İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO döyüş hazırlığını yeddi dəfədən çox artırır

NATO yüksək döyüş hazırlığı vəziyyətində saxladığı qüvvələrin sayını yeddi dəfədən çox artıracaq. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, qərarı alyansın baş katibi Yens Stoltenberq açıqlayıb.

O bildirib ki, artımdan sonra NATO-nun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilmiş qüvvələrinin sayı 300 min nəfəri ötəcək.

Yens Stoltenberq bu planın birbaşa Rusiya təhdidi ilə bağlı olduğunu vurğulayıb.

Baş katib qeyd edib ki, NATO Rusiya təhlükəsinə görə yeni müdafiə mövqeyində dayanmağa məcburdur: “NATO uzun illər Rusiya ilə tərəfdaşlıq və dialoq qurmağa çalışıb. Lakin Moskva bundan imtina edib. Onlar dialoq əvəzinə qarşıdurmanı seçiblər. Biz buna təəssüflənirik. Eyni zamanda biz, sözsüz ki, hazırkı reallığı nəzərə almalı və ona uyğun davranmalıyıq”.

Hazırda NATO-nun yüksək döyüş hazırlığı vəziyyətində saxladığı qüvvələrin sayı 40 min nəfər hərbçidən ibarətdir. Kontingentin 300 min nəfərə çatdırlması quruda, dənizdə, havada və kiberməkanda döyüş hazırlıqlı qüvvələrin sayının artırılması hesabına baş verəcək.

NATO-nun şərq cinahında, Rusiyaya yaxın ərazilərdə, xüsusən Baltikyanı ölkələrdə yerləşən bölmələri batalyon miqyasından briqada səviyyəsinə qaldırılacaq.

Yens Stoltenberqin sözlərinə görə, bütün bunlar soyuq müharibə başa çatandan bəri NATO-nun kollektiv müdafiə sahəsində imza atacağı ən ciddi yeniliklər olacaq.

Adının açıqlanmasını istəməyən NATO təmsilçisi “Reuters”ə bildirib ki, yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək əlavə qüvvələrin təyinatının və tərkibinin dəqiqləşdirilməsi istiqamətində iş gedir və keçid prosesini 2023-cü ildə yekunlaşdırmaq nəzərdə tutulur. NATO təmsilçisi qeyd edib ki, yüksək döyüş hazırlıqlı qüvvələrin artırılması zəruri anda alyansa təhdidlərə daha çevik cavab vermək imkanı yaradacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR