İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimə axşam zəng etməyin - qadağaya kim nə deyir?

“Şagird və müəllimlər arasında bu qədər uçurum yaratmayaq”- Kamran Əsədov

Məlum olduğu kimi, ötən həftə Elm və Təhsil Nazirliyi tərəfindən “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanaraq ictimai müzakirələrə çıxarılıb. Sözügedən layihədə qeyd olunur ki, məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlanmalı, axşam saatları, istirahət və bayram günləri məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməkdən çəkinilməlidir. Valideynlər “Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları” ilə tanış olmalı və onu dəstəkləməlidirlər. Həmçinin öz övladının cəlb olunduğu situasiyalar da daxil olmaqla, nizam-intizam məsələlərinə dair məktəb heyətinin peşəkar mühakimə və qərarlarına hörmət etməlidirlər.

Valideynlər bayram günləri və axşamlar müəllimə zəng edə bilməz, əgər edərsə, bu hal şagirdin xeyrinə olmayacaq, ona cəza verilə bilər.  Bu isə narazılığa səbəb olub.

QHT Şurasının Agentliyə çevrilməsindən ictimai sektor qazanacaq” - İlqar  Orucov

 İlqar Orucov

Ekspert İlqar Orucov mediaya açıqlamasında deyib ki, Avropada kimsə gedib istirahət günü və ya axşam saatlarında kiməsə zəng edib narahat edə bilməz. Bu, ən azından, cəmiyyətdə ədəbsizlik sayılır: “Bu təkcə müəllimlərlə bağlı deyil, ümumilikdə cəmiyyət anlamalıdır ki, insanın istirahət günüdürsə, mənim o şəxslə özəl və ya şəxsi münasibətim yoxdursa, yalnız işgüzar əlaqə varsa, mən nədən o insana zəng etməliyəm? Misal üçün, nümunəvi davranışları olan Almaniyada işdən sonra kimisə narahat etmək olarmı? Əlbəttə, xeyr. Əgər əvvəlcədən iş zamanında işgüzar münasibət zamanı həftəsonu görüş üçün razılıq əldə etməmisinizsə, onda qarşı tərəf sizin zənginizə cavab verməyəcək, cavab versə belə, o sizə elə soyuq tərzdə münasibət göstərəcək ki, siz onu narahat etməyinizə bir baxımdan peşman olacaqsınız. Ümumilikdə, mən bunu təkcə məktəblə əlaqələndirməzdim. Eyni zamanda hesab edirəm ki, cəmiyyətdə həqiqətən də insanlar davranışlarla bağlı normaları bilməlidir”.

Valideynlər isə bu fikirlərin əksini düşünür və bu qərarın yanlış olduğunu deyirlər. Elə bizimlə söhbətdə iki övladı aşağı sinifdə oxuyan Sevda Əliyeva da etiraz edənlərin sırasındadır: “Əgər belə qərar verirlərsə, onda bir zəhmət, uşaqların da dərs yükünü azaltsınlar. Məktəbdə o müəllimlər uşaqlara dərsləri normal başa salmırlar. Müəllimlər öz evlərində mışıl-mışıl yatanda bizim balalarımız gecə saat 2-yə kimi dərs oxuyurlar. Dərslər o qədər çətin olur ki, heç nə başa düşmürlər. Heç biz də anlamaqda çox vaxt çətinlik çəkirik, uşaq nə etsin.  Üstəgəl, bəzi müəllimlər ev tapşırığını axşam saatlarında göndərirlər. Onların ixtiyarı varmı belə tələb qoymağa. Riyaziyyatdan əlavə kitablardan misallar göndərirlər, məcbur olub müəllimdən soruşuruq. Nə edək?!”

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran  Əsədov CANLI YAYIMDA ​ - YouTube

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “İlk növbədə qeyd edim ki, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" xarici ölkələrin vəsaitlərindən olduğu kimi kopyalanıb tərcümə edilmiş layihədir və kifayət qədər qüsurları var. Layihədə təkliflərdən biri də axşam saatları, istirahət və bayram günləri məktəb müəlliminə və digər xidməti şəxslərə zəng etməməklə bağlıdır ki, bu fikir absurddur. Düzdür, Avropa ölkələrində işçilər istirahət günü və ya axşam saatlarında rəhbərliyi və ya rəhbər işçiləri zəng edib narahat edə bilməz. Lakin bu zaman onlar e-mail məktub formasında öz narahatlıqlarını və ya müraciət istəklərini bildirirlər.

Elm və Təhsil Nazirliyinin şagirdlərin axşam saatları, istirahət və bayram günləri məktəb müəlliminə zəng etməsindən narahat olması absurddur. Şagird müəlliminə hansı niyyətlə zəng edəcək? Ya dərsin yerini soruşacaq və ya başa düşmədiyi, çətinlik çəkdiyi bir məsələdə müəllimindən dəstək alacaq.

Bunlar unudurlar ki, müəllim ilin 365 günü, 24 saatı müəllimdir və onun əsas vəzifəsi yerindən, saatından asılı olmayaraq öz şagirdlərinin bilik və bacarıqlarının artırılmasına kömək etməkdir.

Təki şagirdlər müəllimlərinə zəng etsin, onlardan nə isə soruşsunlar. Bundan yaxşı heç nə ola bilməz, bundan narahat olmaq lazım deyil".

Ekspert əlavə edib ki, “Təhsil haqqında” Qanunda təsbit olunduğu kimi, müəllimin vəzifəsi “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”: “Bu təkcə sinifdə həyata keçirilmir. Müəllim hər yerdə bunu edir və etməlidir. Almaniya kansleri O. Bismark Almaniyanın möhtəşəmliyini alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edirdi. "Biz qələbə çaldıq ona görə ki, alman müəllimi fransız müəlliminə üstün gəldi". Bəli, biz də 44 günlük zəfərlə başa çatan Vətən müharibəsində həm də müəllimimizlə qalib gəldik. Onların yorulmadan, usanmadan öyrətdikləri sayəsində qalib gəldik. Gəlin, şagird və müəllimlər arasında bu qədər uçurum yaratmayaq, öyrədən və öyrənən arasında sədd çəkməyək. Onsuz da təhsil ictimaiyyəti üçün Elm və Təhsil Nazirliyi, onun əməkdaşları əlçatmaz varlığa çevrilib, heç olmasa müəllimlərimizi özünüzə oxşatmayın".

ba4bca01-4eda-4130-a6c9-2e2c1f119d97.jpg (48 KB)

Malvina Amirova

Uzun illər müəllim kimi çalışmış, AĞ Partiyanın Xanımlar təşkilatının sədri Malvina Amirova da mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verib: “Müəllimlərlə istirahət saatlarında əlaqə saxlanmaması ilə mən razıyam. Çünki müəllimlər də insandır, onlara da istirahət lazımdır. Avropa ölkələrində istirahət saatlarında və ya günlərində hətta işdən sonra belə, heç kimi narahat etmək olmaz, bu, tərbiyəsizlik, ədəbsizlik sayılır. Amma iş saatlarında əlaqə saxlanmaması əslində doğru fikir deyil. Bir çox hallarda müəllimlər valideynlərə irad tuturlar ki, dərs vaxtı mane olmayın, zəng vurmayın. O zaman iş saatında müəllimlə əlaqə saxlama, istirahət saatında müəllimlə əlaqə saxlama, bəs valideyn nə vaxt müəllimlə əlaqə saxlayıb övladı barədə məlumat almalıdır? Burada o zaman hansı nizam-intizamdan söhbət gedə bilər? Nizam-intizama gələndə isə  mən 3  xəbərdarlığı  çıxmaq şərti ilə (sarı, narıncı, qırmızı)  qalan bütün qaydalarla razıyam. Ən əsas da məktəblərdə böyük boşluq olan, psixoloq sözünün "P"si belə olmayan psixoloji saatlarla. Psixoloji saatlar mütəmadi olaraq hər gün keçirilməlidir, nəinki şagirdlərlə. Hətta tədris ocaqları müəllimlərlə belə bu məsələyə olduqca ciddi yanaşmalıdır. Məktəblərdə “Məktəblinin dostu” layihəsi olsa da, onların da fəaliyyəti qənaətbəxş deyil, şagirdlərin  xeyrinə hər hansı dəyişiklik görməmişik. Mən təklif edirəm ki, məktəblərdə nizam-intizamın doğru şəkildə qurulması üçün məktəbli dostunun yerinə “Məktəbin dostu” layihəsi yaradılsın, MİQ imtahanlarında  müvafiq bal toplayıb, vakansiya tuta bilməyən müəllim namizədlər məktəblərə göndərilsin, həm müəllimlərə kömək etsinlər, həm şagirdlərə kömək etsinlər. Eyni zamanda  bu müəllimlər müəyyən bir təcrübə əldə etmiş olacaqlar, yekunda da müvafiq işlə təmin olunsunlar. Onsuz da "Məktəblinin dostları" koridorlarda boş-boş gəzməkdən başqa heç bir işə yaramırlar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR