İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvana tezliklə qatarla gedə bilərik - Zəngəzur dəhlizi 73 faiz hazırdır!

Ermənistanın işğalçılıq siyasəti səbəbindən 30 ildən çoxdur ki, Cənubi Qafqazda pozulmuş nəqliyyat əlaqələrinin bərpası bu gün artıq regional deyil, qlobal əhəmiyyətli məsələyə çevrilib.

Bu, həm Qərbin, həm Şimalın, həm də region dövlətlərinin maraqlarını təmin edən prosesdir.

Hələlik mümkündür ki, Ermənistan İranın ona qarşı təhdidləri, boş-boş vədləri, yaxud  şirnikləndirməsi səbəbindən, habelə xaricdəki təsir dairələrinin təhriki ilə regionda kommunikasiyaların bərpası üçün iradə ortaya qoya bilmir. Baxmayaraq ki, bu, daha çox onun özünə faydalar verə bilər.

Nəzərə çatdıraq ki, bölgədə kommunikasiyaların bərpası 10 noyabr üçtərəfli bəyanatın mühüm bəndlərindən biridir. Bu səbəbdən sənədin icrasına məsul olan tərəf kimi, Rusiya da bu məsələdə mövqe ortaya qoymalıdır.

Güman etmək olar ki, Rusiya bu məsələdə müəyyən addımlar atılması üçün çalışacaq. Ən azı indiki sıxılmış durumunda bu ona lazımdır. Bunu Rusiyanın xarici işlər nazirinin Bakıda olarkən səsləndirdiyi açıqlama da təsdiqləyir.

Lavrov ölkəsinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin müvafiq üçtərəfli İşçi Qrupun həmsədrləri kimi tezliklə Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında dəmir yolu marşrutunun istifadəsinin bərpası ilə bağlı konkret razılıqlar əldə edəcəklərinə ümid etdiyini söyləyib.

Naxçıvanla dəmir yolu ilə əlaqələrin bərpasına əslində Zəngəzur dəhlizi kontekstində baxmaq lazımdır. Naxçıvanla quru və dəmir yolunun bərpası məhz bu dəhlizin açılmasından keçir. Ermənistan müəyyən dirənişlər göstərsə də, Zəngəzur dəhlizinin açılması mütləq bir prosesdir. Çünki qeyd etdiyimiz kimi, bu, artıq regional deyil, qlobal prosesin böyük bir hissəsidir.

Bu arada məlum olub ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir, artıq başa çatmaq üzrədir.

AAYDA xəbər verib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 73% icra olunub.

Düzdür, Ermənistan hələlik öz ərazisində bu işə başlamayıb. Ancaq heç şübhəsiz ki, qısa müddətdə bu məsələ həllini tapacaq və Ermənistan ərazisinə düşən hissədə işləri maraqlı tərəflər özləri sürətlə tamamlamağa çalışacaqlar.

Burada bir məqamı nəzərə çatdıraq ki, Ermənistan alternativ Laçın yolunun da öz ərazinə aid hissəsini son ana qədər təmir, bərpa etmək istəmirdi. Ancaq son anda - 2022-ci ilin ortalarında bu işi görməyə məcbur edildi...

Proseslərin gedişatı, habelə nikbin bəyanatlar, qaçılmaz reallıqlar onu deməyə əsas verir ki, yaxın 1-2 il ərzində biz Naxçıvana qatarla gedə biləcəyik. Bunu əngəlləyəcək faktorlar demək olar ki, aradan qalxıb.

Naxçıvanla dəmir yolunun bərpası bölgəyə nə vəd edir? Bundan sonra Naxçıvanın böyük turizm potensialından istifadə edə biləcəyikmi? Ən əsası, bunun siyasi dividentləri nə olacaq?

Rəşad Bayramov: “Rusiya narahatdır ki, Azərbaycanla Türkiyə arasında  hərbi-siyasi müttəfiqlik sazişi imzalana bilər” » Ovqat.com

Rəşad Bayramov: “Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır”

Əslən Naxçıvandan olan AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a dedi ki, Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi qələbə geniş geosiyasi məkanda ciddi dəyişikliyə səbəb olub: “Bu prosesin fonunda Zəngəzurdan keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır.

Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Tarixən ticari-iqtisadi və mədəni-mənəvi ünsiyyətin əsas yollarından biri olan qədim Azərbaycan torpağı Zəngəzur keçən əsrin 20-ci illərindən etibarən türk dünyasını ayıran, azərbaycanlı qardaşları bir-birindən təcrid edən, bölgə xalqlarının əlaqələrini kəsən, dünya ticarətinin bu coğrafiyadakı yoluna ciddi əngəl olan bir məkana çevrilib. Məhz bu reallıq prizmasından İkinci Qarabağ müharibəsinin Zəngəzur məsələsində nəinki region, hətta bütün dünya, o cümlədən türk dünyası üçün açdığı yeni imkanları tam təsəvvür etmək mümkündür".

Ekspert Zəngəzur dəhlizinin misilsiz rolundan da danışdı: “Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan, qonşu ölkələr olan Türkiyə, Rusiya və İran "3+3" formatda geosiyasi əməkdaşlıq edərək kommunikasiya xətlərinin yenidən bərpa edilməsi ilə beynəlxalq tranzit daşımalarda yeni iqtisadi ağırlıq mərkəzi yarada bilər. Əlbəttə ki, bu əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin siyasi və iqtisadi önəmi danılmazdır. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layihələri dəyərləndirdikdə Zəngəzur dəhlizi region ölkələrinə daha ucuz alternativ olaraq çıxış edir.

Türkiyə-Azərbaycan üçün, o cümlədən bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi ilə bağlı inteqrasiya layihələri olduqca perspektivlidir. Ona görə də bu layihələrin reallaşdırılması üçün mütləq şəkildə dayanıqlı kommunikasiya əlaqələri olmalı və dayanıqlı inkişaf istehsal mərkəzləri formalaşmalıdır. Bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır ki, bunun nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. Eyni zamanda Naxçıvanla dəhlizin açılması bir istiqamət üzrə də Azərbaycan üzərindən Rusiya ilə İran əlaqələrinin açılması deməkdir və bu, bütövlükdə bölgənin iqtisadi inkişafına, real sektorun istehsal proseslərinin intensiv şəkildə inkişaf etdirilməsinə xidmət edən bir məsələdir.

Konkret Naxçıvana gəldikdə isə Zəngəzur dəhlizinin açılması naxçıvanlılar üçün təkcə Azərbaycanın digər regionları ilə birbaşa quru əlaqələrinin təmin olunması deyil, həm də bu, bölgəmizin regionun nəqliyyat sistemində aparıcı yerə malik olmasına imkan yaradacaq bir fürsətdir. Zəngəzur dəhlizinin blokadadan çıxarılması ilə Naxçıvan regional tranzit xətlərini öz üzərinə çəkməklə, Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq, İpək yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcək. Bundan başqa, Naxçıvan gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə və layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Avropaya daşınmasında açar mövqeyində olacaq.

Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tiflis-Qars dəmir yolu xəttinin uzunluğundan 1,7 dəfə, təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-Tiflis-Qars dəmir yolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaq. Həmçinin Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsi təxminən 343 km qısa olacağı üçün hər iki ölkə arasında turistlərin ikitərəfli yerdəyişməsində Naxçıvan ərazisindən ölkəyə girişin geniş vüsət alacağı gözlənilir. Əvvəlki illərdə Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsindən istifadə edən sərnişinlərin sayı 5-7,5 min nəfər idi. Naxçıvanla quru yolu bərpa edildikdən sonra Azərbaycanın digər bölgələrinə getmək istəyən turistlərin də bu yoldan istifadə etməsi ilə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Ölkəyə girişlərin Naxçıvan vasitəsilə həyata keçirilməsinin genişlənməsi isə dolayı olaraq, Naxçıvanda turizmin inkişafına müsbət təsir göstərəcək.

Digər tərəfdən, Naxçıvanla quru əlaqələrinin təmini ilə Naxçıvan MR Azərbaycanın digər regionlarındakı nəqliyyat şəbəkəsinə qoşularaq, öz məhsullarını Azərbaycanın digər bölgələrinə, həmçinin Avropaya və Asiyaya daha rahat imkanlarla çıxara biləcək. Başqa sözlə desək, nəqliyyat kommunikasiya sisteminin şaxələnməsi ilə Naxçıvan öz iqtisadi inkişafını daha da sürətləndirərək, idxal üçün çəkiləcək xərclərə qənaət edəcək, ixrac həcmini artıracaq, həmçinin böyük bazarlarda tanınmaqla iqtisadi rayona xaricdən investisiya cəlb edə biləcək".

Razi Nurullayev: “Mən xaricə gedəndə qohumlar bir zənbil dərman xahiş edir"

Razi Nurullayev: “Bu istiqamətdə qüsursuz siyasət aparılır”

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev prosesin bir qədər yubanacağını düşünür: “Yaxın 1-2 ildə Naxçıvana gedə biləcəyimizi deməkdə bir az tələskənlik olardı. Məncə, proses bir qədər uzun çəkə bilər. Azərbaycan tərəfində işlər yəqin ki, 1-2 ilə yekunlaşacaq. Amma Ermənistan tərəfində əl-əl üstə belə qoyulmayıb. Sovet dövründəki relslər də, avtomobil yolları da sıradan çıxıb. Hələ ki Ermənistan orada hər hansı bir təmir və quruculuq işləri də aparmır. Bəyanatlarından da belə görünür ki, hələ belə bir niyyətləri yoxdur. Ancaq və ancaq Ermənistanı bunu etməyə vadar etmək olar. Hazırda bunun üzərində sözsüz ki, düşünülməyə bilməz. Ola bilsin ki, erməni tərəfi vadar etmə fəaliyyəti olsun. Amma bu da çətinləşib. Çünki Qərbin, ümumiyyətlə, dünyanın bəzi ölkələrinin Ermənistanın yanında haqsız dayanma cəhdləri var. Avropa Birliyi ora yüz nəfərə qədər missiyasını göndərib. Rusiya sərhədçiləri Ermənistan sərhədlərində dayanıblar. Bir sözlə, haqsız olaraq, Ermənistanı müdafiə etmə cəhdləri müşahidə olunur. Bu səbəbdən də əməliyyatları həyata keçirmək çətinləşir. Amma Azərbaycanın erməni tərəfə təsir etmək imkanları var. Onun üçün də vadaretmə fəaliyyəti tükənmiş deyil. Yollardan biri ərazilərimizdə separatçılara qarşı ciddi əməliyyatlar keçirilə bilərik ki, bu da onlara dərs olar. Digər bir yol da Laçın dəhlizinin Zəngəzur dəhlizi açılana qədər bütün məqsədlər üçün bağlanmasıdır. Belə bağlanması ki, artıq orada Azərbaycanın gömrük və sərhəd keçid məntəqələrinin quraşdırılması, ora gələn başqa vətəndaşların da Azərbaycan qanunvericiliyinə uyğun olaraq buraxılmasıdır. O zaman biz də buraxılış məntəqələrindən istifadə edərək Naxçıvana gedə bilərik. Yox, əgər Ermənistan buna etiraz edirsə, o zaman demək ki, Laçın və Zəngəzur dəhlizinin hüquqları, fəaliyyətləri oxşar və eyni olmalıdır. Hələ ki bunlar yoxdur. Sadəcə, biz hələ optimist olmağa çalışırıq. Amma doğrusunu deyək ki, düzgün yoldayıq. Proseslər xeyrimizə inkişaf edir. Zaman da xeyrimizə işləyir. Hazırda Qarabağ, regionla bağlı aparılan siyasət çox düzgündür. Bu istiqamətdə qüsursuz siyasət aparılır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR