İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik aludəçilərinin taksi sürücülüyü - çıxış yolu...

Necə etməli ki, onlar sükan arxasında otura bilməsinlər? - ekspertdən təklif

Paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan “Hunday” markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bəs 10 gündən sonra?

Təəssüf ki, bu ilk belə hal deyil. Bəs necə etməli ki, narkotik aludəçiləri, ümumiyyətlə, sürücülük vəsiqəsi ala, sükan arxasında otura bilməsinlər? Narkotikdən asılı insanların elektron məlumat bazasının yaradılması mümkündürmü? Kim zəmanət verə bilər ki, 10 gündən sonra həmin şəxs yenə taksi sürməyəcək? Yeri gəlmişkən, polis əməkdaşları tərəfindən müvafiq icazələri olmadan rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin aşkarlanması məqsədilə profilaktik tədbirlər təşkil edilib. Son iki gündə 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. Sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub. Qeyd edilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.

Sərnişin taksiyə əyləşəndə mənzil başına salamat gedib çatacağına əmin  deyil - Eldəniz Cəfərov - "İki sahil"

Eldəniz Cəfərov

Nəqliyyat üzrə ekspertlər bildirirlər ki, taksi sürücülərinin psixoloji durumu nəzərə alınmalıdır. Çünki yol hərəkəti zamanı sərnişinlərin həyat və sağlamlığı sürücünün psixoloji sabitliyindən birbaşa asılıdır. Buna görə də sürücülərin müəyyən müddətlərdə psixoloji testlərdən keçirilməsi təklif olunur. Bu tədbir hələ tam tətbiq olunmasa da, ekspertlər bunun vacibliyini xüsusilə vurğulayırlar. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, həmin şəxslər haqqında məlumat müvafiq dövlət qurumuna göndərilə bilər və onun icazə vərəqəsi ləğv edilə bilər: “İcazə vərəqəsi ləğv edildikdən sonra taksi şirkətləri onunla işləməyəcək. Eyni əməl təkrarlansa, məhkəmə daha sərt cəza tətbiq edə bilər”.

Ekspert dəyişikliklərdən sonra da bu kimi halların təkrarlanmasına belə münasibət bildirib: “Qıtlıq olan zaman taksi qiymətlərinin də yüksəlməsinin şahidi oluruq. Burada artıq cəmiyyət seçim qarşısında qalır. Biz keyfiyyətli və təhlükəsiz taksi istəyirik. Eyni zamanda onun baha olmamasını istəyirik. Bunlar bir-biri ilə uzlaşmaya bilir. Bu tənzimləmələr elə şərtlərdir ki, hər bir taksi sürücüsü bunun öhdəsindən gələ bilmir. Buna görə müvəqqəti olaraq köhnə sistemlə çalışmağa icazə verirlər. Əlbəttə, sürücülər qaydalar əsasında çalışmalıdırlar. O anlaşılandır ki, bəzi taksi sürücüləri, xüsusən də taksi fəaliyyəti ilə məşğul olanlar hələ ki bu yeniliklərə hazır deyillər. Xarici taksi şirkətləri yeni taksi qaydalarına uyğunlaşa bilmir. Çünki onların öz qaydaları, prinsipləri var idi. Amma onlar buna uyğunlaşmadı. Onlar xeyli müddət Azərbaycanda çalışdı, milyonlarla pul da qazandılar, vətəndaşların da hüquqlarını pozdular. Sürücüləri istismar edirdilər, göstərilən müddətdən artıq çalışdırırdılar. Sürücülərə çatmalı olan ödənişləri vaxtında ödəmirdilər. Xidmətdən narazı qalan sərnişinlərin də şikayətinə baxmırdılar. İndi bunlar hamısı qanunla tənzimlənməlidir”.

Bəs narkoman taksi sürücülərini necə tanıyaq? Həkimlər bildirirlər ki, istənilən narkotik maddə beyində biokimyəvi prosesləri sürətləndirir. Aqressivlik narkotik qəbul etmə istəyi baş qaldıranda yaranır. Əgər istifadəçi istədiyi maddəni tapmırsa, gözlər bərəlir, qızarır, hipoksiya (oksigen çatışmazlığı) səbəbindən bədənin açıq nahiyələrində ya dərinin rəngi solğun olur, ya da çox qızarır. Beyin qansız qaldığı üçün də aqressiya yaranır. Bəzən narkomanlar dərindən ah çəkirlər, sanki hava çatışmazlığından əziyyət çəkirlər. Başqa zahiri əlamətlər də var: geyimin çirkli olması, gigiyenik mənada təmiz olmamaq, bəzən günlərlə duş qəbul etmirlər, mövsümə uyğun geyinməmək və sairə.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR