İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnıya 19 il hökm çıxaran hakimin qaranlıq əlaqələri üzə çıxdı

Bu gün rusiyalı müxalifətçi Aleksey Navalnıya qarşı hökm oxuyan Moskva Şəhər Məhkəməsinin hakimi Andrey Suvorovun Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqələri üzə çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondu (KMF) xüsusi faktlar əldə ediblər. Onların iddiasına görə, işə baxılarkən Suvorov mütəmadi olaraq FTX zabiti Denis Xvorovla əlaqə saxlayıb.

Navalnının komandası hakim Suvorovun telefon danışıqlarının təfərrüatlarını təqdim edib. Sənəddən belə çıxır ki, iyun və iyul aylarında Suvorov FTX-nin konstitusiya quruluşunun müdafiəsi üzrə İkinci idarəsində çalışan Xvorovla dəfələrlə danışıb. Araşdırmaçıların sözlərinə görə, danışıqlarının məzmunu tam məlum deyil. KMF-nin məlumatına əsasən, bu il iyunun 16-da, həmin zənglərin birindən sonra Suvorov Navalnı işi üzrə məhkəmə prosesini qapalı iclasa keçirmək qərarına gəlib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov hesab edir ki, 2020-ci ildə Navalnının "Noviçok" zəhəri ilə zəhərlənməsi ilə məhz FTX-nin İkinci idarəsi məşğul olub.

Suvorovun əvvəllər digər səs-küylü işlərə baxdığı üzə çıxıb. 2020-ci ildə o, casusluqda ittiham olunan amerikalı Pol Uilanı sərt rejimli koloniyada 16 il müddətinə azadlıqdan məhrum edib. Altı ay sonra eyni ittihamla Suvorov İnter RAO-nun keçmiş top-meneceri Karina Tsurkanı 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görüb.

Xatırladaq ki, bu gün, avqustun 4-də Moskva Şəhər Məhkəməsi həbsdə olan siyasətçi Aleksey Navalnıya cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 19 il həbs qərarı verib. Məhkəmə onu “ekstremist təşkilat qurmaqda”, “ekstremizmin maliyyələşdirilməsində iştirak etməkdə”, “nasizmin reabilitasiyası” və bir sıra digər maddələrlə təqsirli bilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR