İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübariz Mənsimov İstanbuldakı Azərbaycan məktəbini bağlatmaq istəyır? - ittihamlar

Hüseyn Cavid adına məktəbin rəhbəri iş adamına qarşı ilginc iddialar səsləndirir, “Palmali” rəhbəri isə deyir ki...

İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbinin direktoru Şərqiyyə Məmmədova Türkiyədə yaşayan tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovdan şikayətçidir. Direktor bildirib ki, iş adamı sözügedən təhsil ocağının işinə maneçilik yaradır.

Şərqiyyə Məmmədova ötən gün keçirilən tədbirdə verdiyi açıqlamalarında Mənsimovu “Azərbaycan xalqının bəlası” adlandırıb, Mübariz Mənsimovun Türkiyə Təhsil Nazirliyindəki əlaqələrindən istifadə edərək Hüseyn Cavid məktəbini bağlamağa cəhd etdiyini söyləyib.

Ş.Məmmədovanın sözlərinə görə, iş adamı sırf özünü reklamla məşğuldur, Türkiyədəki həmyerlilərinə heç bir kömək etmir. Məktəb direktoru deyir ki, əvvəllər dəfələrlə Mənsimova kömək üçün müraciət edib, ancaq boş vədlərdən başqa heç nə almayıb.

“Eyni zamanda Mənsimov istəmir ki, özündən başqa digər xeyirxah insanlar haqqında da kiminsə xəbəri olsun”, - Məmmədova qeyd edib.

Bildirilir ki, Hüseyn Cavid adına məktəbin uğurlarından xəbər tutan Mənsimov müsabiqəyə qatılmaq qərarına gəlib və yaxınlıqda öz təhsil müəssisəsini açıb, Məmmədovanın müəllimlərini özünə cəlb edib.

“Ancaq düşünürəm ki, həmin məktəb tezliklə bağlanacaq. Axı Mənsimovun bütün xeyriyyə layihələri, bir qayda olaraq qısamüddətlidir” , - Şərqiyyə Məmmədova hesab edir.

 

Kamran Əsədov: "Kollec məzunlarının yenidən imtahan vermələrinə ehtiyac  yoxdur"

Kamran Əsədov: “Xarici ölkələrdə yaşayan azərbaycanlıların doğma dildə təhsil alması önəmlidir”

Hüseyn Cavid adına məktəb İstanbulda “Azərbaycan, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” Dərnəyi nəzdində fəaliyyət göstərir. Ş.Məmmədova İstanbuldakı rəhbəri olduğu məktəbin yaranma zərurəti haqqında danışarkən bildirmişdi ki, ideya ani yaranmışdı. SİTAT: “Bir gün Türkiyənin İstanbul şəhərində televiziya verilişlərinin birində bir erməninin 16 nəfər məktəbyaşlı uşağı toplayıb, savadsız qalmasınlar deyə dərs keçdiyini gördüm. Bu mənzərə məni çox təsirləndirdi, həm də, necə deyərlər, silkələdi və düşünməyə vadar etdi. Həmin andan etibarən mənim bu sahədə araşdırmalarım başladı. İpucu axtarmağa - İstanbuldakı həmvətənlərimin kompakt yaşadığı bölgələri öyrənməyə cəhd etdim. İstanbulda minlərlə soydaşımız hərf, rəqəm tanımadan, oxuma-yazma bilmədən həyatlarına davam edirdi. Onların bir qismi müharibə zamanı Türkiyəyə gələrkən qanuni yollarla yaşamaq hüququ əldə etsə də, əksəriyyəti maddi vəziyyətin imkan verməməsindənmi, qanunları bilməmələrindənmi - qanuni yaşamaq hüququna sahib ola bilmədikləri üçün qeydiyyatsız yaşamağa davam ediblər. Nəticədə bu gün hərbi xidmətə çağırılan gənc adını, soyadını yaza bilmir. Bir nəslin hələ də cahil, savadsız böyüdüyünün şahidi olduq. Müəllimlik təcrübəmə güvənərək İstanbulda məktəb açmağa qərar verdim. Hafizəmdə artıq bu layihənin sxemini hazırlamışdım. İki illik get-gəldən sonra "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik’’ dərnəyini qurdum. Dərnəyin nəzdində vətəndaşlarımıza təhsil vermək üçün Türkiyə dövlətindən qanuni icazə əldə edildi. Dediyim kimi, çox çətin oldu, amma oldu. Azərbaycan Respublikasının Təhsil Nazirliyi şagirdlərimizi pulsuz dərsliklərlə, şagirdin şəxsi işi ilə, sinif jurnalları ilə və digər tədris ləvazimatları ilə təmin edir".

Ş.Məmmədovanın müsahibələrindən bəlli olur ki, Diaspora ilə İş üzrə Dövlət Komitəsi, millət vəkili Adil Əliyev məktəbə müəyyən dəstək verib.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların doğma dildə təhsil alması önəmlidir. Ekspert  qeyd etdi ki, sözügedən məktəb o qədər də populyar məktəb deyil: “Bildiyim qədər tədris göstəriciləri o qədər də yüksək deyil. Azərbaycanlılar Türkiyə universitetlərinə istədikləri ixtisaslara daha rahat qəbul ola bilirlər. Azərbaycanlıların ana dilində təhsil alması müsbət haldır. 2016-2017-ci illərdə bu zərurət daha çox ortaya çıxdı. Məlumata görə, bu məktəbdə İstanbulda müvəqqəti yaşayan, maddi imkanı aşağı olan ailələrin övladları təhsil alır. Bu o deməkdir ki, biz o şagirdlərin yüksək təlim və tədris göstəricilərindən danışa bilmərik. Hesab edirəm ki, dövlət qurumları, iş adamları dəstək göstərsə, daha yaxşı olar”.

Mübariz Mənsimov biznesini böyüdür - OFİSLƏR AÇDI, GƏMİLƏR ALIR - FED.az

Mübariz Mənsimov: “Hüseyn Cavid adına məktəbin kollektivi də istəsə, müraciət etsə, eyni şəkildə dəstək verməyə hazırıq”

“Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədovanın onun haqqında mətbuatda səsləndirdiyi iddialara münasibət bildirib. M.Mənsimov iddiaların əsassız olduğunu deyib: “Bir necə gündür ki, İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru mənimlə bağlı bəzi media orqanlarında açıqlamalar verir. Mülahizələr irəli sürür ki, guya mən onun rəhbərlik etdiyi məktəbi bağlatdırmaq istəyirəm və s. Əslində bu cür əsilsiz və şər-böhtan xarakterli iddialara cavab vermək fikrim yox idi. Lakin azərbaycanlı balaların təhsil məsələsi gündəmdə olduğuna və təhsil məsələsi mənim üçün son dərəcə həssas məsələ olduğuna görə bu barədə qısa fikir bildirmək qərarına gəldim. Mən və rəhbərlik etdiyim ”Palmali Holding" şirkəti həmişə imkanlarımız daxilində azərbaycanlı tələbələrin təhsil almasına dəstək vermişik. Bu, mənim ən başlıca həyat prinsiplərimdən və təmənnasız gördüyüm işlərdəndir. Çünki elmli və savadlı gənclik - Azərbaycanın gələcəyidir. Və bu yöndə təmənnasız fəaliyyətimizi nə qədər ömrümüz var, davam etdirəcəyik. Sözügedən məktəbə gəlincə, Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan məktəbdən dəstəklə bağlı müraciət oldu. Öyrəndim ki, məktəb artıq 5 ildir fəaliyyət göstərir. Biz isə ötən ildən, yəni bir ildir ki, həmin məktəbə maliyyə yardımı göstəririk. Türkiyədə yaşayan aztəminatlı azərbaycanlıların övladlarının ödənişsiz təhsil almaları üçün bu prosesdə iştirak edirik. Məktəbin bütün ehtiyaclarını qarşılayırıq. Hüseyn Cavid adına məktəbin kollektivi də istəsə, müraciət etsə, eyni şəkildə dəstək verməyə hazırıq. Çünki ortada bizim balalar, onların qardaş ölkədə təhsilli və savadlı böyüməsi kimi həyati vacib bir məsələ var. Və mən bir azərbaycanlı olaraq, Türkiyə məktəblərində təhsil almaq üçün ən müxtəlif səbəblərdən sənədləri qaydada olmayan o körpələrin məktəbdən kənarda qalmasına izləyici qala bilmərəm. Bunu hər kəs bilsin ki, mən və “Palmali” şirkəti bütün tirajlanan dedi-qodulardan və şər-böhtandan uzağıq və o böhtanları yayanları Azərbaycanın gələcəyi olan uşaqlar və məktəb üzərindən düşmənçilik etməməyə dəvət edirəm. Çünki bu ləyaqətsiz oyundan əziyyət çəkən məhz o uşaqlardır".

Məsələyə İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov adına məktəbin direktoru Aygün Həsənoğlu da münasibət bildirib:

“İstanbulda Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədovanın mənim onun məktəbini bağlatmaq üçün Azərbaycan və Türkiyə dövlət qurumlarına şikayət etdiyim barədə verdiyi məlumat əsassızdır və həqiqəti əks etdirmir.

Aygün Həsənoğlu: “Azərbaycanda haqları ən çox tapdanmış yazıçıyam”

Aygün Həsənoğlu: “Şərqiyə Məmmədovanın şikayəti əsassızdır və həqiqəti əks etdirmir”

Məsələ bundan ibarətdir ki, martın 15-də Türkiyənin bir sıra dövlət qurumları bizdən şikayət edildiyini bildirərək araşdırma aparılmalı olduğunu qeyd etdilər. Şikayətin kimdən olduğunu bildirməsələr də, bunu edənin Şərqiyyə Məmmədova olduğu heç kimdə şübhə doğurmur.

Araşdırma nəticəsində Türkiyə dövlət qurumlarına da aydın oldu ki, burada təhsil alan şagirdlərdən hər hansı vəsait tələb olunmur və təhsil tam ödənişsizdir.

Mübariz İbrahimov adına məktəbi azərbaycanlı uşaqların təhsilinə çox böyük önəm verən iş adamı Mübariz Mənsimov maliyyələşdirir. Məktəb İxtiyar Abdalov tərəfindən 2016-cı ildə açılıb və 2017-ci ildən dərnəyimizin nəzdində fəaliyyət göstərir. İş adamı Mübariz Mənsimov 2022-ci ilin aprel ayından məktəbimizin kirayəsini, uşaqlar üçün servis xidməti haqqını, o cümlədən oktyabr ayından isə müəllimlərin kirayə haqlarını (maaş əvəzi) ödəyir.

Şərqiyyə Məmmədova isə 5 ildən artıqdır ki, Mübariz İbrahimov adına məktəbə, onun direktoruna (mən üçüncü direktoram) və kollektivinə qarşı şiddətli qaralama təbliğatı aparır. Sosial şəbəkələrdə saxta səhifələr vasitəsilə şəxsimə qarşı hücumlar təşkil edir, Azərbaycanın dövlət qurumlarına və ayrı-ayrı nüfuzlu şəxslərə müraciət edərək məni və fəaliyyətimizi pisləyərək məktəbimizin bağlanmasına çalışır. Bu azmış kimi, 130 uşağın təhsilini davam etdirməsinə şərait yaratmış iş adamı Mübariz Mənsimova qarşı qərəzli qarayaxma kampaniyası aparmaqda davam edir, bunun üçün ictimaiyyəti aldatmaqdan, yalan və böhtan dolu məlumatlar yaymaqdan da çəkinmir.

Məsələ burasındadır ki, məktəbimizə maddi dəstək gələn kimi, biz şagirdlərdən alınan 150-200 Türk lirəsi dəyərində yardımı ləğv etdik. Təhsil haqqını 550 lirəyə çıxarmış Ş.Məmmədova şagirdlərini itirəcəyini başa düşərək yenidən 250-350 lirəyə endirməli oldu. Hazırda təhsil haqqını yenidən yüksəltmək istəyir, buna görə də Mübariz Mənsimovu bezdirərək bizə yardımı dayandırmasına nail olmağa çalışır.

İkinci səbəb də həmin məktəbdən müəllimlərin ayrılaraq bizim məktəbə iş üçün müraciət etməsidir. Fevral ayında məktəbimizdən 3 müəllim Azərbaycana geri qayıtdı və mən də müraciət etmiş müəllimləri onların yerinə işə aldım. Bu qəbul mənim tərəfimdən aparılmışdır və Mübariz Mənsimovun məktəbə kimlərin işə alındığı, kimlərin işdən çıxdığı barədə heç bir məlumatı yoxdur, çünki bu işə qarışmır. Mübariz bəyin müəllimləri “şirnikləndirməsi” barədə Ş.Məmmədovanın iddiaları və qorxuları doğru deyil, həqiqətlə heç bir əlaqəsi yoxdur".

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR