İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun kritik sammiti başlayır - Rusiya sərhədinin 300 km-liyində nə qərar veriləcək...

Siyasi şərhçi: “Ukrayna NATO-ya, eləcə də ABŞ və Qərbə yalnız Rusiya ilə savaşması üçün lazımdır”

Bu gün - iyulun 11-də Litvanın paytaxtı Vilnüsdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının 2 günlük sammiti başlayır. Zirvə toplantısında alyansa üzvlük üçün müraciət etmiş İsveçlə yanaşı, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da liderlər səviyyəsində təmsil olunacaq. Sammitə Ukrayna Prezidenti Vladimir Zelenski də dəvət edilib.

Qərb ölkələrinin rəsmiləri NATO-nun illik sammitinin keçmiş sovet respublikasında keçirilməsinin Rusiyaya bir mesaj olduğunu bildirirlər. Xatırladaq ki, hələ 1990-cı ildə SSRİ-nin tərkibindən çıxaraq dövlət müstəqilliyini elan etmiş Litva 2004-cü ildə alyansa üzv qəbul olunub. Rusiya sərhədindən cəmi 300 kilometr məsafədə yerləşən Vilnüsdə Alyansın budəfəki ali toplantısına xüsusən də Ukrayna ilə bağlı hansı qərarı verəcəyindən dolayı böyük diqqət var. Litva sammitində əsas müzakirə mövzuları da elə Ukrayna və Rusiya ilə bağlı olacaq. Məlumatlara görə, Kiyevlə siyasi münasibətləri növbəti mərhələyə çıxarmaq məqsədlə NATO-Ukrayna Şurası yaradılacaq. Şura ilk iclasını Vilnüsdə keçirəcək. Sammit ərəfəsi rəsmi Kiyev ona Alyansla üzvlüklə bağlı vəd verilməsini də istəyir. Yeri gəlmişkən, zirvə toplantısı ərəfəsində Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğan Ukraynanın NATO-ya üzvlüyü haqq etdiyini söyləyib. Lakin ABŞ Prezidenti Co Bayden bundan öncə Ukraynanın üzvlüyü üçün bütün namizədlərin eyni olan şərtləri yerinə yetirməli olacağını bildirmişdi. Alyansın budəfəki sammitinin Ukrayna üçün, ümumən qlobal və regional təhlükəsizlik üçün önəmi nədir? Hər hansı sürpriz mümkünmü?

Cenubi Qafqazin geopolitik irade sahibi olan lider dovleti Azerbaycandir”​ -

Elçin Xalidbəyli

Siyasi şərhçi Elçin Xalidbəyli “Yeni Müsavat”a deyib ki, NATO-nun Vilnüs sammitinin gərgin atmosferdə keçəcəyi gözlənilir. Çünki sammit ərəfəsində kifayət qədər ciddi ziddiyyətlər mövcuddur: “Belə ki, rəsmi Kiyev israrla bu sammitdə Ukraynaya NATO üzvlüyü üçün dəvətin göndərilməsini tələb edir. Rəsmi Kiyev hesab edir ki, ABŞ və Qərb NATO üzvlüyü ilə bağlı vədlərini mütləq yerinə yetirməlidir və bu prosesi dərhal başladaraq, tezləşdirməlidir. Zelenski hakimiyyəti hesab edir ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr Rusiya ilə müharibənin əsas səbəbidir. Ona görə də NATO Ukraynanı öz sıralarına qəbul etməklə, bir tərəfdən Rusiyaya adekvat cavab verməlidir, digər tərəfdənsə, ölkənin etibarlı təhlükəsizlik mexanizmlərinin yaradılmasına nail olmalıdır”.

Siyasi şərhçi bildirib ki, ancaq ABŞ və bəzi Qərb ölkələri Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxırlar: “Onlar hesab edirlər ki, yaxın vaxtlarda bu, mümkün deyil. ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Ukrayna hələ NATO üzvlüyünə qətiyyən hazır deyil və bu məsələnin savaşın sona çatmasına qədər müzakirə edilməsi yersizdir. Fransa, Almaniya və bir sıra NATO ölkələri isə hesab edirlər ki, indiki situasiyada bu hərbi-siyasi alyans Ukraynaya hərbi dəstək ilə kifayətlənməlidir. Bundan artığı NATO-nu böyük fəlakətlərə sürükləyə bilər”.

Siyasi şərhçi bildirib ki, NATO-nun rəhbərliyində Ukraynanın quruma üzv qəbul ediləcəyi təqdirdə, bu hərbi-siyasi alyansın Rusiya ilə birbaşa savaşa girmək məcburiyyətində qala biləcəyindən ehtiyat edirlər: “NATO ölkələri hazırda Rusiya ilə savaş ehtimalına real təhlükə kimi yanaşırlar. Bu hərbi-siyasi alyans belə bir savaşda qətiyyən maraqlı deyil. Çünki əsas ehtimallar ondan ibarətdir ki, əgər NATO və Rusiya arasında hərbi toqquşmalar baş verərsə, bu, mütləq nüvə savaşı ilə nəticələnəcək. Ona görə də Ukraynanın bu quruma üzvlüyünə müqavimət göstərən ölkələr NATO sıralarına qatılmaq üçün vacib olan prinsipləri ön plana çəkirlər. Həmin prinsiplərin sırasına hər hansı ölkə ilə münaiqşə vəziyyətində olan və ya ərazisi ilə bağlı mübahisələrin davam etdiyi dövlətlərin NATO-ya üzvlüyünün yolverilməzliyi də daxildir. ABŞ və Qərb hazırda NATO-ya üzvlük prinsiplərini Ukrayna üçün yumşaltmaq niyyətindən çox-çox uzaqdır”.

Siyasi şərhçinin fikrincə, rəsmi Kiyev hazırda NATO-nun sammitində yalnız Ukraynaya genişmiqyaslı hərbi yardım paketinə ümid bəsləyə bilər: “Belə ki, NATO və Avropa Birliyinin ortaq şəkildə Ukraynaya yaxın dörd il üçün göstəriləcək hərbi və maliyyə dəstəyini sənədləşdirmək niyyətindədirlər. Bu o deməkdir ki, Ukrayna savaşı hələ uzun müddət davam edəcək, müharibənin bütün xərclərini isə məhz NATO və Avropa Birliyi öz üzərinə götürəcək. Eyni zamanda NATO sammitində yaxın vaxtlarda Ukraynaya daha müasir silah növlərinin verilməsi barədə də qərar qəbul edilə bilər. Göründüyü kimi, NATO-nun "giriş qapıları" Ukraynanın üzünə hələlik bağlıdır. Yaxın gələcəkdə, hətta Rusiya ilə savaşın bitməsindən sonra təxminən 10 il Ukraynanın NATO-ya üzvlüyü mümkün olmayacaq. Ancaq ABŞ və Qərb Ukraynaya uzunmüddətli savaş və hərtərəfli həm hərbi, həm də maliyyə dəstəyi vəd edir. Bu isə o deməkdir ki, Ukrayna NATO-ya, eləcə də ABŞ və Qərbə yalnız Rusiya ilə savaşması üçün lazımdır. NATO Ukraynaya hər hansı qlobal və ya regional təhlükəsizlik təminatı verməyə hazırlaşmır. İndiki situasiyada Ukraynanın NATO-ya üzvlüyünü birmənalı şəkildə yalnız Türkiyə dəstəkləyir. Bunun mümkün olmayacağını elə əvvəlcədən tam dəqiqliyi ilə bilən rəsmi Ankara Ukraynaya verdiyi bu dəstəklə, NATO daxilində ABŞ və Qərbə qarşı olduqca effektiv manevr edir".

Elşən MƏMMDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR