İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətin səfirlərlə görüşləri davam edə bilər

AMİP rəsmisi: “İllərdir ki, əhaliyə, beynəlxalq təşkilatlara ”danos"lar ötürürlər ki, bizdən başqa müxalifət partiyaları mövcud deyil"

Bəzi müxalifət partiyaları ötən ay ABŞ səfirliyinin təmsilçisi və Fransa səfiri ilə görüşdü. Bu görüşlər siyasi səhnədə maraqla qarşılandı. İndiyə qədər onların ünvanlarına “avtobus müxalifəti” ifadəsi işlədən radikallar bu məqamla bağlı susdular. Bu görüş faktları onların hakimiyyətlə təmas quran siyasi müxalifətə qarşı “qara piar” kampaniyasını demək olar ki, iflasa uğratdı. 

Ağ Partiyanın başqanı Tural Abbaslı dedi ki, pandemiya səbəbindən  beynəlxalq təşkilatlar, səfirliklər siyasi partiyalarla görüşlər keçirməyiblər: “Təşəbbüs irəli sürüləndə təklif etdik ki, ilk görüş bizim qərargahda olsun. Çünki səfirlər Azərbaycanda bizim qonaqlarımızdır. Bu görüşlərdə dövlətdən şikayət olunmayıb. Əsasən insan haqları, həm ABŞ, həm də Fransanın Qarabağ məsələsində mövqeyi, azərbaycanlıların ermənilərlə birgəyaşayış məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşlər qarşılıqlı anlayış mühitində keçirilib. Yəqin ki, görüşlər davam edəcək. Bu, Azərbaycanın daxili siyasətinin güclənməsinin göstəricisidir. Hakimiyyət bir siyasi qüvvənin ətrafında qurulursa, dövlətin daxili immuniteti zəif olur. Bir neçə siyasi konfiqurasiya olmalıdır ki, Azərbaycanın manevr imkanları artsın”.

Tural Abbaslı (@TuralAbbasli) / Twitter

Tural Abbaslı

T.Abbaslı eyni zamanda bildirdi ki, regionda və Azərbaycanda təsiri olan səfirliklərin təmsilçiləri ilə görüşlər, fikir mübadiləsi aparmaq, dövlətlərarası münasibətləri müzakirə etmək faydalıdır: “Böyük Britaniya, Türkiyə, Rusiya, İran təmsilçiləri ilə görüşlər ola bilər.  Lakin bu görüşlər nəticəli olmalıdır”. 

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev bildirdi ki, ABŞ səfirinin müşaviri  və Fransa səfiri ilə ayrı-ayrılıqda görüşlərin keçirilməsi fəaliyyət istiqamətlərinin bir hissəsi kimi qəbul etmək lazımdır: “Ölkədə ciddi siyasi fəaliyyətlə məşğul olan partiya üçün bu vacib amillərdən biridir. Azərbaycan qapalı yox, əksinə, dünyaya hər zaman açıq olan dövlətdir və bu yöndə daha da irəli getmək hamımızın işi olmalıdır. Ölkəmizdə mövcud olan səfirliklərlə, beynəlxalq təşkilatlarla mütəmadi olaraq görüşlər keçirib tərəfləri maraqlandıran mövzularda fikir mübadilələri aparmaq hakimiyyət üçün  nə qədər vacibdirsə, müxalifət üçün də bir o qədər əhəmiyyətlidir. Çünki onlar hərəsi öz meydanında ölkə üçün məsuliyyət daşıyan qüvvələr hesab olunurlar. Eyni zamanda bu günün müxalifəti sabahın iqtidarı ola bilər. Bizim üçün bu görüşlərin vacibliyi məhz bu məsuliyyəti öz üzərimizdə hiss etməyimizdən qaynaqlanır. Bu görüşlərə qısqanclıqla yanaşan, qaralamağa cəhd edənlər də var. Araşdıranda məlum olur ki, onlar  özlərinə ”əsas" müxalifət partiyası deyən digər siyasi təşkilatlara yaxın olan insanlardır. Onlarda bu yanaşma uzun illərdir ki, formalaşıb və bu gün də davam edir. Ölkədə iqtisadi sahələri qara yara kimi bürüyən monopoliyadan əziyyət çəkirik, siyasi sahədə isə onların müxalifəti monopoliyaya alma cəhdlərini görürük. İllərdir ki, əhaliyə, beynəlxalq təşkilatlara “danos”lar, məlumatlar ötürürlər ki, bizdən başqa müxalifət partiyaları mövcud deyil və yalnız bizimlə əməkdaşlıq edilməlidir. İndiyədək aparılan bu uğursuz siyasət hər zaman fiaskoya uğrayıb. Əslində bu məsələnin üstünə gedilməsinin tərəfdarı heç vaxt olmamışam. Kim nə deyir-desin, biz işimizlə, proseslərə yanaşmamızla özümüzü təsdiq etmişik və edirik".

E.Mustafayev həmçinin qeyd etdi ki, pandemiya dövründə məlum qadağalar səbəbindən fasilələr olsa da, çox sayda görüşlər olub, bundan sonra da davam edəcək, çünki bu, siyasi fəaliyyətin bir qoludur: “Bunu həyata keçirən zaman kimin nə deyəcəyi və nə düşünəcəyi bizi maraqlandırmır. Yəni bu görüşləri özümüzü təsdiq etmək, legitimləşdirmək xətrinə keçirmirik. Beynəlxalq təşklilatlardakı fəaliyyəti ilə 25 illik təcrübəsi olan AMİP zatən çoxdan legitimləşib, həm ölkədə, həm də xaricdə tanınır. Yaxud AG Partiyanın, Tural Abbaslının özünütəsdiqə, tanınmağa ehtiyacı var? Digərləri də həmçinin. Düşünürəm ki, indiyədək bizimlə görüşmüş, bundan sonra da görüşəcəyimiz  səfirliklər, beynəlxalq təşkilatların nümayəndələri kimlərlə təmas etdiklərini  yaxşı bilirlər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR