İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin ŞOK detalları üzə çıxdı

Ümumi rəyə görə, Ukrayna ilə müharibədə Rusiya Federasiyası öz iqtisadiyyatının gücünə və Putin rejiminin səfərbərlik qabiliyyətinə görə hələ də maddi üstünlüyünü qoruyur. Ukrayna isə cəbhədəki tarazlığı yalnız ordunun dayanıqlılığı və Qərb silahlarının keyfiyyətcə üstünlüyü sayəsində saxlayır. Amma bu gün bu, heç də belə deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bununla bağlı yeni hesabatı maraqlı mətləbləri üzə çıxarıb.

Ukrayna ilə savaşdan öncə NATO-nun 8 sərhəd ölkəsi, həmçinin Alyansa daxil olmayan Finlandiya və Moldova ümumi hərbi xərclərində Rusiyadan nəzərəçarpacaq dərəcədə (56 milyard dollara qarşı 66 milyard dollar) geridə qalıb. Rusiya savaşdan öncə bu ölkələr qrupunda təkcə hərbi xərclərin həcminə görə deyil, həm də ÜDM-də payına (4,1%) görə inamla liderlik edirdi. Ukrayna iqtisadiyyatın həcminə görə də Rusiya Federasiyasından 9 dəfə geridə olub (1,8 trilyon dollara qarşı 0,2 trilyon dollar).

Hərbi əməliyyatlar Putinin planına uyğun inkişaf etməsə də, ilk mərhələlərdə Rusiyanın maddi üstünlüyü çox böyük olub. Lakin itkilər bu üstünlüyü xeyli azaldıb. “Forbes” jurnalının məlumatına əsasən, müharibənin cəmi ilk 9 ayından sonra bu itkilər 82 milyard dollar təşkil edib. Həmin itkilərin hesablanması zamanı müqaviləli əsgərlərin maaşları (ayda 6000 ABŞ dolları), ölənlərə verilən təzminat (110 000 dollar), atılan raket (hər biri 3 milyon dollar) və top mərmiləri (hər biri 1000 dollar), itirilmiş təyyarələr (18 milyon dollar - əd.), helikopter (10 milyon dollar - əd.), tanklar (1,6 milyon dollar - əd.) və piyada döyüş maşınlarının (600 min dollar - əd) orta qiyməti nəzərə alınıb.

Maliyyə eksperti Aleksandra Prokopenkonun sözlərinə görə, bu itkilər (2021-ci il qiymətlərində) təxminən 9 trilyon rubl (yəni 120 milyard dollardan çox) təşkil edib. 2022-ci ildə Rusiyanın “milli müdafiə” xərcləri müharibədən əvvəl təsdiq edilmiş büdcə parametrləri ilə müqayisədə üçdə bir artıb və bu xərclərin 2023-cü ildə 6% artırılması planlaşdırılır. Müharibədən öncə ruslar müdafiəyə 4,7 trilyon rubl (68,3 milyard dollar) xərcləyirdilərsə, indi bu rəqəm 5,0 trilyon rubl (72,7 milyard dollar) civarındadır. Lakin əslində Rusiya Federasiyasının ümumi hərbi xərcləri “milli müdafiə” üzrə rəsmi şəkildə elan olunan xərclərdən 1,5-1,6 dəfə çoxdur. Bu o deməkdir ki, 2023-cü ildə Rusiya Federasiyasının hərbi məqsədlər üçün ümumi məsrəfləri təxminən 110 milyard dollar olacaq - yəni ÜDM-in 6%-nə qədər yüksələcək.

NATO-ya üzv olmaq qərarına gələn Finlandiya iki il əvvəlki xərclərlə müqayisədə müdafiə büdcəsini iki dəfə artırıb (dollar ifadəsində rekord - 7 milyard dollar). Rusiya Federasiyası buna iki yeni hərbi bölgə - Leninqrad və Moskva qruplarını yaratmaqla cavab verəcək.

Türkiyə 2023-cü ildə hərbi büdcəsini 27% (28,3 milyard dollara qədər) artırır. Onun super ordusu onsuz da Suriya və Qafqazda Rusiya ordusundan güclü olub. Rusiya adı çəkilən bölgələrdə imperiya niyyətindən əl çəkmədiyi üçün Türkiyə rejimi ilə rəqabət onun qüvvələrinin bir hissəsini əsas cəbhədən çəkməyə məcbur edir.

Polşa Rusiyanın regional planlarını daha da kəskin şəkildə dəyişib. 2023-cü ildə onun hərbi xərcləri 68% artacaq (21,9 milyard dollar). Bu isə Rusiya üçün Qərb cinahında, o cümlədən Belarusda əlavə xərclər yaradır.

Ukrayna isə 2023-cü ildə tarixinin ən böyük hərbi məsrəflərini gerçəkləşdirəcək. Təsdiqlənmiş hərbi xərclər 20 milyard dolları ötür (təxmini ÜDM-in 13,5%-i). Amma faktiki olaraq, onlar bir neçə milyard daha çoxdur. Belə bir miqyasda xərcləri qarşılamaq üçün Ukraynanın 2023-cü il büdcəsi ölkə tarixində misli görünməmiş 38 milyard dollarlıq kəsirlə qəbul edilib. Bu kəsir Ukraynanın müttəfiqlərinin kreditləri hesabına ödəniləcək. Əslində, Ukraynanın hərbi xərclərinin böyük hissəsini də məhz onlar qarşılayıb.

Lakin hətta bu xərclər də Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası Silahlı Qüvvələri ilə maddi bərabərliyini təmin etmək üçün kifayət deyil. Ukraynanın üstünlüyü 2023-cü ildə müttəfiqlərinin hərbi təchizatı ilə təmin edilə bilər. Almaniyanın Kil şəhərində yerləşən Dünya İqtisadiyyatı İnstitutunun (IfW) məlumatına görə, 2022-ci il dekabrın əvvəlinə Ukrayna ümumi hərbi tədarükü (avro ilə) 40 milyarda çatıb. Bura ABŞ (23 milyard), Böyük Britaniya (4,1 milyard) Almaniya (2,3 milyard), Polşa (1,8 milyard) və Aİ qurumlarından (3,1 milyard) edilən yardımlar da əlavə olunur.

Son aylarda tədarük edilən silahların çeşidi davamlı olaraq genişlənir. Qərbin ümumilikdə Ukraynaya yardım üçün ümumi xərcləri 100 milyard avro təşkil edib. Rəsmi Kiyevə verilən “mülki” subsidiyaların bir hissəsi də birbaşa Ukraynanın hərbi məqsədlərinə xidmət edir. Rusiya Federasiyasının hərbi resurslarının bir hissəsinin Ukrayna cəbhəsindən yuxarıda sadalanan digər istiqamətlərə yönəldilməsi nəzərə alınaraq, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində bu müharibədə Ukraynanın xeyrinə maddi balans yaradılıb. Bu tarazlığı yalnız Ukraynanın müttəfiqlərinin ona köməyini kəskin azaltmaqla və ya Rusiya Federasiyasında işçi qüvvəsi və iqtisadiyyatı radikal şəkildə səfərbər etməklə pozmaq olar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR