İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə dekabrda bitəcək iddiası - nöqtəni Zelenski qoyacaq?

Hərbi ekspert savaş meydanındakı son durum haqda: “Ukrayna Prezidenti vəziyyətdən çıxış edərək fikirlər söyləyir...”

Litvanın paytaxtı Vilnüsdə NATO-nun növbəti sammiti başa çatdı. Gözlənildiyi kimi, zirvə toplantısı həm də Ukraynaya hərbi dəstəyin gücləndirilməsi haqda yekdil qərarla yadda qaldı. Ukrayna dövləti və xalqı üçün mühüm önəm kəsb edən NATO-Ukrayna Şurası təsis edildi, qurumun ilk iclası keçirildi.

Müharibə isə davam edir. Kiyevin əks-hücum əməliyyatı ağır da olsa, müsbət nəticələrini verir. Ancaq hələ ki kardinal dönüş yoxdur. Bu da bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. NATO sammiti bu xüsusda Ukraynanın böyük uğurlarına nə dərəcədə vəsilə ola bilər?

“Ukraynaya dəstəyimiz uzunmüddətli olacaq”.

Bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, bu dəstək gələcəkdə də davam edəcək: “G7 müttəfiqləri Ukraynaya quruda, havada və dənizdə güclü müdafiə imkanları yaradır. Bu, uzunmüddətli öhdəlikdir”.

Bu arada İspaniyanın “Periodico qəzeti” özünün hərbi mənbələrə istinadən yazıb ki, guya ABŞ dekabr ayına qədər Kiyevi Rusiya ilə danışıqlara sövq edib-etməmək barədə qərar verə bilər.

“Dekabrın həlledici vaxt olacağı qeyd olunur. Çünki bu məqamda ABŞ-ın yeni seçki dövrü başlamamışdan əvvəl (2024-cü ildə ölkədə növbəti prezident seçkiləri keçiriləcək - red.) Ukraynanı Rusiya ilə danışıqlara sövq etməyi seçib-seçməyəcəyi bəlli olacaq. Bundan əlavə, ilin sonuna kimi Ukrayna Silahlı Qüvvələrinin Kiyevin Moskva ilə danışıqlar masası arxasına oturmağa hazır olması üçün əks-hücum əməliyyatında kifayət qədər uğur qazanıb-qazanmaması bəlli olacaq”, - məqalədə deyilir.

Nəşr eyni zamanda dekabradək Ukraynada münaqişənin yenidən dalana dirənəcəyini istisna etmir.

Bir sıra analitiklərə görə, müharibənin taleyi xeyli dərəcədə yay aylarında, üzü payıza müəyyənləşə bilər. Lakin savaşın aylarla, hətta daha bir neçə il sürəcəyi haqda mülahizələr də var. Çünki bu həm də qarşı tərəfi tükətmə müharibəsidir.

Hansı versiya qalib gələcək? Dekabrda danışıqlar başlaya, Kiyev güzəştə məcbur edilə bilərmi?

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə ərazilərlə bağlı hər hansı kompromislərin mümkünlüyünü istisna edib. “Əminəm ki, Bayden və Şoltzdan (Almaniya kansleri - red.) xəyanətkar mövqe olmayacaq. Lakin eyni zamanda deməliyəm ki, biz heç vaxt ərazilərimizi hər hansı statusa dəyişdirməyəcəyik. Bir qoca kişinin yaşadığı bir kənd olsa belə. Biz ərazilərimizdən imtina etməyəcəyik və heç vaxt münaqişəni dondurmaq naminə alver etməyəcəyik. Bu, heç vaxt baş verməyəcək. Tərəfdaşlarımız mənim mövqeyimi aydın bilirlər”, - Zelenski net şəkildə əlavə edib.

Zelenski nə üçün belə danışır, nədənsə duyuqmu düşüb, yoxsa...

Hərbi ekspert Ramil Məmmədli: “Ukrayna dünyada soyuq müharibəni  konkretləşdirdi” – Eksklüziv Müsahibə | Voice Press

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, NATO sammiti hərbi-siyasi baxımdan uğurlu olub: “Qərb dövlətləri növbəti siyasi dəstəklərini ifadə etdilər. Lakin digər məsələ - strateji silahların Ukraynaya verilməsi məsələsi açıq qaldı. Ukraynaya konkret bir söz deyilmədi. Dönüş yaradacaq strateji silahlar Ukraynaya verilmədi. NATO sammitindən gözləntilər vardı ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı daha konkret fikirlər səsləndirilə bilər. Lakin bu məsələ də açıq qaldı. Belə göründü ki, NATO Ukraynanın üzvlüyü ilə bağlı mövqeyini açıqlaya bilmir. Bu da təbii ki, Rusiya amili ilə bağlıdır.

Bilirik ki, Rusiyanın Ukraynaya hücumları başladığı gündən 140 min kvadrat kilometr ərazi Rusiya tərəfindən işğal olunub. Təəssüf ki, işğal olunan ərazilərin içində kifayət qədər strateji məntəqələr var. Həmin məntəqələrin geri alınması üçün Ukraynanın potensialı çox aşağıdır. NATO-nun dəstəyi də o səviyyədə deyil ki, Ukrayna həmin məntəqələri əldə edib vəziyyəti dəyişə bilsin".

Hərbi ekspertin ehtimalına görə, bu ilin sonuna qədər hərbi əməliyyatların dayandırılması və atəşkəsə nail olunması üçün müəyyən addımlar olacaq: “Artıq təxmini şərtlər də bəllidir. Ukrayna öz mövqeyində qalacaq. Rusiya işğal etdiyi əraziləri geri qaytarmayacaq”.

Ekspertin qənaətincə, hazırda vəziyyət olduqca gərgindir: “Narahatlıqlardan biri də odur ki, Belarus açıq şəkildə müharibəyə qoşula bilər. Belarus prezidentinin, güc strukturları rəhbərlərinin açıqlamalarından da bu hiss olunur. Belə bir addım atılarsa, Ukrayna üçün vəziyyət bir qədər də çətinləşəcək. Ən azı cəbhə xətti bir qədər də genişlənəcək. Bu da Ukrayna hərbi birləşmələrinin sayının artırılması istiqamətində addımları zəruri edəcək. Təəssüf ki, Ukraynanın insan resursu buna kifayət etmir. Avropa dövlətlərinin də Ukraynaya hərbi kontingent göndərməsi mümkün görünmür. Hazırda Ukrayna çox qəliz bir durumdadır. Prezident Zelenski də bu vəziyyətdən çıxış edərək fikirlər söyləyir”.

Savaş meydanında vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi isə yəqin ki, yaxın həftələrdə və ya aylarda, yaxud ilin sonuna daha dəqiq bəlli olacaq...

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR