İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda dost-düşmənə verilən mühüm mesajlar

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev “Bir millət, iki dövlət”in əbədi birliyini sarsılmaz edən növbəti layihələrə imza atdılar

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, böyük nümayəndə heyəti ilə Naxçıvana etdiyi səfər, burada Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşü, imzalanan sənədlər, səsləndirilən bəyanatlar Azərbaycan və Türkiyənin qardaşlığının növbəti nümunəsi oldu.

Liderlərin görüşündən sonra İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.  Həmçinin qardaş ölkənin prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.

Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev cənab Ərdoğanın Naxçıvana ikinci dəfə səfər etdiyini xatırladıb və bildirib ki, səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”. Dövlətimizin başçısı ardınca Ermənistanda böyük həyəcan doğuran Zəngəzur mesajını da səsləndirib. Sitat: “Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsus ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qış da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır. Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”.

Dövlətimizin lideri qeyd edib ki, beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib. Prezident ardınca cənab Ərdoğana təşəkkürünü bildirib. Sitat: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında ”Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq". Dövlətimizin başçısı onu da xatırladıb ki, iki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı.

İlham Əliyev deyib ki, Bakı-Tiflis-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Belə ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. “Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Yəni bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir”, - ölkə başçısı deyib. Ölkə başçısı deyib ki, iki qardaş dövlət arasında ticarət dövriyyəsi 15 milyard dollar olaraq hədəflənib və qısa müddətdə ticarət dövriyyəsi təqribən 2 milyard dollardan 6 milyard dollara çatdırılıb.

Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyduğunu bəyan edib. “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. "Bir millət, iki dövlət" şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq", - cənab Ərdoğan deyib. O bildirib ki, İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycanla enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək: “Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı iradəmizi bir daha ortaya qoyduq”. R.T.Ərdoğan “Azərbaycanlı qardaşlarımıza 6 fevraldakı zəlzələlərin yaralarının sağalmasına verdikləri güclü dəstək üçün öz adımdan və millətim adından bir daha təşəkkür edirəm. Varını-yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım etmək üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç vaxt unutmayacağıq”, - deyib.

Türkiyə lideri bildirib ki, Naxçıvanın görkəmli şairi Mehmet Akifin əqidə yoldaşı mərhum Hüseyn Cavidin bir əsr əvvəl etdiyi bu duasının qəbul olunduğunu görməyin xoşbəxtliyini yaşadıq. Ardınca Cavidin “Hər bəladan əsirgə yurdumuzu, Kamran eylə şanlı ordumuzu...” - misralarını xatırladıb. Həmçinin Azərbaycanı zəfərləri münasibətilə təbrik edib: “Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbəsi, həm də mülki şəxslərə göstərdiyi humanist davranışı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər”. Türkiyə Prezidenti İrəvana da mesaj verib: “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”.

Ceyhun Məmmədov: “Ermənistan sülh barəsində yox, daha çox müharibə  barəsində düşünür” | 1news.az | Xəbərlər

Ceyhun Məmmədov 

Deputat  Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən şanlı və şərəfli günlərini yaşayır: “Bu əlaqələrin inkişafında Türkiyə Prezidenti və Prezident İlham Əliyevin müstəsna xidmətləri var. BMT-nin Baş Assambleyasinda Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mövqeyin dəstəkləyən çıxışı heç şübhəsiz ki, bu dəstəyin ən bariz nümunələrindən biri idi. Türkiyə Prezidentinin Naxçıvana səfəri digər səfərlər kimi bu əlaqələri daha da gücləndirəcək”. Millət vəkili qeyd etdi ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub, qardaşlıq dəstəyini göstərib: “Bu səfər bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi. Səfər zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması və hərbi kompleksin açılması da xüsusi önəm daşıyır. Hər iki layihə Naxçıvanın enerji və hərbi təhlükəsizliyinə də mühüm töhfə verəcək. Bu səfər bir daha sübut etdi ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədi və sarsılmazdır”.

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov əməkdaşımıza bildirib ki, Bakı və Ankaranın birliyi, həmçinin Azərbaycanın terrora qarşı apardığı mübarizənin aktual olduğu bir dönəmdə Türkiyə Prezidentinin səfəri ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir. Ekspertin fikrincə, muxtar respublikada imzalanmış sənədlə Qars-Naxçıvan dəmir yolu xəttinin qurulması nəzərdə tutulur ki, bu da Zəngəzur dəhlizinin ən önəmli halqalarından biridir. O əlavə edib ki, bu səfər prosesin qarşısını almağa və Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır. Azərbaycan və Türkiyə Prezidentləri görüş zamanı ölkələrarası iqtisadi əlaqələri prioritet sahə kimi önə çıxardılar: “Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, bu ilin yeddi ayında ticarət dövriyyəsi daha 40 faiz artıb və artım davamlı olacaq. Prezident İlham Əliyev "bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəflənib. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötüb", - deyə bildirib. Bundan başqa, T.İsmayılov qeyd edib ki, artıq Türk dövlətlərinin ortaq hərbi birliyinin yaradılması da aktual məsələlərdəndir. Politoloqun fikrincə, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “3+3" platformasının bundan sonrakı taleyi də səfər zamanı masaya yatırılan əsas məsələlərdən biri ola bilər. Naxçıvan görüşü həm iqtisadi, həm də siyasi baxımdan yeni səhifələr açacaq.

Elşad Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR