İnsanlara hürriyət, millətlərə istiqlal!

Müqəddəs torpaqlarda kritik müzakirə - yeni qlobal arxitektura və Azərbaycan

ABŞ-Rusiya danışıqları müharibəni dayandıracaq?

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna böhranı ilə bağlı ABŞ və Rusiya arasında müzakirələr başlayıb. Vaşinqtonu danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Milli Təhlükəsizlik üzrə müşavir Maykl Uolts və xüsusi nümayəndə Vitkoffu təmsil edir. Rusiya isə XİN başçısı Sergey Lavrov, Putinin köməkçisi Yuri Uşakov və Rusiya İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev səviyyəsində təmsil olunub. 

Ər-Riyaddakı danışıqların əsas məqsədi ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə genişmiqyaslı sammit təşkil etməkdir. Bu görüş Qərb və Rusiya arasında Ukrayna məsələsində diplomatik həll yollarının araşdırılması baxımından mühüm addım hesab olunur. Hazırda beynəlxalq ictimaiyyət bu danışıqların sülh perspektivlərinə necə təsir edəcəyini diqqətlə izləyir.

Gündəlikdə Ukrayna ilə yanaşı, Yaxın Şərq də daxil olmaqla, bir sıra coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi məsələlər və s. var. Ukrayna müharibəsinin dayandırılması və bu ölkə üzərindəki mövqelərin-maraqların bölüşdürülməsi hər iki tərəf üçün ümumi razılaşmada bir-birinə qarşı istifadə edəcəyi kart kimi də görünür, xüsusilə ABŞ-ın Rusiyaya qarşı bundan istifadə imkanları genişdir.

“Bloomberg”in məlumatına görə, Tramp və Putin gələn həftə görüşə bilərlər. “Fox News” isə xəbər verir ki, Rusiya və ABŞ atəşkəs, Ukraynada seçkilər və daha sonra yekun razılaşmanın imzalanmasını ehtiva edən 3 mərhələdən ibarət sülh planı təklif edir. Moskva və Vaşinqton Ukraynada seçkilərin keçirilməsini uğurlu nizamlanma prosesinin əsas şərtlərindən biri hesab edir.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Ankaranın Rusiya, Ukrayna və ABŞ arasında mümkün sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

“ Artıq bu müharibə bitməlidir. Türkiyə, həm Rusiya, həm Ukrayna, həm də beynəlxalq ictimaiyyətin iştirak edəcəyi sülh danışıqlarına ev sahibliyi etmək üçün ideal ölkədir”, - deyə Türkiyə lideri bildirib.

ABŞ və Rusiya nümayəndələri Ər-Riyadda görüşdükləri vaxtda, Ərdoğan İstanbulda Zelenskini qəbul edərkən yüksək əhval-rühiyyə ilə kameralara hər şeyin yaxşı olacağını işarə edir.

Qardaş ölkənin ev sahibliyi gündəmə gələ bilərmi? Ər-Riyaddakı danışıqların ilkin nəticələri nədir, ilkin təəssürat necədir? Tərəflər qlobal sülh naminə ortaq nöqtələri tapa biləcəkmi? Dünyanın yeni arxitekturasında Güney Qafqazın, Azərbaycanın, Türkiyənin yeri necə görünür?

Əhəd Məmmədli 

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Ərdoğan və Zelenskinin Ankara görüşü həm də Türkiyənin artıq dünya gücü olduğu anlamını daşıyır. Zelenskinin Ər-Riyadda Rusiya-ABŞ danışıqları keçirilən gün Londona, Parisə, Brüsselə deyil, məhz Ankaraya getməsi Türkiyənin dünya siyasətinə təsirinin göstəricisi oldu. Təbii ki, Türkiyə Rusiya-ABŞ danışıqları üçün ev sahibi rolunu ən yaxşı səviyyədə üzərinə götürə bilər. Əvvəllər də bu cür görüşlər Türkiyədə həyata keçirilib: “Yadınızdadırsa, Rusiya ilə Ukraynanın xarici işlər nazirləri səviyyəsində ilk görüş məhz Türkiyədə reallaşdırılmışdı və razılaşmalar da əldə olunmuşdu. Ukrayna Qərbin təzyiqi ilə razılaşmadan geri çəkildi. İndi Zelenski Türkiyədən dəstək istəyir. Türkiyə isə yenə ədalətli arbitr, ədalətli ev sahibi olmaq imkanına sahib olduğunu bəyan etdi. Müharibə Ukrayna ilə Rusiya arasında gedirsə, danışıqlarda Ukrayna da iştirak etməlidir. Türkiyə, belə görünür ki, bu mövqedədir. Yəni əgər danışıqlar üçün qarşıdakı müddətdə Türkiyə ünvan olaraq seçilərsə, Ankara Kiyevin danışıqlarda iştirak etməsinin vacibliyini bəyan edə bilər. Ukrayna da bunu istəyir. Amma belə görünür ki, ABŞ məsələni Ukraynasız həll etmək niyyətindədir. Ona görə də, fikrimcə, danışıqların Türkiyədə keçirilməsi variantına ABŞ, həmçinin Rusiya isti yanaşan deyil. Sülh müqaviləsinin müəllifliyinə Tramp tək sahiblənmək istəyir. Putin isə Rusiyanın tərəf olduğu problemin həll edilməsində Ərdoğanın xüsusi iştirakını istəməz. Rusiya və ABŞ Yaxın Şərqin ən güclü ölkəsinin Türkiyə olduğunu görürlər. Ancaq sülh danışıqlarını Türkiyədə aparmaqla bunu təsdiqləyəcəklərini özlərinə sığışdıra bilmirlər. ABŞ-la Rusiya arasında başlanan danışıqların qlobal sülhə nail olacağına gəlincə, qlobal sülhün əldə olunacağı inandırıcı deyil. Cəbhədə atəşkəs bir müddət üçün bərqərar ola bilər. Amma bu, Ukraynanın ərazilərinin itirilməsi bahasına başa gələcəksə, sülhün uzunmüddətli olacağı sual altına düşə bilər. Çünki Ukrayna ədalətli sülhə razı olduğunu bəyan edib. Hər bir ədalətsiz sülhün isə arxasınca bir müharibə gəlir”.

Ekspert qeyd etdi ki, danışıqların Türkiyədə keçirilməsi Azərbaycanın da marağındadır. Eyni zamanda Azərbaycanın özü də danışıqlar üçün ev sahibi ola bilər. 

Aydın Quliyev: Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, ABŞ və Rusiya Ukrayna müharibəsini hələlik həll edə bilməyiblər: “Səudiyyə Ərəbistanında 4,5 saat davam etmiş ABŞ-Rusiya danışıqlarını həm uğurlu, həm də uğursuz saymaq olar. Ukrayna mövzusunda danışıqlar heç bir nəticə vermədi. Bəlkə də müəyyən təbliğat mərkəzləri bu istiqamətdə hansısa nəticələrdən dəm vuracaqlar. Ancaq hər şeyin öz adı var. Rusiya-ABŞ danışıqları Rusiya-Ukrayna sülhü mövzusunda nəticəsiz qaldı. Bunu iddia etmək üçün arqumentlər var. Birincisi, ABŞ-ın dövlət katibi və danışıqlarda iştirak etmiş  Rubio görüşdən sonra birmənalı dedi ki, həm Ukrayna, həm də Rusiya güzəştə getməyi bacarmalıdır. Bunun nə demək olduğuna dair şərhə ehtiyac var? Yox! Çünki Rubionun dediklərinin mənası odur ki, heç bir razılaşma əldə olunmayıb. Razılaşma əldə olunsaydı, deməzdi ki, hər iki tərəf güzəştə getməyi bacarmalıdır. Belə çıxır ki, Lavrov və Rubio Səudiyyə paytaxtına boş yerə gediblər.

İkincisi, Ankarada Ukrayna Prezidenti Zelenski ilə görüşən Türkiyə Prezidenti Ərdoğan bəyan etdi ki, Ukrayna-Rusiya-ABŞ danışıqları üçün ən ideal məkan Türkiyədir. Demək, Ərdoğan da  Səudiyyədəki danışıqların iflasa uğradığını bilir və bu səbəbdən danışıqlar üçün yeni məkan olaraq Türkiyəni təqdim edir. Guya danışıqların harada olmasının nəticə üçün əhəmiyyəti var imiş. Bu mənada danışıqlar Ankarada keçirilsə belə, nəticə yenə də sıfır olacaq. Çünki bu danışıqların uğurlu olması üçün zəruri şərtlər var ki, bunlar hələ yetişməyib".

Ekspert hesab edir ki, 4,5 saatlıq Rusiya-ABŞ  danışıqlarının bu iki ölkənin münasibətlərinin nizama salınması baxımından nəticəsi var: “Belə ki, razılaşma əldə etdilər ki, bu 2 ölkədə səfirliklərin tam fəaliyyəti bərpa olunsun. Nəticə yalnız bundan ibarətdir.

Bundan sonra nə baş verəcəyinə gəlincə, müəyyən fasilədən sonra mümkündür ki, Putinlə Tramp ğörüşsün. Lakin   bilmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi  sülhü zəruri edən məntiqi zirvəyə hələ çatmayıb. Müharibə davam edəcək, daha dəhşətli, daha qanlı".

ABŞ Prezidenti Donald Tramp isə dünən bəyan edib ki, Rusiya Ukraynanın bütün şəhərlərini, o cümlədən Kiyevi məhv edə bilər, lakin bunu istəmir: “Ruslar bunu təxminən 20% etdilər, amma 100% yox. Əgər onlar bunu 100% etmək istəsəydilər, düşünürəm ki, bu, çox tez baş verərdi”.

Tramp Ukrayna şəhərlərinin vəziyyətini Qəzza zolağına bənzədib. “Əslində faiz baxımından bir çox bina Qəzzada olduğundan daha çox dağılıb. Deməli, bilirsiniz, insanlar bundan beziblər.  Onlar nəyinsə baş verməsini istəyirlər” -  Tramp sülh üçün arqumentini bu şəkildə ifadə edib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR