Onlayn ictimai-siyasi qəzet
“Ötən il qardaşım namaz qılmağı öyrədib. Bizlər də oruc tuturuq, qurban kəsirik. İmamların yolunda ehsan veririk”. Bu sözləri Mədinə adlı hicablı dilənçi “Yeni Müsavat”ın əməkdaşı ilə söhbət zamanı deyib.
Qeyd edək ki, paytaxtda hicablı dilənçilərə rast gəlmək nadir hadisə sayılmaz. Məlumdur ki, İslam dini ağlı başında olan, sağlam və yetkin müsəlmana halal zəhmətlə ruzi qazanmağı tövsiyə edir. Bəs dilənməyi özünə peşə seçmiş şəxsin ibadəti ilə əməli islama görə nə dərəcədə bir-biri ilə uzlaşır? Hətta Ramazanda çıxarılan fitrə zəkatını peşəkar dilənçilərə deyil, fəqirlərə vermək məsləhət görülür.
Başqa yandan, Allah yolunda qurban kəsmək imkanlı müsəlmanlara fərz qılınıb. İmkanlı adamdırsa, niyə dilənir? Yaxud dilənçiliklə əldə edilən pula kəsilmiş qurban, eləcə də qılınan namaz və tutulan oruclar islama görə, qəbulmu? Bu əməllər islamı gözdən salmırmı?
Müsəlman aləminin böyük alimi Seyid Hüseyn Fəzlullah vurğulayıb ki, dilənçilik, əgər həqiqi zərurət yoxdursa, insanın ləyaqətinə ziddir və İslamın əxlaqi prinsiplərinə uyğun gəlmir. O deyib ki, İslam yalnız həqiqi möhtaclara yardım etməyə çağırır. Həmçinin qeyd etmişdir ki, əgər dini geyimlər və ya ibadətlər şəxsi mənfəət üçün bir vasitə kimi istifadə edilirsə, bu, böyük günahdır və cəmiyyətdə dini dəyərlərə qarşı mənfi təsir yaradır.
Bununla belə, İmam Baqir buyurur: “Dilənçiyə bir şey verin, hətta əgər ata minmiş olsa belə”. Burada at bir metafordur. İmam buyurur ki, dilənçi zahirdə imkanlı görünsə də, dilənçilik etdiyi üçün ona bir şey verin, yardım edin. Çünki yardım üçün əlini sizə tərəf uzatmışdır.
Həzrət Peyğəmbər isə belə buyurur: “Dilənçini istəyindən ümidsiz etməyin”. İmam Əli Kumeylə buyurur: “Ey Kumeyl! İstəyəni geri qaytarma, hətta əgər xurmanın yarısı və ya üzümün yarısı qədər olsa belə”.
Quranda buyurulur ki, əgər dilənçiyə yardım etməyə gücün çatmırsa, ən azı ona xoş söz deyərək yola sal: “Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de”. (“İsra” 28).
Rəsul Mirhəşimli
Dini məsələlər üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Paytaxtda və bölgələrdə dilənçilik edən bəzi qadınların hicab bağlaması bir çox hallarda dinin göstərişlərindən irəli gəldiyi üçün deyil, psixoloji məqamlar baxımdan edilir. Bu işlə məşğul olanlar insanlardan daha çox sədəqə toplaya biləcəklərini düşünüb, bu vasitəyə əl alırlar. Hicab müsəlman qadın üçün çox mühüm dini və mənəvi dəyər anlamı daşıyır.
Hicab təkcə geyim növü deyil, eyni zamanda bir inancın və dəyərlərin simvoludur. İslamda hicab qadının şəxsiyyətinin və şəxsiyyətinə verilən sayğının qorunmasının əhəmiyyətini nümayiş etdirir. Başqa sözlə, hicab cəmiyyətə qadının şəxsiyyətinin cinsiyyətindən öndə olduğunun mesajını verir. Bu baxımdan, hicabdan sədəqə toplamaq üçün bir vasitə olaraq istifadə edilməsi ilk növbədə bir qadının öz şəxsiyyətinə sayğı göstərmədiyini ortaya qoyur.
İslam dini fiziki imkanları və zəkası olan insanları işləməyə təşviq edir, öz əməyi ilə qazanc əldə etməyi halallar kateqoriyasına daxil edir. Qurani-Kərimdə işləməyin önəmi bir neçə ayədə vurğulanır. Əmək insanların həm özləri, həm də cəmiyyət üçün faydalı olmalarını təmin edən vacib bir dəyərdir. İslamda işləmək yalnız maddi qazanc əldə etmək məqsədilə deyil, həm də Allahın rizasını qazanmaq üçün görülən fəaliyyət kimi qəbul edilir.
Əmək həmçinin insanın zəhmətinin göstəricisi sayılır və əzmini oraya qoyur. Allah-Təala hər kəsin öz əməlinin qarşılığının alacağını buyurur. Bu da onu göstərir ki, insanın etdiyi yaxşı işlər mükafatlandırılacaq".
Rəsul Mirhəşimli əlavə edib ki, İslam dinində çalışqanlıq yüksək qiymətləndirilir: “İnsanlar həm şəxsi həyatlarında, həm də cəmiyyətin inkişafında fəal olmalı, zəhmət çəkərək yaşamalıdırlar. İşin önəmi həmçinin insanların mənəvi yüksəlişi ilə də əlaqəlidir. Əmək həm də insanın sosial məsuliyyətlərini yerinə yetirməsinin bir vasitəsidir. Cəmiyyətə faydalı olmaq və başqalarına yardım etmək üçün insanlar çalışmalıdırlar. İşləmək imkanı olanların müxtəlif vasitələrdən istifadə edərək özünü acındıraraq, sədəqə toplamaq vərdişi heç bir halda yaxşı əməl sayıla bilməz.
O ki qaldı başqalarının bağışladığı pulla qurban kəsilməsinə, bu məsələsini izah edən alimlər qeyd edir ki, həmin insan ona bağışlanan pulun sahibidir. Alimlərə görə, həmin vəsaiti necə xərcləməsi də o insanın öz iradəsi daxilindədir. Həmin insan istərsə, həmin pulu öz ehtiyacları üçün istifadə edər, istərsə, qurbanlıq heyvan alıb kəsər".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ