Onlayn ictimai-siyasi qəzet
Qızıl qalmaqalına görə direktor da, müəllimə də cəzasını aldı - bəs valideyn komitələri?
Neçə gündür ki, müəllimlərin hədiyyə alması ilə bağlı görüntülər gündəmi zəbt edib. Söhbət Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin dördüncü sinif və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin birinci sinfinin tədris ilinin yekunu ilə əlaqədar keçirilmiş tədbirləri ilə bağlı yayılan videolardan gedir.
Həmin görüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyənin təqdim olunması əks edilib. Düzdür, artıq o məktəblərin direktorları barəsində intizam tənbehi tədbiri də tətbiq olunub. Müəllimlərlə də söhbət edilib. Amma bu məsələ bir daha məktəblərdə valideyn komitələrinin fəaliyyətini də önə çıxardı. Artıq uzun müddətdir ki, əksər valideynlər bu komitələrin əlindən zara gəldiklərini dilə gətirir, bunlara qarşı mübarizə aparılmasını istəyirlər. Bizimlə söhbətdə iki övladı ibtidai sinifdə oxuyan Nərgiz Əmirova deyir ki, valideyn komitələrinin ismarışlarına görə telefondan imtina etməli olub: “Gecə bilmirlər, gündüz bilmirlər, adamdan ay ərzində nə qədər pul yığmaq olar? Özü də soruşmurlar, ay valideyn, imkanın var, ya yox? Söhbət tək müəllim üçün olan hədiyyədən də getmir. Fond pulu, təmir pulu, bayram pulu, üstəlik, müəlliməyə hədiyyə pulu da... Bezmişik daha. Danışanda da oluruq demaqoq valideyn. O birilər də qoşulur bunlara, adamın üstünə elə hücum çəkirlər bilmirsən nə edəsən. Bir-iki valideyn narazıyıq, qalanları komitənin ətrafında bərk birləşiblər. Ona görə səsimizi çıxara bilmirik”.
Göründüyü kimi, valideyn komitələrinin fəaliyyətindən narazılıq çoxdur. Bəs valideyn komitələri hansı məsuliyyət daşıyır? Bu cür məsələlərdə onlar niyə kənarda qalır? Ümumiyyətlə, məktəblərdə valideyn-müəllim assosiasiyalarına ehtiyac varmı?
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkədə fəaliyyət göstərən orta məktəblərdə hər əlamətdar günlər vaxtı şagirdlərdən pul yığılması adət halına çevrilib: “Bu faktı etiraf etməliyik. Təkcə əlamətdar günlər münasibətilə bağlı orta məktəbdə pul yığılması bitmir, hətta məktəb direktorunun ad günü, sinif rəhbərinin ad günü, yas mərasimi, xəstəxana xərcləri üçün də bəzi məktəblərdə pul yığılır. Elm və Təhsil Nazirliyi isə bu kimi hallara qarşı ancaq tövsiyə xarakterli, ümumi mövqe bildirir. Qeyd edim ki, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericiliyə ziddir və bu, yolverilməzdir. Nazirlik bu tipli halların qarşısını almaqda ciddi mövqe ortaya qoymaması o anlama gəlir ki, özləri də bunda maraqlıdırlar.
Acınacaqlı hal ondan ibarətdir ki, hər il bayramlar münasibəti ilə şagirdlərdən yığılan pulların məbləği artır və bu da bir çox ailələrin büdcəsinə ciddi şəkildə zərbə vurur. Bir yerdə oxuyan şagirdlərin hamısının maddi imkanı eyni deyil. Xoşagəlməz hal ondan ibarətdir ki, maddi imkanı az olduğuna görə bayramlarda pul verməyən şagirdlərə qarşı sinif rəhbəri, məktəb direktoru, direktor müavini çox pis davranır, ona qarşı sərt mövqe nümayiş etdirilir.
Məktəblərdə valideyn komitələri adlı “qurumlar” var. Hansı ki, onlar uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması və digər məqsədlər üçün pul yığımını təşkil edirlər. Məktəblərdə qeyri-rəsmi fəaliyyət göstərən müəllim-valideyn assosiasiyaları var ki, həmin “quruma” rəhbərlik bir və ya iki valideynə tapşırılır. Bu “rəhbər”lər müasir texnologiyadan istifadə etməklə “whatsapp” qrupları yaradır və həmin qruplarda pul yığımını həyata keçirirlər. Belə olan zaman müəllim özü birbaşa həmin prosesdə iştirak etmir. Nazirlik tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Amma yaxşı olardı ki, nazirlik tərəfindən anonim sorğular da qeydə alınsın. Əgər hansısa məktəbdə belə bir fakt varsa, o zaman müəllimənin adını verməklə prosesi aydınlaşdırmaq olar. Çünki əsasən pul yığımları aşağı siniflərdə baş verir. Yuxarı sinif şagirdləri belə faktlar olanda onu sosial şəbəkədə yazır, mətbuata ötürə bilirlər. Lakin kiçik uşaqların belə imkanları olmadığı üçün onlarda pul yığımı hallarına rast gəlmək mümkündür. Hesab edirəm ki, əlamətdar günlər zamanı nazirlik tərəfindən monitorinqlər aparılmalı, təhsil müəssisələrinin qarşısında uşaqlardan bu haqda soruşulmalıdır. Fakt üzə çıxdığı zaman cəza tədbirləri görülməlidir".
Ekspert əlavə edib ki, sovet dövründə çox nadir hallarda hansısa məktəbdə bu cür hallara rast gəlmək olardı: “Yalnız valideynin öz istəyi ilə müəllimə hər hansı hədiyyə verilirdi. Təkcə 8 martda deyil, digər bütün bayramlarda şagirdlər müəllimlərinə müxtəlif forma və rəngdə olan açıqcalar, ad günündə, buraxılış tədbirlərində ya gül dəstəsi, ya da öz əl işlərini hədiyyə edirlər. Bu da müəllimlər üçün çox qiymətli bir hədiyyə sayılır”.
Cəsarət Valehov
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovla da əlaqə saxladıq və suallarımızı ünvanladıq. O, “Yeni Müsavat”a dedi ki, burada təkcə komitə adlı qurumdan söhbət getmir: “Elə məktəblər var ki, orada valideyn komitəsi yoxdur. Valideynlər, sadəcə, qrupu yaradırlar, orada müzakirələr aparırlar. Bu təkcə Elm və Təhsil Nazirliyinin edəcəyi iş deyil. Mediada, cəmiyyətdə bütün media bir yerdə mübarizə aparmalıdır. Görürsünüz ki, 4-5 valideyn təşəbbüs irəli sürür, digər valideynləri də buna qoşulmağa məcbur edirlər. Hamımız valideynik, belə cəhdlərini görürük. Ona görə bununla təkcə bir qurumun təkbaşına mübarizə aparması effektli deyil. Amma biz valideyn komitələri ilə bağlı işlərə başlamışıq. Bu mövzuda nazirlik ictimai dinləmələr həyata keçirdi. Qeyri-hökumət təşkilatları ilə bir yerdə hansısa modellərin müzakirəsini apardıq. Bunu yalnız valideyn komitəsi etmir, bir-iki valideyn təşəbbüs edir, xüsusən də il yekunlarında məzun günlərində”.
C.Valehov “olmazmı ki, valideyn komitələri ləğv olunsun, nazirlik məktəblərə pul ayırmır, ona görə valideynlərdən pul yığılır deyənlər də var” sualına belə cavab verdi: “Bunlar hamısı bəhanələrdir. Yenə təkrar edirəm, bu, bir qurumun edəcəyi iş deyil. Məktəblərdə kağız, müxtəlif digər ləvazimatlar var ki, onları veririk. İndi bunu daha yaxşı təmin edirik. Amma bəzi valideynlər hansısa maraqlar uğrunda bu işi görürlər. Bunu ancaq maarifləndirmə yolu ilə həll etmək olar. Biz də daha güclü fəaliyyət göstərməliyik. Bununla mübarizədə bütün ictimaiyyət əlbir olmalıdır, birgə olmasaq mümkün olmayacaq”.
Qoşqar Məhərrəmov
Təhsil eksperti Qoşqar Məhərrəmov qeyd edir ki, müəllimə bahalı hədiyyə vermək onu satın almaqdır: “Müəllim bunu bilməlidir. O artıq valideynlər ilə məişət səviyyəsində ünsiyyətə də razı olmalı olacaq. Müəllim və valideyn arasında isə işin keyfiyyəti naminə, sadəcə, peşəkar münasibət olmalıdır. Müəllim ona təklif olunan bahalı hədiyyəni nəzakətlə rədd etməlidir. Gəlin müəllimləri ələ almağa çalışmayaq, övladlarımıza ikili standart ilə davranmaları üçün cəhd göstərməyək, əməllərimizə, niyyətlərimizə alət etməyək, bütün şagirdləri övladlarımız bilək, müəllimlərin niyyətlərini pozmayaq, onlara, sadəcə, minnətdar olaq...”
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ