Onlayn ictimai-siyasi qəzet
“İrana səfər edən bir qisim vətəndaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər”. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin ötən həftə yaydığı məqaləsində qeyd olunub.
Bildirilib ki, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirlərinin təhlili göstərir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb edirlər:
"Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər”.
Məlumatda qeyd olunub ki, narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər “tələyə düşmüş” Azərbaycan vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc əldə etməsini təmin edirlər.
"Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün “qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr “hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə çevirir, eyni zamanda “gördükləri işin” müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini hissə-hissə çatdırırlar. Qeyd olunan “ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır", - məlumatda qeyd olunub.
Dövlət Təhlükəsizliyi Xidməti keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin qaçaq yolla külli miqdarda narkotik vasitələrini Azərbaycan vasitəsi ilə daşıdıqları marşrutları açıqlayıb. DTX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin külli miqdarda qaçaq yolla narkotik vasitələrin daşınmasını aşağıda qeyd olunan marşrutlar üzrə həyata keçirmələri müəyyənləşdirilib:
İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Rusiya Federasiyası;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Qazaxıstan - Rusiya Federasiyası - Qərbi Avropa;
İran İslam Respublikası - Azərbaycan Respublikası - Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya - Ukrayna müharibəsinə qədər);
İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası - Yaponiya (Rusiya - Ukrayna müharibəsinə qədər).
Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Azərbaycan ərazisinə əsasən metamfetamin, metadon, heroin, kokain, qurudulmuş marixuana, həşiş, tiryək kimi ənənəvi narkotik vasitələr və psixotrop maddələr ixrac olunur və onların istehsal olunduğu ölkələr sırasında Əfqanıstan, İran üstünlük təşkil edir. Türkiyə və bir sıra Avropa ölkələrindən isə ekstazi, LSD və digər bu tip yeni nəsil psixotrop maddələr ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilir.
Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı əməliyyatlar təqdirəlayiq, mühüm, eyni zamanda hər bir azərbaycanlının mənafeyinə uyğun olan bir addımlardır: “Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan dövləti üçün lazım olan ən mühüm addımları atmaqdadır. İran xüsusi xidmət orqanlarına tabe olan casus şəbəkələri, narkobandaların Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa olunması göstərir ki, onlar bir Azərbaycana qarşı çirkin fəaliyyətlərini davam etdirirlər. Ancaq belə fəaliyyətlərin qarşısı həyata keçirilən tədbirlərlə qətiyyətlə alınır. Bu günə qədər olduğu kimi bundan sonra da dövlətçiliyimizə qarşı atılan bütün addımlarla bağlı adekvat tədbirlər görüləcək. İran və digər ölkələr bilməlidir ki, göstərdikləri fəaliyyətlə heç nəyə nail ola bilməyəcəklər”.
Deputat bildirib ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə əsasən Əfqanıstanda istehsal olunur: “İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. Arada olur ki, Balkanlarda müharibə ocaqları ilə əlaqədar narkotik marşrutları tez-tez dəyişir. Böyük narkotik partiyalarının tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Qaçaqmalçıların sürəkli şəkildə Azərbaycan sərhədindən keçməsinə dair məlumatlar onu da deməyə əsas verir ki, sərhədin əks tərəfi o qədər də etibarlı qorunmur. Bunu bilərəkdənmi, yoxsa qeyri-professionallıqdan edirlər, bu məsələ mübahisəlidir. İstənilən halda İran tərəfi Azərbaycanla sərhəddini möhkəmləndirməlidir”.
Deputat deyir ki, son illərdə Azərbaycan hüquq-mühafizə orqanları narkotiklərə qarşı mübarizədə mühüm işlər görür: “Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni – “Şimali Balkan yolu” adlandırdığı marşrut məhz Azərbaycandan keçir. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınır. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedir”.
Arzu Nağıyevə görə, dondurulmuş münaqişə zonaları da narkobaronların narkotranzit xəritələrində marşrutların keçdiyi ərazilər kimi qeyd olunur: “44 günlük Vətən müharibəsinə qədər Qarabağ torpaqları heroin trafikində önəmli yer tuturdu. BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə Təşkilatının hazırladığı “Dünya Narkotiklər hesabatı”nda bildirilirdi ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tuturdu. BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır”.
Arzu Nağıyev deyir ki, İran tərəfindən dronlar vasitəsilə Azərbaycan ərazilərinə narkotiklərin daşınması halları da qeydə alınır: “Kiçik ölçülü dronlara narkotik yükləyib neytral əraziyə ötürürlər, drondan narkotiki neytral əraziyə atırlar və yeri barədə ərazimizdə olan narkoşəbəkə üzvlərinə məlumat verirlər. Bu gün qara bazarda 1 qram kokainin qiyməti 400 dollar, eyni çəkidə heroinin qiyməti isə 170 manatdır, yəni 100 dollardır. Əvvəllər 1 qram heroini 5 nəfər istifadəçi alırdısa, hazırda 1 qram heroin 7 hissəyə bölünərək satılır. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilməyə başlandı. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Hazırda sərhədlərin möhkəmləndirilməsi narkodaşımaları xeyli çətinləşdirir”.
Rusiyalı tarixçi, hüquqşünas və politoloq Oleq Kuznetsov bir müddət əvvəl “İnterfaks”a müsahibəsində “Rəsmi Bakı narkotik ticarəti ilə daha effektiv mübarizə aparmaq üçün İran hakimiyyəti ilə münasibətləri necə qura bilər” sualına belə cavab vermişdi: “Azərbaycan-İran münasibətlərinin təfərrüatları, xüsusən də bu mövzuda xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqə səviyyəsi haqda məlumatlı deyiləm. Ancaq bir şeyi dəqiq deyə bilərəm: bu qədər böyük bir heroin partiyası yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz. Bunu başa düşmək üçün fiziki kimya mövzusunda bir nümunə verəcəyəm. Heroinin xüsusi çəkisi kub santimetr başına təxminən 0,8 qramdır, yəni sudan bir qədər yüngüldür və suda həll olur. Beləliklə, 528 kiloqram heroin 0,6 kubmetr təşkil edəcək. Bunca narkotiki istehsal etmək üçün yaxşı təchiz olunmuş bir yer olmalıdır. Bundan başqa, çatdırılma vasitələri, müvafiq olaraq bir neçə icraçı, həmçinin təşkilatçı, köməkçilər, vasitəçilər, bir sözlə, çoxsaylı şəxslərə ehtiyac var. Ən əsası, bu işləri görmək üçün sabit bir cinayət şəbəkəsi olmalıdır. Problemin mahiyyətini daha adekvat anlamaq üçün bir nümunə də deyəcəyəm. Orta hesabla 2 xaşxaş kolundan bir qram xam tiryək alınır. Adətən 1 kvadrat metrə yaxın yerdə 20 xaşxaş kolu yetişdirmək olur. Yəni 1 kvadrat metrdən 10 qram xam tiryək toplana bilər. Ancaq xaşxaş suyu toplanarsa və bu bitkinin komponentləri emal edilməzsə, bunun nəticəsində xammal morfin və heroinin istehsalı üçün deyil, başqa bir növ opiat dərmanı olan həşiş alınar. Tiryəkin emalı və kimyəvi emalı və onun heroinə çevrilməsi zamanı maddənin həcmi demək olar ki, 2 dəfə artır, buradan bir kvadrat metr xaşxaş plantasiyasından şərti olaraq 20 qram heroinin istehsal oluna biləcəyi qənaətinə gələ bilərik. Hesablamaları daha da davam etdirsək, İran-Azərbaycan sərhədində müsadirə edilən heroinin istehsalı üçün 250-270 hektar xaşxaş bitkisindən xammal tələb olunacaq. Narkotik tərkibli bitkilərin böyümə sahəsini səlahiyyətlilərin diqqətindən gizlətmək fiziki cəhətdən mümkün deyil. Bu, yalnız bir anda ələ keçirilən partiya üçündür və əgər bu rəqəmlər il ərzində müsadirə edilən heroinin bütün həcmi üçün yenidən hesablanırsa, ərazidən 3, hətta 4 qat daha böyük əkinlərdən danışmalıyıq. Və İran ərazisindən Azərbaycan ərazisinə keçməyən heroinin hipotetik miqdarını nəzərə alsaq, başa düşməliyik ki, orada xaşxaş əkinləri onlarla deyil, minlərlə hektar ərazini əhatə etməlidir. “Məhsulu” emal etmək üçün laboratoriyalarda yüzlərlə və hətta minlərlə insan çalışır. Yəni xam tiryəkin kimyəvi emalı üçün laboratoriyalar və ya hətta fabriklər də daxil olmaqla, yaxşı qurulmuş bir sistem fəaliyyətdədir. Bu bir biznesdir. Və bu mövzuda 2-ci fərqli fikir ola bilməz”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ