İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Ekspertlər deyir ki, bir sıra ərazilərdə nəqliyyatın intensivliyini təşkil etməklə, qanunsuz parklanmaları aradan qaldırmaqla tıxacları əhəmiyyətli dərəcədə azaltmaq mümkündür

Paytaxt Bakının tıxac problemi günbəgün dərinləşir. Gündəlik həyatımızda görürük ki, tıxaclara əsasən obyektlərin, restoranların qarşısında nizamsız parklanmalar, bir çox hallarda avtobusların xaotik hərəkəti, yollarda hərəkətin düzgün tənzimlənməməsi səbəb olur.  

Daxili işlər naziri Vilayət Eyvazov paytaxtda avtomobillərin sıxlığı və yaranan tıxaclarla bağlı göstərişlər verib.

Bu barədə nazir Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.

Müşahidələrə görə, hazırda ən çox tıxac Bakı-Sumqayıt yolunda, 20 Yanvar dairəsi ətrafında, "Koroğlu" metrostansiyası yaxınlığında müşahidə olunur. Burada hərəkəti tənzimləmək təbii ki, yalnız polisin məsuliyyəti deyil. Taksi dayanacaqlarına, avtobus zolaqlarına nəzarəti AYNA və digər müvafiq qurumlar da həyata keçirməlidir.

Ekspertlər deyir ki, bir sıra ərazilərdə nəqliyyatın intensivliyini təşkil etməklə, qanunsuz parklanmaları aradan qaldırmaqla, tıxacları əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Məsələn, ölkədə beynəlxalq tədbirlər keçiriləndə bu işlər görülür və faydasını, effektini də görürük.  

Səfərbərlik Xidmətində təmizləmələr başladı - şöbə rəislərinin ardınca kim  qandallanacaq?

Natiq Ələsgərov 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, respublika üzrə bir çox əhəmiyyətli obyektlər, universitetlər, dövlət qurumları və idarələrinin çoxu məhz paytaxtda cəmləşib: “Bu qurumlar Sumqayıt, Gəncə kimi şəhərlərə paylanmalıdır. Ali məktəblərin əksəriyyəti paytaxtdadır. Bir neçə il əvvəl belə bir ideya var idi. Amma son vaxtlar bu məsələ sanki arxa plana keçib. Vəziyyət elə bir həddə çatıb ki, artıq gecə və gündüz paytaxt tıxac içində itib-batır. Əsəb və stressin sonunun hara gedib çıxacağı da bəlli deyil”. 

Natiq Ələsgərov deyir ki, şəhərin tıxac problemini aradan qaldırmaq üçün inşa olunan  yol ötürücüləri, körpü və tunellərin hansı standartlara uyğun inşa edildiyi məlum deyil. Müşahidələr onu göstərir ki, bu tikintilərin yol nizamlanmasına o qədər də faydası yoxdur: “Paytaxtda yolların planlaşdırılması həyata keçirilməlidir. Bakı Dairəvi Yoluna birləşməli olan paytaxtdaxili yolların tez bir zamanda çəkilməsi vacibdir. Hətta bəzi obyektlər sökülüb, yollar yenidən genişləndirilməlidir. Başqa çıxış yolu yoxdur”.

Natiq Ələsgərov bildirib ki, dünyanın hər yerində iri şəhərlərdə tıxacın əsas səbəbi avtomobillərin sayının getdikcə artmasıdır. İctimai nəqliyyat isə o qədər də ideal deyil: “Eyni zamanda adekvat yol infrastrukturu həyata keçirməliyik. İllərdir ki, müzakirə edilir ki, ölkəmizdə ən böyük problem şəhərsalma, məskunlaşma problemidir. Şəhərdə az qala yeriməyə də yer qoyulmayıb, hər yerdə yeni tikililərə rast gəlirik. Bu cür tikililər şəhəri yükləyir, tıxaclara səbəb olur. Həmçinin yol ətrafının təşkili ilə də bağlı problemlər var. Tıxacların yaranmasında yol hərəkəti iştirakçılarının da səhvləri olur. Bütün bunları istiqamətli olaraq işləmək lazımdır. Tıxac problemi təkcə ölkəmizdə deyil, dünyanın ən inkişaf etmiş ölkələrində problem olaraq qalmaqdadır. Məsələn, hesablamalara görə, hər bir amerikalı tıxaclarda ildə 36, almaniyalı isə 60 saat vaxt itirir. Eləcə də Moskva və İstanbulda insanlar uzun-uzadı tıxaclarda qalmalı olur. Lakin bəzi ölkələrdə tıxac problemi nisbətən öz həllini tapa bilib. Məsələn, Çində şəhər daxilində insanlar daha çox velosipeddən istifadə edir, yalnız uzaq səfərlər zamanı avtomobillərə üstünlük verilir. Nəticədə şəhərin mərkəzində daha az sıxlıq olur. Bakıdakı tıxac problemi şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında da əksini tapıb”... 

Baş Plana görə, 16 ilə görüləcək tədbirlərlə Bakı tıxaclardan xilas ediləcək... 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR