Onlayn ictimai-siyasi qəzet
OPEK+ razılaşmasının iştirakçısı olan 8 ölkənin may iyunda gündəlik hasilatı 411 min barel artırmaq qərarı həftənin ilk hərraclarında neft qiymətlərinin enişini sürətləndirib. Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyul ayı üçün fyuçerslərinin qiyməti 2,20 dollar və ya 4 faiz ucuzlaşaraq 69,09 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX birjasında 2025-ci ilin iyun ayında tədarük üçün nəzərdə tutulan WTI markalı xam neftin fyuçersləri 4,88 faiz azalaraq 56,03 dollar olub.
Qeyd edək ki, OPEK+ ölkələrinin iyundakı hasilatla bağlı görüşü bu gün keçirilməliydi. Lakin gözlənilmədən onun vaxtı mayın 3-nə keçirildi və hasilatın 3 aylıq artırılması planına bərabər olan həcmdə çoxaldılmasına dair qərar qəbul edildi.
İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, qərarın verilməsinə Səudiyyə Ərabistanı səbəb olub – rəsmi Ər-Riyad Trampın səfərindən öncə neft qiymətlərini ucuzlaşdıran qərar alaraq Ağ Evin tələblərindən birini yerinə yetirib: “Trampın səs-küylü qərarlarına, şou xarakterli addımlarına baxmayın – bu görünən tərəfdir, Tramp və komandası seçkidən 1 il öncə nə elan etmişdisə, hamısını bir-bir edir, qərarlar gözlənilməz deyil, kimlərsə bu qərarları “spontan” adlandırırlarsa, ya qərəzlidirlər, ya analitik qabiliyyətləri yoxdur.
Trampa ucuz neft niyə lazımdır:
1) Rusiya, İran və Venesuelaya ən böyük təzyiq neft qiymətləridir, ucuz neft bu ölkələri daha tez anlaşmalara getməyə vadar edir;
2) Neftin ucuzlaşması benzin-dizelin ucuzlaşması deməkdir ki, avtomobil ölkəsi olan ABŞ-da orta statistik seçicinin ən çox önəm verdiyi amil məhz 1 qallon benzinin-dizelin qiymətidir (1 qallon = 3,8 litr). Ucuz benzin-dizel inflyasiyanı cilovlamaqda, qiymətləri aşağı çəkməkdə ciddi rol oynayacaq, çünki, ABŞ daxilində yükdaşımaların yarıdan çoxu məhz avtomobillərlə həyata keçirilir,
3) ABŞ neft hasilatı üzrə dünya lideridir, gündəlik hasilat qrtıq 13,5 milyon barreli keçib, ABŞ-da çox böyük neft ehtiyatları var, hasilatın yenidən artırmaq üçün fürsət yaranıb, çünki, ABŞ-da hasilatın maya dəyəri yeni texnologiyaların və medotların tədbiqinə görə son 10 ildə 3 dəfədən çox ucuzlaşıb. ABŞ neft hasilatını 15-16 milyon barrelə çatdıra bilər, bunun üçün neft qiymətlərinin 50-55 dollar arası olması kifayətdir;
4) ABŞ neftdən asılı ölkə deyil, ona görə də neftin ucuzlaşmasından ancaq udur, bəzi şirkətləri ucuz neftdən narahat ola bilərlər, amma onlar üçün də vergi güzəşətləri, hasilat üçün icazələrin ucuz və asan olması kimi təşviqlər var, daha da artırılacaq;
5) Neftin (yanacağın) ucuzlaşması ABŞ-da “multiplikativ effekt” yaradır, bir çox sahələrdə, məsələn, aqrar, neft-kimya, turizm maya dəyərinin düşməsinə, iqtisadi canlamanın artmasına səbəb olur – amma, bu effekt qiymətin uzun zaman aşağı hədlərdə qaldığı zaman üzə çıxır, deməli, yaxın illərdə ucuz neft erası davam edə bilər”.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ