Onlayn ictimai-siyasi qəzet
Şahin Əsədli: “MSK-nın daxilində doqquz, DSK-ların nəzdində isə üç nəfərdən ibarət ekspert qrupu fəaliyyət göstərir”
1 sentyabrda keçiriləcək parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası davam edir. Mediada namizədlərin yarışı hiss olunmasa da, sosial şəbəkələrdə xeyli aktivlik var.
Bu seçkinin maraqlı məqamlarından biri də namizədlərin mediada deyil, sosial şəbəkələrdə təbliğata üstünlük verməsidir. Bunun səbəbi nədir? İddialıların xəsisliyi, yoxsa sosial şəbəkələrin ənənəvi medianı üstələməsi?
Qeyd edək ki, artıq bu məsələni tənqid edənlər də var. Belə ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkə hesabında qeyd edib: “Ötən gündən deputatlığa namizədlərin seçki kampaniyasında təbliğat və təşviqat prosesi başlayıb. Çoxları artıq pullarını İnstagram və digər sosial şəbəkələrdə reklama xərcləyir. Bu məni çox düşündürür ki, onlar niyə gedib seçki dairələrində iş görmək əvəzinə qapılarda şəkil çəkdirmir, şüar yapışdırırlar?
Biz vətəndaş olaraq sual veririk, amma onların feyk profillərlə əlaqəli qohumları çıxıb, təriflər yağdırırlar. Mənim qanuni haqqımdır ki, bilim namizəd kimdir.
İnstagram-dan səs toplamaqla bitmir, vətəndaşların hörmətini qazanmaq və bunu feyk profillərlə deyil, əməllərlə etmək lazımdır".
Digər məsələ seçkidə iştirak edənlərin təşviqatı necə, hansı üsullarla aparmasıdır.
Natiq Cəfərli
Mövzu ilə bağlı REAL Partiyasının icra katibi, deputatlığa namizəd Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Natiq Cəfərli bildirib ki, nə imza toplama, nə də təbliğat-təşviqat kampaniyası dövründə hansısa bir maneçilik, problem, neqativ hallarla rastlaşmayıb: “Yəni hələ ki, hər şey qaydasında gedir. Qeyd etdiyim kimi, imza toplama kampaniyası çox rahat keçdi, hazırda isə rahat şəkildə görüşlər keçiririk. Ona görə də düşünürəm ki, bu məsələ belə davam etsə, ötənilki seçki prosesləri ilə müqayisədə Azərbaycan üçün çox pozitiv dəyişiklik olacaq.
O ki qaldı namizədlərin mediada deyil, sosial şəbəkələrdə təbliğata üstünlük verməsinə, artıq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda böyük ekran kiçik ekrana uduzub. Yəni insanlar hazırda daha çox smartfonlardan, kompüterlərdən istifadə edir, nəinki televiziyalara baxır. Bir sözlə, ənənəvi televiziyalar sosial şəbəkələrə dəqiq uduzur.
Əlbəttə ki, internet televiziyaları haqda bunu demək olmaz, yəni getdikcə internet televiziyalar daha çox populyarlıq qazanmağa başlayıb. Çünki izlənməsi daha rahatdır, əvvəl canlı yayımda, daha sonra isə YouTube və ya digər platformalar üzərindən izləmək olur.
Ona görə də sosial şəbəkələrdə reklam daha effektlidir və çox sayda izləyicisi olan insanlar üçün daha rahatdır. Məsələn, sosial şəbəkədə mənim 35 mindən çox izləyicim var, istənilən post, yazdığım yazı 10 minlərlə insana çatır ki, bu da bir üstünlükdür".
Natiq Cəfərli qeyd edib ki, sosial şəbəkələrdə təbliğat üçün daha çox sosial şəbəkələrə üstünlük verilməsi bütün dünyada gedən trenddir: “Bugünlərdə Amerikada gedən seçki prosesini izləyirik və müşahidə edirik ki, prezidentliyə namizədlər, Donald Tramp və Kamala Haris ənənəvi televiziyalardan daha çox blogerlərə və yaxud tanınmış iş adamlarına müsahibə verirlər. Məsələn, bir neçə gün öncə Donald Tramp X platforması üzərindən İlon Maska müsahibə verib və artıq yüz milyondan çox izləyici bu verilişi izləyib. Yəni bu, dünyada gedən trenddir və Azərbaycanda da bu trend davam edir.
Məlum olduğu kimi, İctimai TV-də 60-dan çox dairədən namizədi olan partiyaya ödənişsiz efir şəraiti verilib. Qanunvericilikdə də var ki, 60-dan çox dairədən namizədi olan partiyalara pulsuz efir verilməlidir. 60-dan çox dairədən namizədi olan isə Yeni Azərbaycan Partiyasıdır (YAP). Yaxşı olardı ki, İctimai TV-də debatlar olsun və hesab edirəm ki, bu, marağa səbəb ola bilərdi".
Tural Abbaslı
AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı da qeyd edib ki, təbliğat-təşviqat işinin ümumi mediada deyil, sosial şəbəkələrdə getməsinin müxtəlif nüansları var: “Nüanslardan biri maliyyə məsələsidir. Belə ki, bir çox media qurumlarının təbliğat-təşviqat müddətində reklam hüquqlu, reklam xarakterli yayımların və yaxud məlumatların verilməsi qiymətlərinə baxmışam, kifayət qədər çox maliyyə tələb edir. Məlum olur ki, televiziyalarda reklam xarakterli yayımların saniyəsi 25-30 manatdır. Bu baxımdan təbii olaraq namizədlər əsasən sosial mediaya yönəlirlər, çünki orada xidmətlər demək olar ki, pulsuzdur. Hətta kiçik məbləğlərlə reklam yerləşdirə bilirlər, bu məbləğ medianın tələb etdiyi məbləğdən xeyli aşağıdır, üstəlik, çatımlılığı daha geniş əhatəlidir.
Zatən medianın özü də insanlardan aldığı reklam məlumatlarını sosial media vasitəsilə paylaşır. İnsanlar da düşünür ki, əgər belədirsə, özü də bunu edə bilər və xərci daha az olar.
Namizədlərin maddi durumunun yaxşı olmadığı göz önündədir. Təbii ki, maddi durumu yaxşı olan namizədlər də var, amma onların sayı azdır və bildiyim qədər media ilə də müqavilələri var. Yəni burada qətiyyən xəsislikdən söhbət gedə bilməz. Biri var ki, pul var xərcləmirsən, biri də var ki, pulun yoxdur xərcləmirsən. Yəni namizədlərin böyük əksəriyyətinin maliyyə vəziyyəti o qədər də yaxşı deyil.
Daha bir məsələ, sosial media çox böyük imkanlar verir və namizədlərin maddi durumundan asılı olmayaraq, onları bərabərləşdirir. Seçki Məcəlləsinin də fəlsəfəsində namizədlərə bərabər şəraitin yaradılması məsələsi var. Lakin dərinə gedəndə görürsən ki, namizədlər bərabər şəraitdə mübarizə apara bilmirlər. Çünki imkanlı və imkansız namizəd anlayışı var".
“Təbliğat-təşviqat prosesi hazırda necə gedir?” sualımıza isə Tural Abbaslı bu cür cavab verdi: “Burada zatən iki tərəf var - təbliğat-təşviqat aparan tərəf və təbliğat təşviqat aparılan. Burada təbii ki, birtərəfli təbliğat-təşviqat aktiv olması mümkün deyil. Əgər namizəd təbliğat-təşviqat aparırsa, gərək seçicidən geri dönüş alsın və ya seçicilər bu təbliğat-təşviqata reaksiya versin, bu prosesdə öz rollarını oynasınlar.
Burada həm də təcrübəli-təcrübəsiz namizəd məsələsi var. Yəni namizəd var ki, təcrübəlidir, təcrübəsiz, həvəsli və ya həvəssiz, özü iddialı və yaxud namizəd olmasında xəbərsiz olan feyk namizədlər var və bütün bunlar da prosesə təsir edən amillərdir.
Xoşagəlməz amil ondan ibarətdir ki, insanların canında bir qorxu, müdaxilə xofu var. Buna görə də insanlar bu prosesdən əsaslı və yaxud əsassız olaraq çəkinirlər. Məsələn, imzatoplama kampaniyasından sonra bizə məlumatlar gəlirdi ki, müxtəlif dairələrdə kənd sovetləri və yaxud hansısa partiyalar imza verən şəxslərə zəng ediblər ki, “siz niyə imza verirsiz, niyə dövlətə qarşı çıxırsız” və sairə. Bunlar xoşagəlməz nüanslardır və hesab edirəm ki, aradan qalxar.
Demokratik seçki keçirmək lazımdır və bu, Azərbaycanın gələcəyi, təhlükəsizliyi, strateji hədəfləri üçün çox önəmlidir".
Bəs bu müddətdə MSK hansısa namizəddən şikayətlər, qanun pozuntularına dair müraciətlər alıbmı?
Şahin Əsədli
MSK mətbuat xidmətinin rəhbəri Şahin Əsədli bildirib ki, onlara daxil olan şikayətləri, müraciətləri Seçki Məcəlləsinin tələblərinə və qurumun təsdiqlədiyi müvafiq təlimata əsasən araşdırırlar: “Bundan sonra komissiyanın iclasında müvafiq qərarlar qəbul edilir.
MSK-nın daxilində doqquz, DSK-ların nəzdində isə üç nəfərdən ibarət ekspert qrupu fəaliyyət göstərir. Həmin bu qrupların rəyi əsasında şikayətlər və müraciətlər komissiyanın iclasına çıxarılır. Nəticə olaraq komissiyanın iclasında geniş müzakirə edilib müvafiq qərar verilir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ