İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlam Şıxəliyev Ali Məhkəmədə iştirak üçün şərt irəli sürdü – zərərçəkənlər “od püskürdü”

Oktyabrın 18-də Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş idarənin şöbə rəisləri – Sahib Ələkbərov, Yasin Məmmədov, Vüsal Ələkbərovun barələrindəki qərardan kassasiya şikayəti üzrə iclas keçirilib. Hər 4 şəxs kassasiya şikayətlərində barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb ediblər.

Musavat.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır. Prokuror Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş, yaxınlarının adına olan və aşağı məhkəmə instansiyalarında geri qaytarılan əmlaklarını da tam olaraq müsadirə edilməsi barədə qərar çıxarılmasını tələb edir. Zərərçəkənlər də protestin təmin edilməsi ilə yanaşı kassasiya şikayətlərində yazırlar ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma onlara qarşı törədilən cinayətlərə münasibətdə daha yüngül cəzalar təyin olunub. Onlar məhkəmədən xahiş edirlər ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma daha ağır cəzalar təyin olunması barədə qərar çıxarsın.

Ali Məhkəmədə keçirilən iclasda şikayət vermiş məhkumlardan yalnız Sahib Ələkbərov iştirak edib. Sədrlik edən hakim bildirib ki, hazırda həbsdə olan Mövlam Şıxəliyev məhkəməyə məktubla müraciət edib. Hakim məktubu elan edərkən bəlli olub ki, Mövlam Şıxəliyev iclasda iştirakının bir şərtlə təmin olunmasını istəyib. O, hazırda saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmədən, birbaşa Cəzaçəkmə Müəssisəsindən məhkəməyə gətiriləcəyi halda iştirak etməsini ifadə edib. Əks halda kassasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş edib.

Hakim bildirib ki, belə bir prosedur qayda müəyyən edilmədiyindən Mövlam Şıxəliyevin iştirakı olmadan iclasın keçirilməsinə tərəflərin münasibətini öyrənib. Dövlət ittihamçısı Nazim İmanov, Mövlam Şıxəliyevin vəkilləri Ceyhun Yusifovla Arzu Cavadov, zərərçəkənlər Mövlam Şıxəliyevin iştirakı olmadan iclasın keçirilməsinə etirazlarının olmadığını bildirdi.

Hakim Sahib Ələkbərovun vəkili Vüsal Orucovun məhkəməyə oktyabrın 17-də kassasiya şikayətinə əlavə təqdim etdiyini açıqladı. Həmin əlavənin tərəflərə çatıb-çatmamasını xəbər aldı. Qulam Bağırov Sahib Ələkbərovun epizodu üzrə əsas zərərçəkmiş olduğunu və kassasiya şikayətinə əlavənin ona çatmadığını bildirdi.

Hakim yerindəcə müşavirə keçirib kassasiya şikayətinə əlavənin tərəflərə çatdırılması üçün iclasın qeyri-müəyyən vaxta qədər təxirə salınması ilə bağlı qərar verdi.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəməni hüququndan sui-istifadədə ittiham edib. Bildirib ki, iş üzrə 36 zərərçəkən var və onların hər biri kassasiya şikayətinə əlavə təqdim etməklə hüquqlarından istifadə edə bilərlər və bu məhkəmənin uzanmasına səbəb olacaq. Məhkəmə bunun qarşısını almalıdır. Hakim isə bildirib ki, belə bir hal olarsa, qanun çərçivəsində tədbir görüləcək.

İclasdan sonra kassasiya şikayətinə əlavə ilə tanış olan Qulam Bağırov “Yeni Müsavat”a deyib ki, məhkum Sahib Ələkbərov dövlət başçısının sərəncamının geri oxunmasını istəyir:

“Sahib Ələkbərov şikayətinə əlavəsində yazır ki, geri alınmış polkovnik rütbəsi, orden və medalları ona qaytarılmalıdır. Əlbəttə ki, absurd yanaşmadır. Sahib Ələkbərov mənə və digər Azərbaycan vətəndaşlarına qarşı cinayətlərini deyəsən unudub. Yadından çıxıbsa, yadına salıram. Məni, heç bir günahı olmayan Azərbaycan vətəndaşını saxta, heç bir əsasının olmaması Bakı Hərbi Məhkəməsinin hökmü ilə də təsdiqlənmiş bir ittihamla həbsə aldılar. Milli Təhlükəsizlik Nazirliyinin( ləğv olunmuş) İstintaq Təcridxanasında çox ağır şərtlərdə saxlamaqla ailəmdən şantajla külli miqdarda pul tələb etdilər. Mən faktiki olaraq girovluqda ola-ola ailəmin yaşadığı evi, maşınımı, yaxın qohumlarımın qızıl-zinət əşyalarını satdırmışdılar. Tələb etdikləri məbləğ düzəlmədiyindən, üstəlik ailəmə borc da aldırmışdılar ki, istədikləri məbləği ala bilsinlər. 33 gün qanunsuz olaraq girovluqda saxladıqdan sonra tələb etdikləri pulu Sahib Ələkbərov şəxsən qardaşımdan almışdı. Məni də digər zərərçəkmişlər kimi eyni məzmunlu, saxta xəstəlik tarixçəsi ilə girovluqdan azad etmişdilər. Sahib Ələkbərov belə bir cinayəti mütəşəkkil cinayətkar quldur dəstənin üzvü olmaqla törədib. İndi də Ali Məhkəməyə belə gülünc bir əlavə kassasiya şikayəti verib və rütbəsini, orden-medallarını geri tələb edir. Özü haqda fikir formalaşdırır ki, guya dövlətə xidmət edib. Unudub ki, onun üzvü olduğu mütəşəkkil cinayətkar quldur dəstənin serial cinayətlərinə görə dövlət başçısı ümumiyyətlə cinayət yuvasına çevirilmiş MTN-i ləğv edib. Sahib Ələkbərovun məntiqi ilə MTN də bərpa olunmalıdır”.

Zərərçəkmiş Zaur Əliyev bildirdi ki, Sahib Ələkbərovun kassasiya şikayətinə əlavəsi məhkəməni süni şəkildə uzatmağa xidmət edir:

“Sahib Ələkbərov aşağı məhkəmə instansiyalarında etiraf edib ki, üzvü olduğu mütəşəkkil cinayətkar quldur dəstə pul alıbsa, o puldan ona heç nə çatmayıb. Pul alınıbsa, Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov səviyyəsində alınıb. Bu səbəbdən də dəfələrlə məhkəmədə deyib ki, özü həbsdədirsə, sağında Zakir Qaralov, solunda isə Rüstəm Usubov oturmalıdır. Dəfələrlə məhkəmədə vəsatət verərək Qaralovun, Usubovun məhkəmədə dindirilməsini istəyib. Sahib Ələkbərovun sözlərindən belə anlaşılır ki, üzvü olduğu dəstə bu gün onunla birgə məhkumluq həyatı yaşayanlardan ibarət deyil, daha genişdir. Adlarını çəkdiyi yüksək vəzifə daşıyıcıları da onun üzvü olduğu dəstəyə rəhbərlik ediblər. Sahib Ələkbərov təkbaşına vətəndaşları girov götürüb MTN-in istintaq təcridxanasında saxlaya, onların yaxınlarından 300-500 min manat, 1-2 milyon dollar tələb edib ala bilməzdi. O, bu səlahiyyətlərə sahib deyildi. Bu gün də düşünürlər ki, məhkəməni uzatmaqla nəyəsə nail olacaqlar. Məsələn, növbəti prosesdə Yasin Məmmədov və ya Vüsal Ələkbərov kassasiya şikayətlərinə əlavə təqdim edə bilərlər. Məhkəmənin süni şəkildə uzadılması Mövlam Şıxəliyevin planlarına uyğundur. Belə ki, ibtidai istintaq zamanı müsadirəyə götürülmüş, lakin Bakı Hərbi Məhkəməsində onun ailə üzvlərinin adına rəsmiləşdirilməsi səbəbi ilə müsadirədən çıxarılan, həbsdən azad edilən əmlaklarını xilas etməyə xidmət edir. Bu baxımdan məhkəmə hüquqdan sui-istifadə hallarının qarşısını almalıdır”.

“Mövlam Şıxəliyev həbsdə də mütəşəkkil cinayətkar dəstəsinin üzvləri olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovu idarə edir. Bu adamlar onun dediyi ilə oturub-dururlar. Sahib Ələkbərovun vəkilinin kassasiya şikayətinə əlavəni məhkəmə iclasına 1 gün qalmış təqdim etməsini də təsadüfi hesab etmirəm. Sədrlik edən hakimdən, Ali Məhkəmə sədrindən xahiş edirəm ki, bunların oyununu pozsun, məhkəmənin süni şəkildə uzadılmasının qarşısı alınsın”.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi ötən ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu.

Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb.

Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. Bu ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

E.MƏMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR