Onlayn ictimai-siyasi qəzet
Alyansın nümayəndə heyəti bu dəfə Ermənistandan Azərbaycana gəlib; niyə belə marşrut seçməsi və Cənubi Qafqazda hansı planlar qurması açıq qalan suallardır - şərh
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 12-də NATO Müdafiə Kollecinin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb. “Yeni Müsavat” bildirir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
“NATO Müdafiə Kollecinin nümayəndə heyətini Bakıda ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunam”, - o, paylaşımda vurğulayıb. “Yeni Müsavat” qeyd edir ki, alyansı təmsil edən nümayəndə heyəti Bakıya İrəvandan gəlib. Bəs nədən bu cür marşrut seçilib? Yəni Bakıdan İrəvana deyil, İrəvandan Bakıya? Məsələ ondadır ki, Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvü, balanslı siyasət yürüdən ölkə, Ermənistan isə KTMT-nin (“Rus NATO”sunun) 5 üzvündən biridir. Moskvanın NATO sarıdan əndişəsi də Ukraynada gedən müharibədən məlumdur. NATO Azərbaycan və Ermənistandan konkret nə istəyir?
Qeyd edək ki, bu il NATO-Azərbaycan əməkdaşlığının 30 ili tamam olub. Bu münasibətlə bir neçə tədbirlər keçirilib. Azərbaycan müdafiə blokuna üzvlük niyyətində olmasa da, Ordu NATO standartları səviyyəsində modernləşdirilməkdədir. Dövlət başçısı İlham Əliyev Azərbaycan ordusunun “türk modeli”ndə təkmilləşdirildiyini elan edib. Ermənistana gəlincə, vəziyyət çox fərqlidir. Əvvəla, bu ölkə Putin “NATO”sunun üzvüdür. Hazırda fəaliyyətini “dondurub”, lakin de-yure üzv qalmaqdadır. Dekabrın 11-də Rusiya XİN nümayəndəsi Mariya Zaxarova açıq şəkildə İrəvan hədələdi. Dedi ki, Ermənistan KTMT üzvü kimi borclarını ödəmir və öhdəlikləri yerinə yetirmir, bu şəkildə davam edərsə, onun təşkilatda səsvermə hüququ əlindən alınacaq. Bu gərginliklə sinxron irəliləyən proses isə Ermənistan-NATO işbirliyidir. NATO generalları İrəvana səfərlər edir, ABŞ hərbçiləri ilə birgə təlimlər keçirilir, Paşinyan təhlükəsizlik sahəsində vektorunu dəyişərək Qərbə səmt almaqdadır. Bu da Moskvanı qəzəbləndirir.
Elə Kiyevin alyansa qoşulmaq niyyəti ucbatından üç ildir ki, hərbi əməliyyatlar getməkdədir. Ukraynadan fərqli olaraq, Ermənistan NATO üzvləri olan ABŞ və Fransadan təhlükəsizlik sektorunda yeni müttəfiqlik yaratmaq istəsə də, onun sərhədlərini rus hərbçiləri qoruyur, ərazisində iki rus hərbi bazası yerləşir. Ona görə də Ermənistan Şimali Atlantik Alyasına üzvlük arzusunu dilə gətirsə, ağzı çox pis şəkildə yana bilər. Bu ilin fevralında baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir. Onun sözlərinə görə, alyansa üzvlüklə bağlı məsələ İrəvanın gündəmində deyil. Ancaq o qeyd edib ki, Ermənistan NATO və onun üzv ölkələri ilə tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdır. Bu mənada, NATO rəsmilərinin Bakı-İrəvan yollarında qalmasının səbəbləri maraq doğurur.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a açıqlamasında NATO-nun bölgəyə vahid baxdığını vurğuladı. Alyansın Cənubi Qafqaz ölkələrini ayrı-ayrılıqda qiymətləndirmədiyini deyən R.Məmmədli bildirdi ki, NATO regionda mövqeyini möhkəmləndirir: “Bu xüsusda Gürcüstan daha aktualdır. Qərb qonşumuzun NATO-ya və Avropa İttifaqına üzvlüklə bağlı istəkləri var. Amma Gürcüstanın ərazi bütövlüyü həllini tapmalıdır. Bu da Rusiyanın köməyi ilə baş tuta bilər. O halda, Tiflis Moskvadan üz çevirib NATO-ya doğru getməyəcək. Ona görə də alyansın Cənubi Qafqaz ölkələrini üzv etməsi real görünmür, amma regionda təsirlərini artırmaq cəhdləri müşahidə edilir. Ermənistanın da bu bloka qoşulması yaxın gələcəkdə olmayacaq. Sadəcə, NATO Rusiyanın bölgədə təsirlərinin azaldılması istiqamətində addımlarını sürətləndirir və Ermənistan üzərindən daha aktiv iş aparır. Çünki Rusiyanın Qafqazda ən böyük təsiri Ermənistandadır. Azərbaycana gəldikdə isə Qoşulmama Hərəkatının üzvüyük, heç bir hərbi bloka üzv olmaq niyyətimiz yoxdur”.
Hərbi analitik əlavə etdi ki, Azərbaycan NATO ilə əməkdaşlığını davam etdirir və bunu Rusiyanı narazı salmadan həyata keçirir: “Hətta Bakı rus və NATO generallarının görüş yeri olub. Biz etimad qazanmış bir dövlətik, heç bir gepolitik və strateji toqquşmaların içərisində iştirak etmirik, hər hansı qütbə yönəlib əks cinaha qarşı cəbhədə yer almırıq. Təbii ki, bu balans siyasəti Azərbaycanı dilemma qarşısında qalmaq riskindən xilas edir. Bundan sonra da NATO ilə əməkdaşlığımız davam edəcək, Ordumuz ən müasir səviyyədə hazırlanmaqdadır, silah arsenalımız yeni nəslə aiddir, amma heç zaman alyansa üzv olmaq fikrimiz yoxdur. NATO-ya üzvlük heç də şərt deyil. Ancaq sözsüz ki, şimal bloku öz təsir dairəsini getdikcə daha genişləndirməyə çalışacaq. Ermənistan isə Rusiyadan təhlükəsizlik məsələsində uzaqlaşdıqca, Gümrüdən bazanı çıxarmaq eşqinə düşdükcə, sərhədlərindən rus hərbçiləri yığışdırmaq planını davam etdirdikcə, daha çox Qərb-Rusiya qarşıdurmasının ortasında sıxılacaq. Çünki NATO-un Şərqə doğru genişlənmə planı dəyişməyib”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ