Onlayn ictimai-siyasi qəzet
Donbasa gedərək separatçıları dəstəkləyən hərəkat sədri Tevanyanı hansı paytaxt danışdırır?
Ermənistanda sülh əleyhdarları gündən-günə artır. Bu qüvvələr mütəşəkkil görünməsələr də, eyni mənbədən qidalandıqları çıxışlarından sezilir - oxşar fikirlər, təkrar tezislər və nəticəsi ölkəni Türkiyə ilə Azərbaycandan uzaqda, Rusiyanın isə peykində görmək arzusu...
Onlardan biri “Ana Ermənistan” Hərəkatının sədri Andranik Tevanyandır. “Yeni Müsavat” bildirir ki, Tevanyan Rusiyadan “bəslənən” siyasətçidir. Hətta Donbasa səfər edib. Bu günlərdə isə özündən “ideya” çıxarıb və “Naxçıvan dəhlizi” ifadəsini dövriyyəyə buraxmaq istəyib.
“Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini müzakirə edirlər. Bəs məsələn, "Naxçıvan dəhlizi"nin formalaşdırılmasını niyə müzakirə etmirlər?" - hərəkat sədri ritorik sual verib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan üçün Turan dəhlizidir. Tevanyan hesab edir ki, “əgər Azərbaycan yükləri gəlib-getməlidirsə, o zaman Ermənistan yüklərinin Naxçıvandan daşınması məsələsini niyə müzakirə etmirlər?!”
Təbii ki, Tevanyan başıboş siyasətçi olduğunu sübut edib. Çünki blokadada olan nəqliyyat kommunikasiyaları açılanda Ermənistan dəmiryol vasitəsilə yüklərini Azərbaycandan keçməklə Rusiyaya daşıyacaq. Amma Tevanyan bu razılaşmanı ya unudub, ya da bisavaddır. Ən əsası isə sülh düşmənidir. Onun Donbasa səfəri və orada separatçılara dəstək verməsi də sübut edir ki, sülh əleyhdarıdır.
Təəssüf ki, erməni cəmiyyətində onun kimilər az deyil. Hətta bu yaxınlarda sülh istəməyənlərin 40 faiz olduğu rəqəmi səsləndi. Bu, revanşizmin göstəricisidir. Yəni əhalinin 40 faizi müharibə, qan, insanlıq əleyhinə addımlar, revanş istəyir. Ona görə də ya xəstə təfəkkürün müalicəsinə uzun zaman tələb olunur, ya da biz çox sadəlövhük, birdəfəlik anlamaq lazımdır ki, ermənilər heç vaxt dəyişməzlər, sadəcə, fürsəti gözləyirlər. Tevanyan da bu təfəkkürün ifaçısıdır. O, ictimai rəyi özündə daşıyır.
Bax, belə bir toplumla sülh necə əldə olunacaq? “Naxçıvan dəhlizi” kimi blefin ortaya atılması hansı məqsədə xidmət edir?
Xatırladaq ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) 2025-ci il iyunun 16-dan 25-dək keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 47 faizi Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tam və ya qismən dəstəkləyir, 40 faizi isə əleyhinədir. Bu, kifayət qədər ciddi faizlərdir. Cəmiyyətin az qala yarısı sülh əleyhdarıdır. Görünür ki, müharibədə rəzil məğlubiyyətin hikkəsi ermənilərin canından çıxmayıb və qisas hissi ilə alışıb yanırlar.
Amma nəzərə almalıdırlar ki, sülh onların yeganə seçimidir. Növbəti müharibə isə erməni ordusu üçün daha böyük itki deməkdir. Çünki son 5 ildə Ordumuz 44 günlük müharibədəkindən daha böyük təcrübə toplayıb, yeni silahlar alınıb. Erməni xalqının isə nicatı sülh sənədindən və logistikaların açılmasından asılıdır. Əks təqdirdə, yenə blokada, yenə Rusiyanın vassallığı...
Bəs bu tarixi fürsəti dəyərləndirə biləcəklərmi?
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, hərbi və sülh hər zaman iki seçimdən biridir: “Erməni cəmiyyətində əhval-ruhiyyə bədbindir. Onlar müharibədən sonra axtarışdadırlar və hansı istiqamətdə gedəcəklərini bilmirlər. Xalqın bir hissəsi Rusiya tərəfdarıdır, bir hissəsi Qərbə inteqrasiyanı dəstəkləyir, nə Paşinyandan razıdırlar, nə də alternativ var. Yəni cəmiyyətdə belə bir çarəsizlik, ümidsizlik və qeyri-müəyyənlik hökm sürür. Bu isə müharibənin yaratdığı pessimizm və böhrandır. Ona görə də sülh tərəfdarları ilə əleyhdarları arasında bir mütənasiblik var. Paşinyan üçün bu cəmiyyətlə barışığa getmək çox çətindir. Ancaq biz nəticələrə baxmalıyıq və sülh prosesində xeyli yol qət edilib”.
R.Məmmədli genişmiqyaslı hərbi toqquşmaları istisna edir: “Erməni cəmiyyətində səslənən çağırışlara baxmayaraq, müharibə ovqatı yoxdur, şərti sərhəddə yeni bir savaşı gözləmirəm. Qarşıdakı dövrdə erməni cəmiyyətində sülh tərəfdarlarının sayının artması üçün iş aparılmalıdır. Revanşist güclərin təbliğatı bu məsələdə ciddi təsir edir. Paşinyan o qüvvələri də neytrallaşdırmaq istiqamətində addımlar atır. Tevanyan kimilərin cəfəng bəyanatlarını isə dəstəkləyən azdır. Onları siyasi klounlar kimi ortaya ataraq istifadə edirlər. Təbii ki, müxalifət, onun radikal qanadı, həmçinin kilsə, lobbi Paşinyanı gözdən salmaq üçün hər bir addımı atırlar. Onların bu fəaliyyəti hələ davam edəcək. Sadəcə, hakimiyyət də onların maskasını cırır və mahiyyətini xalqın gözü önünə sərir ki, cəmiyyət seçim etsin”.
Hərbi ekspert “Naxçıvan dəhlizi” deyilən bir razılaşma olmadığını vurğulayaraq, bunu bir spekulyasiya kimi qiymətləndirir: “Hansı sənəddə belə bir anlaşma var? Tevanyan kimi populistlər cəmiyyətdə "meydan sulamağa" çalışır. O, yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nəhəng iqtisadi nəfəslikdir. Bu koridordan Azərbaycandan daha çox elə Ermənistan maddi gəlir götürəcək. Sadəcə, dəhlizə Rusiya, yoxsa ABŞ nəzarət edəcək, bu ayrı mövzudur".
Emil
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ