İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müzakirələr zamanı bəlli oldu ki...”- Deputatdan yeni qanun layihəsi ilə bağlı açıqlama


“Bu qanun layihəsi bütün siyasi sistemimizin uğuru kimi qiymətləndirilməlidir”

Bu sözləri Musavat.com-a hakim Yeni Azərbaycan Partiyasından deputat Hikmət Babaoğlu deyib. Onun fikrincə, ilk dəfədir ki, siyasi partiyaların əksəriyyətinin iştirakı ilə belə mühüm kütləvi hadisə baş tutur: “Məsələ ondadır ki, indiyədək heç vaxt Azərbaycanın siyasi palitrasının demək olar ki, bütün rənglərinin qatıldığı bir formatda belə kütləvi müzakirə olmayıb. Hazırkı siyasi sistemimiz ötən əsrin 90-cı illərində əsası qoyulan və formalaşan siyasi sistemdir. Elə siyasi partiyalar haqqında mövcud qanunumuz da 1992-ci ildə qəbul edilmiş qanundur. İndiki mərhələdə isə kardinal şəkildə dəyişən şərtlər var. Bu, istər siyasi sistemimizi təyin edən əsas faktorlar, istərsə də, demokratiyamızın inkişafının hazırki vəziyyəti ilə bağlı olan faktorlarla əlaqədardır.

Məsələn, müstəqilliyimizin ilk illərində siyasi mübarizədə siyasi rəqabət və siyasi münasibətlər sistemimiz də ərazi bütövlüyümüz və keçmiş Qarabağ problemi kontekstində formalaşırdı. Bu faktorlar daima sosial-siyasi münasibətlərimizi təzyiq altında saxlayır, demokratik inkişafımızın obyektiv əsaslarda formalaşmasına təsir edirdi. Hazırda isə həm ölkəmizdə həyata keçirilən dərin siyasi islahatlar, həm də Vətən müharibəsindən sonra əldə etdiyimiz tarixi qələbəmiz kontekstində siyasi münasibətlər sistemimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması zərurəti yaranıb. Bu isə şübhəsiz ki, yeni hüquqi əsaslarda daha demokratik qanunlarla tənzimlənməlidir.

Müzakirələr zamanı bəlli oldu ki, qanun layihəsinə 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Eyni zamanda, 11 parlament partiyasının təşəbbüsü və Milli Məclis sədrinin dəstəyi ilə yeni qanun layihəsi ərsəyə gəlib. Bu isə o deməkdir ki, bu qanun layihəsinin həmmüəllifləri elə 47 siyasi partiya yaxud onların təmsilçiləridir. Ona görə də siyasi partiyalar haqqında qanun layihəsi növbəti müzakirələrdə daha da cilalanmaqla, təkmilləşməklə siyasi sistemimizi daha da inkişaf etməsinə səbəb olacaq bir qanuna çevrilə biləcək. Bu isə bütün siyasi sistemimizin uğuru kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə Milli Məclis üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, həmçinin parlamentdənkənar siyasi partiyaların sədrləri və ya rəhbərliyə daxil olan şəxslər iştirak ediblər. Növbəti dinləmələrin vaxtı hələ bilinmir.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR