İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotacirlərin dəhşət saçan statistikası - ələ keçməyənlər də çoxdur...

Narkotacirlərlə bağlı statistika dəhşət saçır: Təkcə yanvar-iyun aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 min 277 nəfər cəlb edilib. Onlardan 4 min 179-u kişi, 98-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 49 nəfəri xarici ölkə vətəndaşıdır.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Ümumilikdə, aşkar edilən cinayətlərin 135-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 17 kiloqram 567,9 qram və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qram güclü təsir edən maddə müsadirə olunub. 1530 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 958 kiloqram 088,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Bunlar hələ ələ keçənlərdir. Ələ keçməyənlər də kifayət qədər çoxdur.

Narkotiklər Azərbaycana əsasən İrandan daşınır və narkotacirlərin də əksəri bu şəbəkəyə bağlıdır.

Narkotiklərlə mübarizə kifayət qədər güclü aparılır və bu işdə DİN sərt tədbirlər görür. Bəs cəmiyyət nə etməlidir? Narkoman və narkotacirlərlə mübarizədə vətəndaşların üzərinə düşən məsuliyyət nədir?

Daha hansı tədbirlər görmək olar ki, qandallanan narkotacirləri yeniləri əvəzləməsin?

Bakupost.az - “Heç bir polis Milli Şuranı dəstəkləyə bilməz” - Şəmsəddin  Əliyev

 Şəmsəddin Əliyev

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, narkotik  maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ölkədə cinayət qanunvericiliyi var. Belə ki, Cinayət Məcəlləsinin bir fəsli narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı maddələrdən ibarətdir.  Həmin maddələrdə qeyd olunur ki, narkotik  maddələrin satışı, daşınması, saxlanılması və sairə, qanunvericilikdə sərt qadağandır  və cəza tətbiqi altında müvafiq  tədbirlər həyata keçirilir.

Lakin çox təəssüf ki, bunun qarşısı almaq, insanları bu yoldan çəkindirmək mümkün deyil. Hətta Azərbaycan dövlətinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı “Milli  Fəaliyyət” proqramı da var. Bu proqram dövlət proqramıdır və təkcə DİN deyil, Nazirlər  Kabinetinin tərkibinə daxil olan əksər mərkəzi icra orqanları burada öz əksini tapıb, yəni hansı qurum hansı işi görməlidir deyə. Müvafiq dövr ərzində dövlət proqramına əsasən görülən işlər barədə Nazirlər Kabineti yanında komissiya fəaliyyət göstərir və həmin komissiya hesabat verməlidir. Bura Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, DİN, Dövlət Sərhəd Xidməti də daxildir. Bu, Azərbaycan dövlətinin daxili funksiyasının, daxili siyasətinin həyata keçirilməsinin bariz nümunəsidir. 

Xatırladım ki, iyulun 10-da DİN-in kollegiya iclasında bəyan edildi ki, ötən ilin ilk 6 ayı ilə bu ilin  6 ayını müqayisə edəndə bu il təxminən 800 kq-dan  artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu fakt onu göstərir ki, peşəkar və davamlı, ardıcıl mübarizə həyata keçirilir. Deyə bilərəm ki, DİN-in tarixində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə heç vaxt bu cür fəal şəkildə həyata keçirilməyib. Həqiqətən də son 5 ildə ciddi mübarizə və faktlar var.

Əlbəttə ki, narkotik maddələr digər ölkələrdən, daha çox İrandan Azərbaycana gətirilir. Yəni Azərbaycanda  rəsmi kultivasiya halları yoxdur, amma təsəvvür edin ki, bu ilin 6 ayı ərzində 2 tondan çox narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı faktlar aşkar edilib.

Zamanında  İran Azərbaycan dövlətinin nəzarətində olmayan, işğal altında  olan ərazilərdə həm insan alveri, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çox sərbəst şəkildə hərəkət edib. Həmin yollarla əldə olunan külli miqdarda vəsait isə əsasən terrorçu qrupların maliyyələşməsinə sərf olunurdu. 

Amma artıq həm Sərhəd Xidməti, həm Gömrük Komitəsi, həm də DİN Baş Narkotiklə Mübarizə İdarəsinin regionlar üzrə əməkdaşları çox ciddi işlər görür, mübarizə aparırlar".

Ekspert qeyd edib ki, bu məsələdə vətəndaş cəmiyyətinin də dəstəyi çox mühümdür: “Hesab edirəm ki, bu istiqamətdə maarifləndirmə xarakterli tədbirlərimiz çox məhduddur. Həm də bu sahəyə az QHT cəlb olunur. Halbuki vətəndaş cəmiyyətinin, insanların bu məsələdə dəstəyi çox mühümdür. Məsələn, vətəndaşın yaşadığı ərazidə, binada əgər doğrudan da  narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir şəxs varsa, bununla bağlı vətəndaşlıq mövqeyindən çıxış etməli, seyriçi mövqeyində qalmamalı, dərhal müvafiq  orqanlara məlumat verməlidir  ki, həmin şəxs və ya şəxslər zərərləşdirilsin. Amma bəzən insanlar buna etinasız yanaşır. Və yaxud valideynlər narkotik istifadəçisi olan övladının qiyabi şəkildə belə müalicəsindən çəkinir, onun cəzalandırılacağından ehtiyat edir.

Qeyd edim ki, seyrçi  mövqeyində qalmağın özü bir cinayətdir. Yəni cinayəti bilib gizlətmək, xəbər verməmək narkotacirlərin əhatə dairəsinin genişlənməsinə, onlar üçün münbit şəraitin yaradılmasına dəstək vermək deməkdir.

Daha bir məsələ, DİN Baş Narkotiklə Mübarizə İdarəsi narkotiklə mübarizə ilə bağlı roliklər, çarxlar  təqdim edir. Lakin hesab edirəm ki, bu azdır.  Həm də həmin çarxlar cəmiyyətə, insanlara, izləyicilərə təsir etmək gücündə olmalıdır. Ssenarini yazanlar, çəkənlər onun leytmotivinə diqqət etməlidir.

Həmçinin mediada təbliğ xarakterli verilişlərə, həmin verilişlərdə peşəkar, mütəxəssislərə, o cümlədən psixoloq, nevroloq, narkoloqlara yer vermək lazımdır".

Emil Maqalov əvvəl narkoman olub? - AÇIQLAMA

Emil Maqalov

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ilk növbədə ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilməlidir:

“Çünki istənilən narkotik aludəçisi potensial cinayətkara çevrilir. Narkotik tələbata çevriləndə onu müxtəlif yollarla əldə etməyə çalışırlar. İstifadəçilərin əksəriyyəti oğurluqla, soyğunçuluqla, cibgirliklə və digər cinayət yolu ilə maliyyə əldə edərək narkotik almağa sərf edir”.

Emil Maqalov narkotik istifadəçilərinin sayının artamasının digər səbəbi kimi insanların internetə və dünyaya senzurasız daxil olmasını göstərib: “Hazırda narkotiklərin istifadəsi çox asandır. Narkotik istifadəçilərinin sayının artmasının digər səbəbi insanların internetə və dünyaya senzurasız daxil olmasıdır. Uşaqdan tutmuş hər kəsin rahatlıqla yazı və ya videolara girmək imkanı var. Üçüncü səbəb gənclərin asudə vaxtının təşkili problemidir. Bu durumun acı mənzərəsi daha çox rayon və kəndlərdə özünü büruzə verir. Şəhərlərdə asudə vaxtın təşkili ilə bağlı bir qədər nikbin mənzərə var.

Deyə bilərəm ki, ətraf ölkələrlə müqayisədə Azərbaycanın göstəricisi daha yaxşıdır. Mən Türkiyə, İran, Gürcüstan və Dağıstanda olmuşam. El dilində bu ölkələrə baxanda şükürlüyük. Çünki Azərbaycanda ailə dəyərləri, mentalitet və digər amillər böyük rol oynayır.

Bu doğrudur ki, son illərdə ölkədə narkotiklərlə mübarizə kifayət qədər güclü aparılır və DİN bu istiqamətdə xeyli ciddi tədbirlər həyata keçirir. Lakin mövcud vəziyyəti nəzərə alsaq, mübarizəni daha da gücləndirməliyik. Bunun bir yolu var, o da narkotiki satanlarla mübarizə aparmaqdır. Hansı ki, bütün dünya bununla mübarizə aparır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR