Onlayn ictimai-siyasi qəzet
Sabiq vəzifəli şəxsə qarşı rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə məhkəmə prosesi davam etdirilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin sabiq rəisi Arzu Əliyevin cinayət işi üzrə prosesdə müdafiə tərəfi mövqeyini təqdim edib.
Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçisi Şaiq Mirzəyev çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxs şəkərli diabet, ürək-damar və ağciyər xəstəliklərindən əziyyət çəkir. Havanın kəskin isti keçməsi və istintaq təcridxanasındakı sıxlıq şəraitinin onun səhhətinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Vəkil əlavə edib ki, ibtidai istintaq zamanı verilmiş ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyətlər mövcuddur və Arzu Əliyevin ilkin ifadəsinin təzyiq altında alındığını iddia edib.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə istinad edən müdafiəçi qeyd edib ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməyə və öz əleyhinə sübut təqdim etməyə məcbur edilə bilməz.
İttiham tərəfinin təqdim etdiyi materialların hüquqi əsaslardan məhrum olduğunu bildirən vəkil ittihamların əsassız və sübutlarla təsdiqlənmədiyini vurğulayıb.
Bu səbəbdən o, təqsirləndirilən şəxsə bəraətverici əsaslarla hökm çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxsin digər müdafiəçisi Elxan Azadəliyev həmkarının çıxışına qoşulduğunu bildirib və öz müdafiə çıxışını təqdim etmək üçün məhkəmədən əlavə vaxt istəyib. Bu səbəbdən məhkəmə təxirə salınıb.
İstintaq orqanı tərəfindən müəyyən edilib ki, 2019–2020-ci illər ərzində Arzu Təvəkkül oğlu Əliyev Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəhbəri vəzifəsində işlədiyi müddətdə xidməti səlahiyyətlərindən sui-istifadə edərək, dövlətə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunmasına və həmin ərazilərdə qeyri-qanuni tikinti işlərinin aparılmasına şərait yaradıb. Bunun müqabilində o, ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almaqda ittiham olunur.
Toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ramana qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt olunması və tikinti işlərinin aparılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş materiallar əsasında başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İnarə Hünbət,
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ