İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühafizə orderi ilə bağlı qanuna dəyişiklik edilir - yeni cəzalar

Məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi müddəti artırılır. Bununla bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin bir gün öncə keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. 

Qanunun qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar 11-ci və 12-ci maddələrində qısamüddətli mühafizə orderinin müddətinin beynəlxalq təcrübəyə əsaslanaraq 60 günədək artırılması təklif olunur. Eyni zamanda qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilməsi nəzərdə tutulur.

Neçə müddətdir ki, bu məsələ müzakirə edilir. Qeyd etmək yerinə düşər ki, hazırda mühafizə orderinin müddəti 1 aydır, amma bu müddətin az olması ilə bağlı narazılıq var idi. Misal üçün, ərindən boşandıqdan sonra qadınlar təqib edilir, zorakılığa məruz qalır. Bir çox hallarda mühafizə orderinin müddəti, yəni bir ay keçdikdən sonra həmin şəxs evinə qayıdır, yaxud yenidən həyat yoldaşını təqib edir. Bir çox hallarda isə qurban vaxtında orderi ala da bilmir. Qanunvericilkdə dəyişikliklər ediləndən sonra bütün bunlar nəzərə alınacaqmı? 

Yada salaq ki, 2022-ci il ərzində mühafizə orderlərinin ümumi sayı 158-ə çatıb. 2023-cü ilin birinci yarısı 40 mühafizə orderi olub. 

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə: “Bəzi qurumların mühafizə orderinə imtina etməsinə görə...”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, istər mülki, istər inzibati, istər cinayət, istərsə də digər məsələləri özündə ehtiva edən qanunlar ömürlük, uzunmüddətli qanunlar kimi qəbul edilməməlidir: “Çünki cəmiyyət özü inkişaf etdikcə, bu qanunlarda olan boşluqları ortaya çıxardıqca, həmin qanunların dəyişməsinə ehtiyac yaranır. Söhbət məişət zorakılığından zərər çəkmiş qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı yeni qanun layihəsi ilə bağlı dəyişikliklərdən gedirsə, bu qanunu qəbul edərkən indiki kimi məişət zorakılığına məruz qalan insanların sayı o qədər də çox deyildi. Demək olar ki, hər gün olmasa da, məişət zorakılığının, xüsusilə də qadınların bu təsirə məruz qaldığının şahidi oluruq. Nəticədə mühafizə tələb edən şəxslər mühafizə müddəti bitdikdən sonra da belə, ərləri, keçmiş ərləri, digər qohum-qardaşları tərəfindən müəyyən təzyiqlərə məruz qalırlar. Hətta onların öldürülməsi halları da son vaxtlarda çoxalmışdı. Ona görə də Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında bu məsələnin müzakirə olunması və Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi ilə bağlı məsələnin gündəmə gəlməsini, təbii ki, müsbət dəyərləndirirəm". 

Bununla belə ekspert hesab edir ki, ölkədəki milli-mənəvi dəyərlərə uyğun qanun bizə məxsusdur, amma digər qanunvericiliklər beynəlxalq təcrübəyə əsaslanmalıdır: “Avropa Şurasına daxil olarkən onların tələblərindən biri də Azərbaycan qanunlarının Avropa qanunlarına uyğunlaşdırılması idi. Buna görə də 2000-ci ilə qədər bir çox qanunlarda, cinayət, mülki və digər qanunvericiliklərdə dəyişiklik edildi. İndi beynəlxalq təcrübəyə əsaslanaraq 60 günlük müddətin qəbul olunması başa düşüləndir. Belə hesab edirəm ki, çox düzgün bir yanaşmadır. Mühafizə orderinin verilməməsinə görə, eyni zamanda müəyyən qurumlar tərəfindən bu orderin imtina edilməsinə görə də İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin nəzərdə tutulması olduqca vacibdir. Çox təəssüf edirəm ki, Azərbaycan, ümumiyyətlə Şərq ölkələrində Avropaya nisbətən boşanan qadınların əvvəlki həyat yoldaşları, yaxud da hazırkı ərləri tərəfindən bu cür təzyiqlərə məruz qalması halları günbəgün artır. İndi qanunun dəyişməsi ilə əlaqəli olaraq biz nəyəsə nail ola biləcəyik, bu başqa məsələdir. Hesab edirəm ki, qanun nisbətən bu cür halların qarşısının alınmasına xidmət edəcək. Amma bununla bərabər çox istərdim ki, bizim televiziyalarda milli və əxlaqi dəyərlərdən uzaq verilişlərin artdığı bir dövrdə həm də maarifləndirmə işlərinə üstünlük verməliyik. TV-lər vasitəsilə hətta boşandıqdan sonra sivil formada bu məsələyə yanaşması, övladlarının tərbiyəsində birgə yanaşmaya nail olmaq üçün çox işlər görülməlidir. Təəssüflər olsun ki, telekanallarda dəyərlərə zidd verilişlərin sayı xeyli artıb, bu cür maarifləndirici verilişlərin sayı isə azalıb. Yalnız qanunvericilikdə dəyişiklik etməklə nəyəsə nail ola bilməyəcəyik, bütün bunlar paralel şəkildə aparılmalıdır”. 

Şəxs əsgər gedəndə maaşının aqibəti necə olur?

Turan Abdullazadə: “Məişət zorakılığına görə tətbiq olunan sanksiyalar sərt olmadığından...”  

Vəkil Turan Abdullazdə də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, məişət zorakılığının qarşısının alınması haqqında Qanunun 11.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir:  “Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər. Hazırda bu müddətin 60 günədək artırılması və məişət zorakılığına görə inzibati tənbeh tədbirlərinin ağırlaşdırılması olduqca mütərəqqi addımdır. Məişət zorakılığına görə tətbiq olunan sanksiyalar sərt olmadığından bu kimi əməllərin qarşısını adekvat ala bilmirdi. Yeni dəyişikliklər bu sahədəki problemləri həll edə bilər. Boşanmış və boşanma ərəfəsində olan qadınların keçmiş ərləri tərəfindən təqibinin qarşısını almaq üçün bu sahədə islahatların aparılması və qanunvericiliyə dəyişikliklərin edilməsi olduqca zəruri və gözlənilən idi”. 

Vəkil bildirib ki, məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün bunlar səbəb ola bilər: “Zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti, fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya tibb müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır. Məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq bu qərarlardan biri qəbul olunur: birincisi, məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi. İkincisi, zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; üçüncüsü, məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi. Dördüncüsü, əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi; beşincisi, zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi, zərər çəkmiş şəxsin yardım mərkəzində sığınacaqla təmin edilməsidir. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər”. 

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR