İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft hasilatı azalır - restoranların dövriyyəsi kəskin artır

"2025-ci il iqtisadi durğunluqla başlayıb. Artıq ilin ilk 3 ayı ardıcıl olaraq iqtisadiyyat böyümür".

Musavat.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev qeyd edib.

O, diqqəti maraqlı bir məsələyə cəlb edib:

"Daha maraqlı məqam iqtisadi durğunluq şəraitində restoranların dövriyyəsinin kəskin artmasıdır. Rəsmi statistikaya görə, ilin ilk 3 ayında inflyasiyanın təsirləri nəzərə alınmadan ictimai iaşə şəbəkəsinin dövriyyəsi 17 faiz artıb.

Başqa maraqlı məqam odur ki, restoran xidmətlərinin dəyərində 7 faiz artım olub ki, bu da həmin dövrdə qeydə alınan rəsmi inflyasiya göstəricindən (5,6 faiz) daha yüksəkdir.

AGAYEV.jpg (88 KB)

Təəssüf ki, Azərbaycanda vergi daxilolmalarının sahəvi strukturu açıqlanmır. Əgər bu rəqəm açıq olsa, restoranların qazancları ilə vergi ödəmələri arasında əlaqənin olub-olmadığını da görmək olardı.

Azərbaycanda iqtisadiyyatın və bazarın qanunları çox axsaq bir şəkildə çalışır: iqtisadiyyatda durğunluq var, əhalinin gündəlik tələbat mallarına (xüsusən qidaya) çəkdiyi xərclərdə cüzi artım var, amma rəsmi statistika bəh-bəhlə restoran dövriyyəsində sıçrayışlı artım açıqlayır".

Ekspert həmçinin neft hasilatındakı azalmanı qeyd edib:

"Hesabatdan aydın olur ki, neft hasilatında uzun müddətdir başlayan azalma bu il də eyni sürətlə davam edir. Ötən ilin eyni dövrünə nisbətən 400 min ton azalma var. Əgər hasilatdakı kiçilmənin bu tempi il boyu qalsa, ilin sonuna ən azı 1,5 milyon ton azalma görəcəyik. 2020-2024-cü illərdə Azərbaycanın xam neft istehsalı 5 milyon azalıb.

Əgər builki gözlənilən azalma baş verəcəkcə, son 5 ildə 7 milyon tona yaxın, yaxud 20 faiz azalma qeydə alınacağı realdır.

2015-2020-ci illər aralığında da 7 milyon ton azalma baş vermişdi.

Əslində qlobal pandemiya və Rusiya-Ukrayna müharibəsi baş verməsə idi, qaz hasilatındakı sürətli artıma baxmayaraq, Azərbaycan postneft erasının ayaq səslərini çox erkən hiss edəcəkdi. Əgər qlobal hərbi qarşıdurmalar olmasa, yaxın dövrdə enerji bazarında "qiymət köpükləri"nin əriməsi resursdan asılı ölkələr üçün problemləri daha çox hiss etdirəcək.

Bu prosesə əsas töhfə elektromobilləşmənin sürətlə genişlənməsindən və qlobal iqtisadi artımın zəifləməsindən gələcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR