İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikə görə tutulanlara bəraət verilməsinin səbəbi - hakim humanistdir, yoxsa...

Hüquqşünas: “Əgər məhkəmə şəxsə bəraət verirsə, həmin adamı əsassız olaraq cinayət məsuliyyətinə cəlb etmiş istintaq orqanı çətin vəziyyətə düşür, ona görə də...”

Bəraət hökmləri Azərbaycan məhkəmələrinin yaralı yeri olmaqda davam edir. İldən-ilə bəraət hökmlərinin sayında artım olsa da, çıxarılan ittihamedici hökmlərin say çoxluğunda bəraət hökmləri itib-batır. Bununla belə, 5-6 il əvvələ qədər bəraət hökmləri Azərbaycan məhkəmələrində demək olar ki, çıxarılmırdı. Elan olunan məhkəmə-hüquq islahatları fonunda bəraət hökmlərinin çıxarılması ənənəsi də formalaşır. Son illərdə əsasən narkotik dövriyyəsində ittiham olunan şəxslərə bəraət verilməsi də maraq doğurur.  Mayın 16-da külli miqdarda narkotik dövriyyəsində ittiham olunan üç nəfər-Aslan Fərəcov, Mahmud Nəzərov və Asəf Səmədzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. (APA) Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub. Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların təsdiqini tapmadığı qənaətinə gəlib. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə bəraət verilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıblar. İttihamda deyilir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov xüsusi əməliyyat tədbirləri ilə tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda narkotik aşkar olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs-qətimkan tədbiri seçilib.

Narkotik dövriyyəsi ilə məşğul olma ittihamı ilə saxlanılan şəxslərə qarşı sübutların olmaması da sual doğurur. Sonuncu məhkəmənin hökmü də bu kontekstdə təsdiqləyici faktor kimi görünür.

Eyni zamanda belə iddialar var ki, narkotiklə tutulan, narkotik alverçisi olduğunu yaşadığı ərazidə az qala məktəbli uşaqların da bildiyi şəxslərin həbsindən sonra məhkəmədən azadlığa buraxılmaları da maraq doğuran hallardandır. Bununla belə, Azərbaycanın məhkəmə sistemindəki problemlər arasında ən çox qabardılan məsələlərdən biri bəraət hökmlərinin azlığıdır. Uzun illərdir ki, yerli məhkəmələrin çıxardığı bəraət hökmlərinin sayı 1 faizi keçmir. Ölkədə elə məhkəmələr var ki, orada, ümumiyyətlə, bəraət hökmü çıxarılmır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələrində 8 min 526 iş üzrə ittiham hökmü çıxarılıb, nəticədə 9 min 946 nəfər məhkum edilib. Buna qarşı cəmi 91 işdə bəraət hökmü verilib. 2019-cu ilə aid statistik məlumat isə belədir: 10 min 730 ittiham və cəmi 137 bəraət hökmü.

Göstəricilərdən aydın olur ki, əvvəl vəziyyət lap acınacaqlı olub. 2017-2018-ci illərdə Azərbaycanda 11 min 356 və 10 min 172 ittiham hökmləri çıxarılıb. Hər iki ildə hakimlər 87 işdə bəraət veriblər. 2005-2015-ci illəri əhatə edən dövrdə hər il 11 mindən bir qədər artıq ittiham hökmləri çıxarılıb. Bəraət hökmləri isə nəinki 1 faiz, bəzən heç 0.5 faizə də çatmayıb. Məsələn, 2005-ci ildə 7, 2006-cı ildə 6, 2007-ci ildə 8, 2008-ci ildə 10, 2009-cu ildə 12, 2010-cu ildə 20 işdə hakimlər bəraət hökmünə imza atıb. Sonrakı illərdə nisbətən artım qeydə alınıb və 2016-cı ildə 68 olub.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda ümumilikdə bəraət hökmlərinin sayında artım var və qarşıdakı illərdə daha çox bəraət hökmlərinin çıxarılacağı gözlənilir: “İnam Kərimovun Ali Məhkəməyə sədr təyinatı ümumilikdə məhkəmə sisteminin yenilənməsi, köhnə, sovetdən qalma idarəçilik üsullarından imtina olunması, yeni kadrların məhkəmə sisteminə gətirilməsi vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümidləri artırır. Azərbaycan məhkəmələrində hələ də "zəng hüququ", rüşvət, vəzifədən sui-istifadə halları genişdir. İnam Kərimov Ali Məhkəmənin sədri olaraq bu məsələlər xüsusi diqqət etməlidir. O baxımdan ki, açıq-aşkar qanunlara sığmayan hökmlər enində-sonunda Ali Məhkəməyə gedib çıxır. Belə hökmlər əsəsən sifarişlə, “zəng hüququ” əsasında, rüşvətlə çıxarılır. Həmin hökmlərin ardıcıl ləğvi və onu çıxaran hakimlərin cəzalandırılması vəziyyəti dəyişə bilər. Bu gün bəraət hökmlərinin əvvəlki illərə nisbətən çoxluğu ədalət mühakiməsinin vəziyyətinin yaxşılaşması anlamına gəlmir. Ümumi cinayət işlərinin sayında da artım var. Bəzi cinayətlərlə bağlı dekriminallaşma olmasına baxmayaraq, yenə də ümumi cinayət işlərinin sayında artım var. Bu gün elə məhkəmələr var ki, orada heç vaxt bəraət hökmü çıxarılmayıb, bu da böyük biabırçılıqdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Şabran, Biləsuvar, Kürdəmir rayon məhkəmələri bəraət hökmlərindən sanki qorxurlar.

Heç kimə sirr deyil ki,  ictimai-siyasi əhəmiyyətli işlərdə olmasa da, adi işlərdə hakimlərə nisbətən sərbəstlik verilib. Bununla belə, əksər hakimlər açıq-aşkar bəraətlik işlərdə çəkingənlik göstərir, müstəqil qərar verməyə qorxurlar. Başqa amillər də öz sözünü deyir. Ola bilər ki, statistikada cüzi artım var, amma bu, qətiyyən məhkəmə sistemində köklü dəyişiklik demək deyil. Narkotiklə əlaqəli cinayətlərdə bəraət hökmlərinin çoxluğunun da bir çox səbəbləri var. 2 dəfə narkotiklə tutulan şəxsi 3-cü dəfə də narkotiklə tutanda sübut bazasına o qədər də fikir verilmir. Və ya əldə olunan məlumatlar tam yoxlanılmadan əməliyyat keçirilir və şəxs həbs olunur. Yenə də sübut bazası unudulur. Narkotiklə əlaqəli işlərdə əsasın narkotikin naməlum mənbədən əldə edilməsi göstərilir. Narkotik varsa, şəxs onu əldə edibsə, naməlum mənbə necə ola bilər axı? Naməlum mənbə sözünü yazan istintaqçı özünün qeyri-peşəkarlığını ortaya qoyur. Mənbə araşdırılmalı və ortaya qoyulmalıdır. Bu baxımdan, işlər məhkəmələrə tam işlənməmiş göndərilir və sübut bazası olmadığı üçün məhkəmələr də haqlı olaraq bəraət hökmü çıxarırlar".

Hüquqşünas deyib ki, bu gün Rusiyada belə bəraət hökmlərinin sayı Azərbaycandan qat-qat çoxdur: “Rusiyanın da məhkəmə-hüquq sistemi Azərbaycandakından bir o qədər yaxşı deyil. Bununla belə, rusiyalı hakimlər daha cəsarətlidirlər və bəraət hökmləri çıxarmaqdan çəkinmirlər. Dünyanın müxtəlif ölkələrinə baxsaq, görərik ki, bəraət hökmləri azı 20 faizi ötür. Bəraət hökmlərinin sayı ABŞ-da 50, Avropa dövlətlərində isə 30 faizdən yuxarıdır. Azərbaycanda isə sovetdən qalma təcrübə, düşüncə tərzi bəraət hökmlərinin verilməsinə təsir göstərir. Məhkəmə-hüquq sahəsindəki orqanların sanki bir-birinin səhvini tutmaqla bağlı kompleksi var. Əgər məhkəmə şəxsə bəraət versə, həmin adamı əsassız olaraq cinayət məsuliyyətinə cəlb etmiş istintaq orqanı çətin vəziyyətə düşür. Çox vaxt məhkəmələr buna görə bəraət vermirlər. Digər tərəfdən, bir çox hallarda hakimlərin də müstəqil qərar verməyə iradəsi çatmır. Heç ona obyektiv qərar verməyə mane olan olmasa da, özlərində ciddi bir çəkingənlik var. Prezident İlham Əliyev 2019-cu ilin aprelində  ”Məhkəmə-Hüquq islahatlarının dərinləşdirilməsi haqqında" Fərman imzaladı. Həmin fərmanda da bəraət verilməsi, həbsə alternativ cəzaların tətbiqi kimi məsələlər xüsusi olaraq yer alıb. Rəsmilər həmin fərmanın ölkənin məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə gətirib çıxaracağını iddia edirdilər. Ancaq müşahidəçilər gözləntilərin hələ də tam doğrulmadığını deyirlər. Bunda məhkəmə sədrlərinin də xüsusi payı var. Məhkəmə sədrləri tez-tez hakimlərə prezident fərmanını xatırlatmalı, bu barədə məlumat verməli, bəraət hökmlərinin çıxarılmasının vacibliyini vurğulamalıdırlar. Hakimlər də anlamalıdır ki, bəraət hökmlərinin verilməsi Azərbaycanda məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə təkan vermək gücündədir".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR