İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiya ilə savaşa məcbur olacaq: Polşalı nazir Ukrayna barədə SENSASİON təklif verdi

NATO üçün Ukraynanın gələcək taleyi böyük ölçüdə önəmli deyil, hətta bu ölkənin şərq ərazilərinin Rusiyaya güzəştə gedilməsi variantı indi ən çox müzakirə edilən mövzular sırasına daxildir.... Ancaq Rusiya əgər, Dnepr çayını keçərək, Ukraynanın qərb ərazilərində irəliləyərsə, bu halda, NATO-nun strateji maraqları təhlükə altında qalar və birbaşa savaş variantı ön plana keçirilə bilər...

Ukrayna savaşı artıq başlanma hədəflərindən uzaqlaşmağa başlayıb. Belə ki, hər iki tərəfin bu savaşla qarşıya qoyduğu məqsədlərə çatmaqda ciddi şəkildə çətinlik çəkməkdə olduğu müşahidə edilir. Ona görə də, Ukrayna savaşı uzandıqca, münaqişə tərəflərinin planlarına da yenidən baxılır, düzəlişlər edilir və yeni hədəflər müəyyən olunur. Və təbii ki, bütün bunlar, xüsusilə də, situasiyanın davamlı olaraq, dəyişməsi Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinə qeyri-müəyyən xarakter yükləyir.

Onu qeyd etmək lazımdır ki, Kreml də Ukraynaya hərbi müdaxilə öncəsində can atdığı məqsədlərdən kifayət qədər uzaq qalıb. Düzdür, Rusiya ordusu Ukrayna ərazisinin xeyli hissəsini işğal etməyə nail ola bilib. Ancaq inkaredilməz reallıq ondan ibarətdir ki, Kremlin əsas hədəfləri boşa çıxıb və onların bundan sonra baş tutacağı da qətiyyən inandırıcı görünmür. Xüsusilə də, savaşa başlayarkən, cəmisi üç gün ərzində Ukrayna paytaxtı Kiyevdə qələbə paradı keçirməyi planlaşdıran Kreml bu hədəfinə heç vaxt çatmayacaq kimi görünür. Və Ukrayna hakimiyyətinin Rusiya yönümlü siyasi qüvvələrlə əvəzlənməsi planlarının da hazırda reallıqdan uzaq olduğu qətiyyən şübhə doğurmur.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB) 

Maraqlıdır ki, ABŞ və Qərbin Rusiyanı Ukraynada "savaş bataqlığı"na salmaq planlarında yer alan bəzi strateji hədəflər də hələlik gözlənilən nəticələrdən uzaqdır. Belə ki, Qərb siyasi dairələri Ukrayna savaşı uzandıqca, Rusiya iqtisadiyyatının çökəcəyini proqnozlaşdırırdılar. Bu prosesi sürətləndirmək və geriyə dönməz etmək üçün Rusiyaya qarşı çoxsaylı sanksiyaların tətbiqinə üstünlük verilirdi. Və təbii ki, bütün bunların təsiri olmamış deyil.

Ancaq Rusiya iqtisadiyyatı böhranlı dövrünü yaşasa da, tamamilə çökdürmək hələlik mümkün olmayıb. Eyni zamanda, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar artıq bumeranq effekti də verməyə başlayıb. Yəni, sanksiyaların Rusiyaya vurduğu zərbələr Qərb ölkələrinin iqtisadiyyatından da yan keçmir. Nəticədə rəsmi Kiyevə göstərilən hərbi texnika yardımları da nəzərə alındıqda, Ukrayna savaşı NATO dövlətləri üçün daşınması olduqca ağır yükə çevrilmiş kimi görünür. Və ən əsasısa, Qərbin Rusiyanı öz sərhədləri daxilinə qapadılmış dövlətə çevirmək planları hələlik tam reallığa çevrilməyib.

Digər tərəfdən, Kreml bəzi strateji manevrlərlə ABŞ və NATO-nu kifayət qədər qəliz situasiyaya salmağı da bacarmış kimi görünür. Belə ki, hərbi sənayesi istehsal potensialını və resurslarını itirməkdə Rusiya bəzi müttəfiqlərindən yardım almağa nail olub. İran və Şimali Koreyadan alınan hərbi texnika Rusiya ordusunun savaş mövqelərini qorumasını təmin edir. Son vaxtlar isə Kreml Şimali Koreyadan 15 min nəfərə yaxın hərbi kontingent gətirərək, Ukrayna savaş poliqonunda situasiyanı Rusiyanın xeyrinə dəyişməyə çalışır. Və Ukrayna ordusunun canlı qüvvə çatışmazlığı yaşadığı bir dönəmdə bu, Qərbi radikal qərarlar qəbul etmək məcburiyyətində buraxa biləcək addımdır.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB) 

Halbuki, Kremldə ABŞ və Qərbi radikal addımlardan çəkindirmək üçün əlavə əngəllıyici mexanizmləri işə salınmasını unutmayıblar. Belə ki, ABŞ və Qərb Şimali Koreya hərbi kontingentinin Ukrayna savaşına göndərilməsinə sərt reaksiya verərək, analoji addımların atıla biləcəyi barədə xəbərdarlıq edib. Məhz bu reaksiyadan dərhal sonra Rusiya nüvə silahı ilə təlimlərə başlayıb. Və bununla da Qərb siyasi dairələrinə Ukraynaya NATO hərbi kontingenti göndəriləcəyi təqdirdə, nüvə zərbəsi ilə cavab veriləcəyini qabardıb.

Təbii ki, Qərb siyasi dairələri bütün variantlarla yanaşı, Rusiyanın nüvə təhdidlərini də mütləq nəzərə almaq məcburiyyətindədir. Çünki ən çıxılmaz vəziyyətdə Rusiyanın hərbi məğlubiyyətdən nüvə silahı hesabına yayınmağa çalışa biləcəyi hazırda əsas təhlükələrdən biri hesab olunur. Ona görə də, Qərb ölkələri sırasında Rusiya ilə birbaşa müharibəyə bulaşmaq həvəsində olanlar demək olar ki, yoxdur. Əksinə, bəzi Qərb ölkələri Ukrayna savaşından yorulduqlarını açıq-aşkar biruzə verirlər. Və Ukrayna ordusunun hərbi təchizatına maliyyə vəsaiti ayırmaq üçün iqtisadi resurslarının tükənməz olmadığına eyham vururlar.

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsinin Ukraynaya geriyə dönüşü olmayan hərbi yardımlar göstərməsinin böyük səhv olduğunu vurğulayıb. Onun fikrincə, Polşa bu hərbi yardımların kredit modelində edilməsi daha doğru olardı: "Polşa Ukraynaya hərbi kreditlər təklif edib. Bunu əvvəldən etmək lazımıydı ki, Ukrayna Polşa istehsalı olan hərbi texnikanı məhz kreditlə alsın. Rəsmi Kiyev müharibədən, Ukraynanın bərpa edilməsindən sonra hərbi krediti Polşaya geri qaytarsın".

8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB) 

Göründüyü kimi, son vaxtlara qədər Ukraynanın Avropa ölkələrinin təhlükəsizliyi üçün Rusiya ilə savaşdığını vurğulayan bəzi Qərb ölkələri artıq öz mövqelərini ciddi şəkildə dəyişməyə başlayıblar. Belə anlaşılır ki, Qərbdə Ukraynanın gələcək taleyi demək olar, heç kimi ciddi şəkildə düşündürmür. NATO ölkələri Ukraynanın Rusiyanı ciddi şəkildə zəiflətməsindən sonra bu dövlətin parçalanmasına belə, razı olduqlarını biruzə verirlər. Və hazırda əsas hədəf kimi, Ukraynanın ən pis halda, heç olmasa, bir hissəsinin nəzarətdə saxlanılması, Rusiya ilə Avropa arasında bufer zona rolunu oynaması tamamilə yetərli hesab olunur.

Bəzi ehtimallara görə, NATO üçün də Ukraynanın gələcək taleyi böyük ölçüdə önəmli deyil. Hətta Ukraynanın şərq ərazilərinin Rusiyaya güzəştə gedilməsi variantı indi ən çox müzakirə edilən mövzular sırasına daxildir. O da ehtimal olunur ki, Rusiya Dnepr çayından qərbə doğru irəliləmək niyyətinə düşməzsə, NATO-nun Ukrayna ilə bağlı mövqeyi dəyişməz qalacaq. Əgər, Rusiya Dnepr çayını keçərək, Ukraynanın qərb ərazilərində irəliləyərsə, bu halda, NATO-nun strateji maraqları təhlükə altında qala bilər. Və belə olarsa, NATO dərhal Rusiya ilə birbaşa savaş variantını ön plana keçirmək məcburiyyətində qalar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR