İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəmləkəçiliklə mübarizəyə dəstəyin müsbətləri və mənfiləri...

Bizim tərəfimizdən bu xalqlara kiçik də olsa dəstəyin verilməsi prinsipcə, təqdir olunan hərəkətdir. Amma qədim Çin fəlsəfəsində deyildiyi kimi: hər şeyin müsbət tərəfləri olduğu kimi mənfilikləri də olur, yəni hər qaranlıqda bir işıq, hər işıqda da bir qaranlıq var.

Bakıda seyrək şəkildə olsa da, müstəmləkəçilikdən, xüsusən də Fransa kolonializmindən əziyyət çəkən kiçik xalqların təmsilçilərinin etirazları davam edir.

Lap əvvəlcə müsbətlər haqqında. Burada hər şeydən əvvəl demək lazımdır ki, hətta özümüz də gənc bir dövlət kimi müəyyən təzyiqlər, hətta təhdidlər yaşayırıq.

Ona görə də hələ də dünyanı bölüb-bölüşdürməkdən usanmayan-doymayan böyük dövlətlərə hərdən onların, necə deyərlər, yerini göstərmək lazımdır - indi nə 18-ci əsrdir, nə də 19-cu, biz hələ bundan əvvəlləri demirik!

Odur ki, dünyaya baxışlarını dəyişmirlərsə, qoy onda heç olmasa, eynəklərini dəyişsinlər.

Bundan başqa, hazırda Azərbaycan Qoşulmama Hərəkatının lider dövlətlərindən biridir. Sirr deyil ki, bu, nisbətən zəif xalqların, öz müstəqilliklərini qorumaqla bağlı müəyyən problemlər və hətta çətinliklər yaşayan dövlətlərin birliyidir. Bu birlik də əzilən xalqların yanında olmasa, daha kim olacaqdır, kim onlara dəstək verəcəkdir?

Müstəmləkə ilə mübarizəyə dəstək vermək həm də bir mənəviyyat məsələsidir. Tarixən mütərəqqi millətlər və insanlar azadlıq uğrunda çarpışan xalqların yanında olublar. Müstəmləkəçiliyə qarşı mübarizənin çətinliklərini bəlkə də bizdən yaxşı heç kim bilmir. Bu mübarizənin ən birinci, ən ümdə problemi isə eşidilməkdir - bu yolu tutan xalqlar ilk növbədə səslərini dünyaya, başqa xalqlara çatdırmaq istəyirlər, amma heç də həmişə eşidilmirlər.

Vaxtilə bizim indiki Azadlıq meydanında yüz minlərlə insan toplaşırdı. Onların da qarşılaşdığı ilk problem məhz eşidilmək idi. İnsanlar möhtac idi ki, qəzetlər, televiziyalar bu yüz minlik mitinqlərdən heç olmasa, bircə cümlə yazsınlar, kiçik bir informasiya versinlər, süjet göstərsinlər! Amma yazmırdılar, danışmırdılar, göstərmirdilər, sanki heç nə baş verməmişdi! Odur ki, öz haqq səslərini dünyaya çatdırmaq üçün Bakıya gələn bəzi kiçik xalqların təmsilçilərini yaxşı başa düşmək olar - Azərbaycan onlar üçün kiçik də olsa, bir nəfəslikdir...

Amma dünya həm də siyasət dünyasıdır. Bunu azca sonra daha konkret toxunacağımız cənab fransızlar hamıdan yaxşı bilirlər.

Hətta Fransa vaxtilə uzaq ABŞ-ın İstiqlaliyyət hərəkatına dəstək verəndə həm də konkret geosiyasi məqsədlər güdürdü - bəzi mülahizələrə görə, fransalı Jilber Lafayet belə heç də elə-belə canfəşanlıq etmirdi! Deyilənə görə, məqsəd həm də Britaniya imperiyasını zəiflətmək idi...

Elə bu səbəbdən də bu məsələnin siyasi tərəfləri də var, xüsusən də söhbət Fransa müstəmləkələrindən gedəndə - biz bu yolla bizə təzyiq edən Fransaya cavab verməyə çalışırıq.

Fransanın son vaxtlarda Azərbaycana qarşı apardığı siyasət hamıya bəlldir. Əslində burada təəccüblü heç nə yoxdur - bu ölkə başabəla Minsk Qrupunun üçüncü həmsədri olanda neçə-neçə insan haray çəkdi ki, gəlin buna razılıq verməyək, bu ölkə erməni yuvasıdır!

Düzdür, ovaxtkı prezident Jak Şirak bir az balanslı siyasət yürütməyə çalışırdı, amma o, gedəndən sonra rəsmi Parisin maskası tamam yırtıldı, balans-filan qalmadı.

İndi ABŞ faktiki olaraq bəyan edibdir ki, bəzi diplomatik şablonların, artıq gərəksiz bir arxaizmə çevrilmiş diplomatik formatların, yəni Minsk Qrupunun qalmasında israr etmir, tərəflərlə istənilən formatda əməkdaşlıq etməyə hazırdır. Düşünürük ki, bu xüsusda Rusiya ilə də danışmaq, onun razılığını almaq olar. Qalır bircə Fransa - bu ölkə heç cür razılaşmır ki, qatar gedib, keçmiş Dağlıq Qarabağ problemi tamam və birdəfəlik həll olunub, bunu bir az nala-mıxa vırsa da, hətta İrəvanın özü - Parisin “kiçik bacısı” da etriraf edir!

Fəqət, bir daha deyirik ki, Paris bununla barışmaq istəmir, Ermənistanı qızışdırmaqda, hətta silahlandırmaqda davam edir. Bu yaxınlarda cənab E.Makron yenə Ermənistana gəlməlidir. Görək, bu dəfə hansı “müjdələr”lə gələcək! Bütün hallarda, biz Fransa ilə ehtiyatlı olmalıyıq, böyük və məkrli dövlətdir, hazırda siyasi cəhətdən hətta Avropa İttifaqı da onun təsiri altındadır.

Bizim onların koloniyalarının mübarizəsinə dəstək verməyimiz əslində həm də Parisin keçmiş Dağlıq Qarabağ separatistlərinə verdiyi dəstəyə bir cavabdır. Amma bir az ehtiyatlı olmalıyıq, çünki Fransa bu məsələdə bir az uzağa gedə bilər. Ümid edirik və hətta tamamilə əminik ki, böyük hesabla onlar heç nəyə nail olmayacaq - bir daha deyirik ki, qatar artıq gedibdir. Amma məsəl var, deyirlər ki, ehtiyat igidin yaraşığıdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR