İnsanlara hürriyət, millətlərə istiqlal!

Muradov İrəvanda, Simonyan Bakıda - revanşistlər yasda

Qərbin Cənubi Qafqazda maraqları artır; tərəflər sülh prosesini uğurla yekunlaşdırmaq niyyətindədir 

19-21 sentyabr tarixində Bakıda III Beynəlxalq Təhlükəsizlik Forumu keçirilib. Tədbirdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan da iştirak edib. Təxminən eyni vaxtda (22-23 sentyabr) Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanda səfərdə olub. O, İrəvanda NATO PA-nın 108-ci “Rouz Rot” seminarına qatılıb.  

M.Muradov yerli KİV-ə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib. O bildirib ki, İrəvan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları məsələsini qaldırmır, ona görə də bu məsələdə anlaşma var: “Azərbaycan Xarici İşlər Nazirliyi sülh müqaviləsinin imzalanmasının Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı olduğunu açıqlayıb. İnşallah, tezliklə buna nail olunacaq. O zaman tamhüquqlu sülh müqaviləsinin bağlanmasına, diplomatik münasibətlərin qurulmasına heç bir maneə olmayacaq. Bu, xüsusilə Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsində Qarabağın qeyd olunmasına aiddir ki, bu, Azərbaycan üçün "ağrılı məsələ, potensial saat bombası"dır". 

Ekspert 1 il ərzində sülh sazişinin imzalana biləcəyini istisna etməyib. 

Erməni revanşist politoloq Suren Surenyants isə Simonyanın Bakı səfərinin Azərbaycanın beynəlxalq aləmdə imicini artırdığını, Ermənistana isə heç nə gətirmədiyini deyib. Onun sözlərinə görə, Simonyanla birgə erməni məhbusların qayıdacağına ümid bəsləsə də, ümidi doğrulmayıb.   

“Bu, diplomatiya deyil, təhlükəli məğlubiyyətdir. İstənilən erməni məmurun səfərinə o zaman haqq qazandırmaq olar ki, əsirlər (?! - red.) onlarla birlikdə geri qaytarılar”, - Surenyants bildirib.  

Onun iddiasına görə, belə nəticələr yoxdursa, o zaman bu səfərlər nəinki Ermənistanın maraqlarını qoruya bilmir, üstəlik, Azərbaycanın mövqeyini gücləndirir... 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, 2025-ci il avqustun 8-də baş tutan tarixi Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, tərəflər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər. 

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində Bakı və İrəvana qarşılıqlı səfərlərin əhəmiyyətini şərh etdi: “Ermənistan Milli Təhlükəsizlik Xidməti rəhbərinin Bakıya gəlməsi, ilk növbədə, Azərbaycanın regional təhlükəsizlik müzakirələrində mərkəzi mövqeyini təsdiqləyir. Bu, həm də Ermənistan üçün konstruktiv dialoqa qapı açmaq niyyətinin siqnalıdır. Eyni zamanda Azərbaycanın aparıcı ekspertlərindən biri olan Murad Muradovun İrəvanda NATO Parlament Assambleyasının tədbirinə qatılması, Bakının öz siyasi mövqelərini beynəlxalq platformalarda, həm də Ermənistan ictimaiyyətinə təqdim etmək bacarığını göstərir. Qeyd edim ki, Bakı Forumu dövlət strukturları, beynəlxalq ekspertlər və region ölkələrinin təhlükəsizlik qurumlarını bir araya gətirməklə müasir çağırışlara cavab tapmağa yönəlmişdi. Burada Ermənistan rəsmisinin iştirakı Azərbaycanın müzakirə masası rolunu təsdiqləyir. İrəvanda keçirilən NATO PA seminarı isə Cənubi Qafqazda Qərbin artan maraqlarını ortaya qoyur. Azərbaycan nümayəndəsinin iştirakı həm NATO ilə əməkdaşlıq xəttinin davam etdiyini göstərir, həm də Azərbaycanın İrəvana mesajını çatdırır ki, Bakı regional proseslərin əsas oyunçusudur. Qarşılıqlı səfərlər göstərir ki, Cənubi Qafqazda qarşıdurma mərhələsindən dialoq və siyasi iştirakçılıq mərhələsinə keçid cəhdləri mövcuddur. Bu cür təmaslar bir tərəfdən Ermənistanın Qərblə inteqrasiyasına işarədir, digər tərəfdən isə Azərbaycanın həm regiondaxili, həm də beynəlxalq səviyyədə nüfuzunu artırır. 

Bakı və İrəvana qarşılıqlı səfərlər təkcə diplomatik jest deyil, həm də təhlükəsizlik arxitekturasının yenidən qurulmasına xidmət edən prosesdir. Azərbaycan bu platformalarda həm regional lider kimi çıxış edir, həm də Ermənistanla birbaşa və dolayı dialoqu təşviq edir. Bu tendensiya davamlı olarsa, sülh gündəliyinə real töhfə verə bilər". 

İstənilən ideoloji təxribatın hər hansı ciddi perspektivi yoxdur - Mətin  Məmmədli

Mətin Məmmədli

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hesab edir ki, sözügedən səfərlərə son zamanlar iki ölkə arasında intensivləşən və xeyli irəliləyişlər müşahidə olunan sülh prosesi kontekstindən yanaşmaq lazımdır. “Yeni Müsavat”a açıqlamasında M.Məmmədli xatırlatdı ki, avqustun 8-də Vaşinqtonda sülh prosesi ilə bağlı mühüm razılaşmalar əldə olunub: “Ötən ay Vaşinqtonda sülh müqaviləsi layihəsi paraflanıb, tərəflər rəsmi olaraq sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan ediblər. Eyni zamanda regionda kommunikasiyaların açılması ilə bağlı ciddi anlaşmalar əldə olunub. Bütün bunlar ondan xəbər verir ki, hər iki ölkə yaxın zamanda prosesi uğurla yekunlaşdırmaq niyyətindədir. Bu səfərlər də sülh prosesinə töhfə verən səfərlərdir. Məlum məsələdir ki, hər iki xalqın sülhü qəbul etmələri üçün bir sıra amillərin olması vacib şərtdir. Bu amillərdən birincisi etimadın qurulmasıdır. Qarşılıqlı səfərlərə həm də etimad quruculuğu kontekstində yanaşılmalıdır. Səfərlərin olması dövlətlərin bir-birinə düşmən kimi baxmamasını göstərir. Eyni zamanda səfərlər çərçivəsində müxtəlif vacib məsələlər müzakirə olunur. Ümumiyyətlə, səfərlər sülh prosesinə töhfə verir”.  

Nigar HƏSƏNLİ, 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR