İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən "Rusiya silahlarını almayın, keyfiyyətsizdir" xəbərdarlığı - rəqabət, yoxsa

Ekspert: “Ben Uollesin açıqlaması sovet-rus silahları ilə silahlanmış ölkələri yeni bir tələyə salmaq cəhdindən başqa bir şey deyil”

“Rusiyadan silah idxal edənlər onları geri qaytarmalıdırlar”. Bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib. Uollesin fikrincə, rus silahlarına pul xərcləməyə dəyməz.

“Rus silahlarına külli miqdarda pul xərcləyənlərin yerində olsaydım, onları tədarükçüyə qaytarardım. Ukraynada gördüklərimi nəzərə alaraq, mən sizi pulunuzu Rusiya silahlarına xərcləməməyə çağıraram”, - deyə Uolles Sinqapurda təhlükəsizlik konfransında çıxış edərkən deyib. Nazir ardınca NATO ölkələrinin silahlarını “dünyanın ən yaxşılarından biri” adlandırıb. Qeyd edək ki, 44 günlük müharibə zamanı da Rusiya istehsalı olan silah və sistemlərin tərifləndiyi qədər yüksək keyfiyyətdə olmadığı üzə çıxmışdı. 

Bununla belə, aydın məsələdir ki, silah satınalma məsələsi o qədər asan proses deyil. Silahların alınmasına verilən qərarlar əvvəlcədən razılaşdırılmalardan sonra baş verir. Qurumlar beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak edirlər. Ondan sonra rəy formalaşır ki, hansı silah və texnikalar silahlanmaya uyğun sayılır.  O texnikaları işlədəcək təcrübəli mütəxəssislərimiz varmı? Azərbaycanın Rusiya mənşəli silah və texnikanı alması bazamızın olması səbəbindəndir. Texniki avadanlıqların təmir olunması, bunun üçün zavodlar, alınan texnikalara xidmət göstərə biləcək heyət, aviasiya vasitələri olanda pilotların yetişdirilməsi nəzərə alınır. Dolayısı ilə silahın alınması silahın özü ilə bağlı məsələ deyil. Onu işlədəcək mütəxəssislər varsa, onun üzərindən qərar verilir. Pilotsuz uçuş aparatlarını alanda təkcə onu almırıq, həm də onu idarə edəcək heyət əvvəldən ölkələr arasında razılaşmalar əsasında yetişdirilir. Buna da vaxt lazımdır. Azərbaycanın Rusiya mənşəli silah-sursat, texnikaların alması, bu istiqamətdə bazamızın olmasından irəli gəlir. Azərbaycanda döyüş təyyarələri və hərbi helikopterlərin demək olar ki, 90 faizi Rusiyadan alınıb. Keçmişdən bir təcrübəmiz var, əlimizdə aviasiya vasitələri var, bu texnikalara işlədə biləcək mütəxəssislər, heyətlər varsa və bunun üzərində də pilotlar yetişdirilirsə, toplu olaraq onu dəyişməyə qərar vermək olmaz. Silah almaq məsələsi olduqca qəliz prosedurlara əsaslanır. İndiki halda Rusiya silahı və texnikasından başqasına keçidi kütləvi şəkildə etmək nə asandır, nə də mümkün. Xarici ölkələrdən alınacaq silahlar strateji əməkdaşlıq tələb edir. Strateji əməkdaşlıq o deməkdir ki, ölkələr arasında qarşılıqlı inam o səviyyədə olmalıdır ki, kodlaşmaları bir-birilərinə etibar etsinlər. İstehsalçıların əlində o qədər vasitələr var ki, texnikanı satar, günün birində koda müdaxilə edər, aviavasitə kilidlənər. Texnologiya artıq o həddə çatıb.

Britaniya müdafiə naziri düz deyir? Bəs Azərbaycan bu amili nəzərə alırmı? Hazırda hərbi arsenalımızda hansı ölkə silah tədarükünə görə ön yerdədir?

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir | Kaspi.az

Ramil Məmmədli 

Hərbi şərhçi Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Britaniyanın müdafiə naziri Ben Uollesin sovet-rus silahları, silah sənayesi ilə bağlı fikirləri əslində dünya silah ticarəti bazarında rəqabətdən doğur: “Ben Uollesin rəqabətə ingilisvari yanaşmanın təzahürüdür. Peşəkarlar bilirlər ki, hərbi sənaye standartları mövcuddur. Son 70-80 ildə sovet-rus və ABŞ hərbi sənayesi formalaşıb. Ukraynada davam edən müharibə göstərdi ki, hər iki silah istehsalçısı arasında ağır rəqabət mövcuddur. Bu rəqabət mühitini formalaşdıran məqamlardan biri də soyuq müharibə dövründə dünyanın qütbləşməsi olub. Ukrayna müharibəsindən sonra dünyanın bir sıra ölkələri silah-sursat məsələsində ciddi problemlərlə üz-üzə qalıblar. Təkcə silah-sursatın deyil, həmin silah-sursatın əldə edildiyi xammalın əldə olunması ilə bağlı problemlər yaşanır. Bu problem Rusiyanın ölkədən ikili təyinatlı xammalın çıxarılmasının qadağan edilməsindən doğub. Həmçinin ötən il Qazaxıstan da ötən il belə bir qadağanı tətbiq edib. Ben Uollesin açıqlaması rəqabətdən doğur”.

Hərbi şərhçi deyir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan təxminən 70 faiz sovet-rus istehsalı olan silah-sursatlardan, texnikadan istifadə edib: “Xüsusən də raket və artilleriya sistemləri, döyüş-aviasiya vasitələri, müxtəlif çaplı atıcı silahlar, həmçinin kiçik və iri çaplı mərmilər bu siyahıya əlavə oluna bilər. Yerdə qalan 30 faiz məhsullar isə İsrail, Türkiyə və digər ölkələrin payına düşür. Hesab edirəm ki, bu gün, dünyanın heç bir ölkəsinin müdafiə naziri Rusiyanın istehsal etdiyi reaktiv yayıl sistemləri, haubitsalar haqda mənfi fikir söyləyə bilməz. O cümlədən də atıcı silahlar, mərmilər barəsində mənfi fikir söyləyə bilməz. Hesab edirəm ki, Ben Uollesin fikirləri sağlam olmayan təbliğatın tərkib hissəsidir. Hesab edirəm ki, mütəxəssislər bu məsələdə onun fikirləri ilə razılaşmazlar. Əgər vəziyyət onun dediyi kimidirsə, niyə bu gün Şərqi Avropa ölkələri sovet-rus silahlarından imtina etmir? Niyə sovet-rus  müdafiə sənayesinin elmi-nəzəri bazası əsasında hazırlanmış məhsulların əldə olunması üçün ən müxtəlif yollara əl atırlar? Çalışırlar ki, alternativ ölkələr üzərindən satınalmanı həyata keçirsinlər. Ukraynada istifadə olunan silah-sursatın, texnikaların əksər hissəsi məhz sovet-rus sektorunun məhsullarıdır. Hesab edirəm  ki, Ben Uolles rəqibləri haqda həqiqət olan sanballı fikirlər söyləyə bilərdi. Bu gün Qərb hərbi sənayesi müəyyən texnoloji istiqamətlər üzrə öndə ola bilər. Bu, antidron sistemləri üzrə belədir. Amma artilleriya sistemləri, döyüş-aviasiya sistemlərinə bunu şamil edə bilmərik. Bu gün Azərbaycan ordusunun silah arsenalında yer alan məhsulların böyük hissəsi sovet-rus elmi-nəzəri bazası əsasında hazırlanan məhsullardır. Həmin silah-sursatdan, texnikadan 44 günlük müharibə günlərində istifadə olundu. Bu məhsulların hər hansı bir mənfi tərəfdən xarakterizə olunmadı. Bu gün Rusiyanın istehsal etdiyi atıcı silahlarla Qərb ölkələrinin istehsal etdiyi, ABŞ-ın istehsal etdiyi M-1 silahını tərəziyə qoymaq olmaz. Sovet-rus istehsalı olan "Kalaşnikov" avtomatı ilə ABŞ-ın istehsal etdiyi M modifikasiyalı atıcı silahları müqayisə etmək olmaz".

Azərbaycan milli maraqları naminə Rusiya istehsalı olan silahlardan imtina etməlidirmi?

Hərbi şərhçi deyir ki, Azərbaycan dövləti var gücünü ortaya qoymaqla müdafiə sənayesini dirçəltməli, bu sahə üzrə nəinki Rusiyadan, ümumiyyətlə, hər hansı bir ölkədən  asılı olmamalıdır: “Bu gün uzun illər NATO-nun tərkib hissəsinə çevrilən Polşa belə sovet-rus istehsalı olan məhsullardan imtina edə bilmir. Bunun üçün daxili istehsala ehtiyac var. Azərbaycan nə vaxt tank, helikopter, döyüş təyyarəsi istehsal edərsə, bu haqda geniş danışarıq”.

Hərbi şərhçi deyir ki, hərbi təyinatlı istənilən satınalma müəyyən problemlərin formalaşması deməkdir: “Heç bir halda demək olmaz ki, filan ölkə bizim müttəfiqimizdir və Azərbaycan istədiyi silahları ondan ala bilir. Məsələn, Türkiyə 70 ilə yaxındır ki, NATO üzvüdür. ABŞ müdafiə sənayesi məhsulları super olsa da, Türkiyə həmin sistemləri ala bilirmi? Bilmir! Və ya ballistik sistemləri, nüvə başlıqlarını ala bilirmi? Xeyr, sadəcə, satmırlar! Döyüş gəmilərinin mühərriklərini, atıcı, artilleriya sistemlərini ala bilirmi? Yox, satmırlar!”

Hərbi şərhçi deyib ki, ABŞ İraqa hücum edərkən İraq Fransa istehsalı olan “Miraj” təyyarələrini Küveyt üzərinə qaldırıb, lakin həmin təyyarələr döyüş tapşırıqlarını yerinə yetirə bilməyiblər: “Çünki təyyarələrə düşmən tanıma sistemləri quraşdırılmışdı. Küveyt həmin təyyarələrin idarəetmə mərkəzinə yazılan  proqrama görə dost ölkə kimi tanınırdı deyə oradakı hədəflərə atəş aça bilmədi. Eyni problemlə bu gün Türkiyə də üz-üzədir. Ona görə də bütün potensialı ortaya qoyub özünün milli müdafiə sənayesini yaratmağa çalışır. Ben Uollesin açıqlaması sovet-rus silahları ilə silahlanmış ölkələri yeni bir tələyə salmaq cəhdindən başqa bir şey deyil. Ölkələri bir pis tələdən çıxarıb daha pis tələyə salmaq niyyəti güdür”. 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR