaxın dövlətdən gedir. Digər tərəfdən baxsaq, həmin müqavilənin 27-ci bəndi özülüyündə bu həbsi müəyyən qədər mümkünsüz edir. Həmin maddənin birinci bəndində qeyd olunur ki, məhkəmənin yurisdiksiyasına aid olunan şəxs hər hansı bir dövlətin başçısı, yaxud seçilmiş nümayəndə, yaxud da parlament üzvü və s. ola bilər. Hansı səlahiyyətli şəxs olmasından asılı olmayaraq, bu məhkəmənin yurisdiksiyasına düşür. Amma elə həmin 27-ci maddənin ikinci bəndində belə bir müddəa nəzərdə tutulur ki, barəsində həbs qərarı verilmiş şəxs Roma Statutunu imzalamamış dövlətə aid bir şəxsdirsə, o zaman həmin şəxsin həbs olunması ilə bağlı mənsub olduğu dövlətin hüquq mühafizə və məhkəmə orqanlarının razılığı olmalıdır. Əks halda həmin şəxs beynəlxalq hüquqla nəzərdə tutulmuş toxunulmazlıq immunitetinə sahib olur. Roma Statutuna üzv olmayan bir ölkənin istənilən şəxsi digər dövlətin ərazisində həbs olunarsa, qərar icra edilərsə, o zaman beynəlxalq hüququn normaları pozulmuş olur. Yəni həmin şəxsin toxunulmazlıq hüququ beynəlxalq hüquqla nəzərdə tutulub. Toxunulmazlıq hüququ pozulmaqla şəxs həbs edilə bilər ki, bu da ciddi diplomatik münaqişəyə səbəb ola bilər. Məlumdur ki, İsrail Beynəlxalq Cinayət Məhkəməsinin  yurisdiksiyasına aid deyil, yəni Roma Statutunu imzalamayıb. O səbəbdən Netanyahunun hansısa dövlətin ərazisində həbsi beynəlxalq hüququn ona vermiş olduğu toxunulmazlıq hüququna tərs kimi qəbul oluna bilər. Buna getmək dövlətlər arasında ciddi problemə səbəb ola bilər deyə bu addımın faktiki olaraq atılması mümkünsüzdür. Eyni zamanda onu da diqqətə almaq lazımdır ki, böyük yeddilik ölkələrində də bu məsələ, yəni Netanyahu və Qallantın həbs qərarı ilə bağlı fikir yetkil deyil. Amerika özülüyündə bu qərarla bağlı münasibət bildirmir. Faktiki olaraq Amerika Roma Statutunun üzvü deyil. Onun üçün də Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını icra etmək məcburiyyətində də deyil. Amma Fransa, İtaliya və digər dövlətlərdə bu məsələ ilə bağlı fikir ayrılıqları mövcuddur. Əsas kimi o gətirilir ki, bu həbs ümumilikdə münaqişənin qarşısını almaq iqtidarında deyil. Bu danışıqları birbaşa pozmuş ola bilər. Ümumilikdə atəşkəslə bağlı gedən danışıqları, atılan addımları faktiki sıfırlamış olar. Ona görə də, siyasi cəhətdən bu məqsədə uyğun deyil deyə ayrı-ayrı, böyük dövlətlərin yanaşmasında fərqlər var. Elə bu səbəbdən Putinin özünü də həbs etmək mümkünsüzdür. Çünki, bilirsiniz ki, Rusiya da Beynəlxalq Cinayət Məhkəməsinin  yurisdiksiyasını tanımayıb, Roma Statutuna qoşulmayıb. Onun üçün Putinin özünün həbsi də həmin qərarı icra edən ölkə ilə Rusiya arasında ciddi müharibəyə səbəb ola bilər. Ona görə bu addımın reallaşdırılması əslinə qalanda real görünmür. Baxmayaraq ki, Putin ümumiyyətlə, səfərlərdən çəkinir. Sadəcə belə qərarlar haqqında verilən şəxslərin digər ölkələrə səfərlərini önləmək üçündür. Bu belə həm də qiymətləndirilməlidir. Həmin şəxslər göründüyü kimi, belə qərarlardan sonra səfərlər etməkdən çəkinirlər. Əlavə problemlər yaranmasın deyə bu addımlar atılır. Bu qərarların icra edilməsinə inanmıram”.  

Bundan sonra beynəlxalq və milli gündəmin təşkilində xarici qüvvələr  deyil,məhz Azərbaycan özü rol alacaq - RƏY - AZƏRTAC

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə belə qərarların icrasının müharibələrin nəticələrindən asılı olduğunu qeyd etdi: “Necə ki, II Dünya müharibəsi Haaqa Tribunalına müharibə cinayətkarlarının çıxarılması ilə başa çatdı. Ümid edirik ki, rəsmi elan olunmayan, lakin faktiki baş verən III Dünya Müharibəsi cinayətkarları da beynəlxalq tribunalda öz layiqli cəzalarına çatacaqlar. Lakin bu tribunala kimin çıxarılacağını əsasən müharibə nəticələri müəyyən edəcək. Odur ki, indidən Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs orderləri öz hüquqi potensialını doğrultmur. Çünki dünya qütbləşdiyi kimi, bu orderə münasibət də qütbləşib. Bir sıra dövlətlər BCM orderinin tətbiqini dəstəkləsələr də, bəziləri buna qarşı çıxmaq üçün bəhanələr istehsal edir, məsələn Fransa kimi. İsrailin BCM-in Roma statusunu təsdiqləmədiyinə görə  Netanyahu ilə bağlı BCM qərarının əsassız olduğunu iddia etmək qədər absurd yanaşma ola bilməzdi. Əslində bu qərarın icra olunub-olunmaması həm də, faktiki olaraq, beynəlxalq hüquq sisteminin real olaraq işləyib-işləmədiyini göstərir. Göstərir ki, beynəlxalq hüquq sadəcə olaraq güclü olan tərəfdən yanadır. İsrail mediası tərəfindən Netanyahunun həbs orderinə münasibətdə dövlətlərin mövqelərinin xəritəsi hazırlanıb. BCM qərarını dəstəkləyən və Netanyahunu həbs etməkdə iddialı görünən dövlətlər sadəcə İrlandiya, Belçika, Türkiyə, Əlcəzair, Fələstin, İordaniya, Cənubi Afrika, Namibiya, İndoneziya, Malaziya, Maldivlər, Çili və Kolumbiyadır. Gördündüyü kimi, barmaqla sayılacaq qədər. BCM tərəfi olan digər dövlətlər çətin bir seçim qarşısındadırlar. BCM qərarına əməl etsinlər, yoxsa İsrailə qarşı ciddi bir mövqe ortaya qoysunlar. Bu vəziyyətdə çoxları müxtəlif bəhanələr ortaya qoyaraq həbs orderini təmin etməməyə üstünlük verəcəyini təxmin etmək olar. Putin bu ilin sentyabrında Monqolustana səfər edəndə bu ölkə BCM tərəfi olduğuna görə Rusiya prezidentini həbs etməməsini beynəlxalq hüquqa hörmətsizlik kimi təqdim etmişdilər. Ermənipərəst Qərb media şəbəkələri Putin Azərbaycana gələndə ölkəmiz BCM tərəfi olmasa belə yenə də tənqid yağışına tutmuşdular. İndi isə, özləri İsrail Baş naziri haqda bənzər situasiya yaşayırlar. Bənzər qərarın qəbulu faktiki olaraq Rusiya Prezidenti Putinin də gələcəkdə eyni presedentdən faydalanmasına şəraiti artırır. Bu, beynəlxalq hüquq sisteminin faktiki işlək olmadığını sübut edir və qlobal nizamın formalaşdırılmasında yeni sistemə ehtiyac olduğunu göstərir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR