İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətçilər Laçın yolundakı aksiyalara aparılacaqmı - açıqlama

Bəlli olduğu kimi, artıq 3 gündür Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları Xankəndi-Gorus yolunun (Laçın koridoru) Şuşadan keçən hissəsində çadır qurub, aksiya keçirir.

Səbəb Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların himayəsinə sığınmış ermənilərin ölkəmizə ekoloji problem yaratması, faydalı filiz və qızıl yataqlarının qanunsuz istismarı,  sülhməramlıların nəzarətində olan ərazilərimizdə Azərbaycan vətəndaşlarının, mütəxəssislərin sərbəst hərəkətlərinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının monitorinq aparmalarına mane olmasıdır.

Aksiyaya ikinci günündə gənclər, könüllülər də qoşulublar. Müxalifət partiyaları - AMİP, AĞ Partiya, AXP və BAP da etirazçılara dəstək olaraq aksiyaya qoşulmaq niyyətlərini bəyan ediblər. Onlar bildiriblər ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin üçtərəfli bəyanatla üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi onların ərazilərimizi tərk etməsini labüd edir. Bəyanatda həmçinin rəsmi Ermənistan tərəfindən aksiya ilə bağlı dünya ictimaiyyətinə yalan məlumat verilməsinin və beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə fikirlərin formalaşmasının qarşısının alınması üçün aktiv fəaliyyətin zəruriliyi qeyd olunub, dünyanın aparıcı ekologiya təşkilatlarına müraciətlərin ünvanlanmasının vacibliyi bildirilib. AMİP, AXP, BAP və AĞ Partiya rəhbərliyi bir daha bəyan edir ki, Azərbaycanın Laçın yolu üzərində nəzarəti öz üzərinə götürməsi üçün bütün əsaslar mövcuddur və öz fəaliyyəti ilə faktiki olaraq sülh prosesini tormozlayan Rusiyanın bundan sonra da öz qanunsuz fəaliyyətini icra etməsinə imkan vermək yolverilməzdir.

TV Musavatın efirində danışan AĞ Partiya lideri Tural Abbaslı da hakimiyyətə bununla bağlı müraciət edib. O çağırış edərək deyib ki, hakimiyyət siyasi partiya liderlərinin Xankəndinə gedən yolda həyata keçirilən aksiyalara qatılmasının təmin olunmasından çəkinməməlidir. Tural Abbaslının fikrincə, hər bir siyasi partiya sədri, müxalifət liderinə müvafiq icazələr verilməlidir və onlar ümumi qaydada deyil, hər biri öz imkanları və partiyadaşları ilə aksiyalarda iştirak etməlidirlər.   

Partiyaların təmsilçilərinin aksiyaya qoşulmasına şərait yaradıla bilərmi? Qoşularsa, sülhməramlılar, ermənilər buna siyasi don geyindirə bilərmi?

Sabah dünya Azərbaycan -Türkiyə qardaşlığının daha bir mesajını alacaq

Qabil Hüseynli: “Hələ ki keçirilən aksiyalarda hökumətin müdaxiləsi hiss olunmur, ona görə...”

Politoloq Qabil Hüseynli qəzetimizə bildirib ki, hələ ki orada baş verən aksiyalar qeyri-hökumət təşkilatlarının, ekoloqların təşəbbüsü ilə həyata keçirilir: “Hələ ki keçirilən aksiyalarda siyasi məqamlar, yəni hökumətin müdaxiləsi hiss olunmur. Bu nöqteyi-nəzərdən siyasi müxalifət partiyaları əgər orada iştirak etmək istəyirlərsə, ilk növbədə həmin qeyri-hökumət təşkilatları ilə danışıqlara gedib, onlarla keçirmək istədikləri aksiyaları razılaşdırmalıdırlar. Hökumətə müraciət etmək, hökumətdən bu səfəri təşkil etmək haqqında hər hansı danışıqları mən faydalı hesab etmirəm. Çünki hələ proseslər sırf qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə həyata keçirilir və prosesə onlar rəhbərlik edirlər”. 

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays yerli mediaya açıqlamasında deyib ki, ABŞ Ermənistan və Azərbaycan arasında Laçın dəhlizində baş verən qarşıdurma və gərginliyin aradan qaldırılması üçün səy göstərir: “Düşünürəm ki, biz ardıcıl olaraq diqqəti iki ölkə arasında vəziyyətin nizamlamasına yönəltməliyik”,- deyə Prays əlavə edib.

O deyib ki, bir müddət əvvəl ABŞ BMT-nin Baş Assambleyası çərçivəsində iki ölkənin XİN başçısının görüşünü təşkil edib: “Baş müşavirimiz Filip Riker gərginliyin aradan qaldırılmasını təmin etmək üçün hər iki ölkənin rəsmiləri ilə fəal əməkdaşlıq edir”.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli: “Siyasi partiyalar da cəmiyyətin bir parçasıdır...”

Siyasi şərhçi Elçin Mirzəbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, siyasi partiyaların təmsilçiləri də, üzvləri də Azərbaycan vətəndaşlarıdır: “Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı məsələlərdə siyasi partiyaların mütləq əksəriyyəti arasında hər hansı bir fikir ayrılığı yoxdur. Bu mövqe özünü 44 günlük müharibə dövründə də qabarıq şəkildə büruzə verdi. Bu aspektdən də onlar da bir vətəndaş kimi öz mövqelərini ifadə edə bilərlər. Ayrı-ayrılıqda siyasi partiyalar mahiyyət etibarilə keçirilən aksiyalara dəstəklərini ifadə ediblər. Amma indiki şəraitdə keçirilən aksiyalar vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilir. Burada ekoloji fəlakətə qarşı, ermənilərin həyata keçirdiyi qeyri-qanuni fəaliyyətə qarşı olan bir münasibət sərgilənir. Burada ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları iştirakı edir. Nəticə etibarilə siyasi partiyalar bu prosesdə, yaxud onların nümayəndələri iştirak edirlərsə, buna görə onları hər hansı bir formada heç kim qınamayacaq. Bu, məsələnin qeyri siyasiləşməsi fonunda mesajların verilməsi anlamına gəlməyəcək”.

Siyasi şərhçi əlavə edib ki, siyasi partiyalar da cəmiyyətin bir hissəsidir, Azərbaycan ərazisindəki yataqların qeyri-qanuni istismarına da öz münasibətlərini bildirə bilərlər: “Siyasi partiyalar cəmiyyətdə baş verən bütün hadisələrə münasibətini bildirir. İqtisadi, sosial, mədəni və sairə. Onlar cəmiyyətin bir parçasıdır. Vətəndaş institutları kimi. "Sən nə üçün ekoloji problemlə bağlı məsələyə diqqət yetirirsən" deyə heç kim onları qınaya bilməz. Ermənilərə gəldikdə isə onsuz da onlar istənilən məsələyə bir don geyindirməyə çalışacaqlar. Orada siyasi partiyaların təmsilçiləri iştirak etsin, ya etməsin, onlar üçün fərqi yoxdur. Onsuz da keçirilən aksiyanın vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət olmasına baxmayaraq, erməni mediası və teleqram kanalları bütün günü böhtan və yalan üyütməklə məşğuldur. Mahiyyət etibarilə düşünürəm ki, bu gün Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və media təmsilçiləri öz işlərinin öhdəsindən gəlirlər. Siyasi mənsubiyyətindən asılı olmayaraq bu prosesə dəstək verməyə hazırdırlar.  Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib. Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər. Aksiyanın sıraları genişlənir. Müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR