Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyindən, kimin qalib, kimin məğlub olacağından asılı olmayaraq, obyektiv reallıq, həqiqət dəyişməyəcək. Bu müharibədə aqressor və işğalçı tərəf Rusiyadır.
Bu, elə bir gerçəkdir ki, mübahisə predemeti ola bilməz. Əgər kimsə bu mövzuda polemikaya girmək istəyərsə, “yox, elə deyil, bilmədiyiniz detallar var” deyə cümlə qurub sözə başlayarsa, demək, polemikanın faydası yoxdur, onu heç bir arqumentlə fikrindən döndərmək mümkün olmayacaq.
Bəzən deyirlər ki, yox, Rusiya Ukraynaya hücum etməyə məcbur idi, çünki Ukrayna Şərqə doğru genişlənirdi.
Bir iqtisadi, hərbi, siyasi blokun şərqə, qərbə, cənuba, şimala doğru genişlənməsi, öz üzvlərinin sayını artırması hansısa başqa dövlətə haqq verirmi ki, o, müharibə başlatsın? Hər dövlət öz sərhədlərini qorumalıdır. Əgər genişlənmiş NATO, ona düşmən kəsilmiş ölkənin sərhədini pozardısa, onda ona cavab verilməsi labüd və təbii səciyyə daşıyardı.
30 ildən bəri müstəqil dövlət olan bir ölkənin, konkret olaraq Ukraynanın öz tərəfdaşlarını özünün seçmək haqqı var və ona müdaxiə etmək, artıq, beynəlxalq hüququn müddəalarının pozulması deməkdir.
Bu baxımdan Rusiyanın Ukraynaya hücumunun səbəbi kimi göstərilən “NATO şərqə doğru genişlənirdi” tezisi tənqidə dözümsüz arqumentidir, Rusiyanın iri addımlarla Şərə doğru yürüdüyünü görməzliyə vurmaqdır.
Hələ onu da nəzərə alaq ki, bundan əvvəl Latviya, Estoniya və Litva 29 mart 2004-cü ildən NATO-nu öz hesablarına şərqə doğru genişləndirmişdilər. Son iki ildə İsveç və Finlandiya da NATO-nu şimala və şimal-şərqə doğru genişləndirdi. Ayrıca, Finlandiyanın NATO üzvü olmasından sonra NATO ilə Rusiyanın sərhədinin uzunluğu iki dəfə artdı. Amma Kreml bu boyda hadisələrin qarşısında susqun qaldı, heç kimi nüvə silahı ilə hədələmədi.
Demək, Moskvanın əsas dərdi NATO-nun harasa doğru genişlənməsi deyil, öz keçmiş müstəmləkəsi, “əzəli və əbədi torpağı” hesab etdiyi Ukraynanın ondan uzaqlaşmasıdır.
Kreml zatən hələ sovet dövründə Baltikyanı ölkələri o qədər də özündən saymırdı. Elə o kiçik ölkələr də Moskvaya əvvəldən sona qədər xor baxdılar: itaət etdilər, amma hörmət etmədilər, onun xoşuna gəlmək üçün çalışmadılar, özlərini Aropa, Rusiyanı isə Asiya ölkəsi saydılar.
Ancaq yerdə qalan postsovet ölkələrə münasibətdə Rusiya rəhbərliyinin düşüncəsi başqadır. Bu ölkələr onun “fəth etdiyi diyarlardır”, indi müstəqillik qazanıblarsa da, yarımasılı vəziyyətdə qalmalıdırlar, xarici siyasətlərini Moskva ilə koordinasiya etməlidirlər, iqtisadi sferada “mərkəz”ə güzəştli mövqe tutmalıdırlar, kadr siyasəti apararkən, hətta deputat seçərkən Moskvanın rəyini nəzərə almalıdırlar.
Bu ölkələrin o biri qonşuları da anlayırlar ki, Rusiya onlardan əl çəkməyib, patronajlığını davam etdirir. Yoxsa İran Azərbaycana, “Taliban” Türkmənistan və Tacikistana, Çin Qırğızıstana qarşı müharibəyə səbəb olacaq tələblər irəli sürərdi. Adı çəkilən dövlətlər bilirlər ki, Rusiyanın “arxa bağça”sına qarşı hər hansı bir iddia irəli sürmək Moskvaya sataşmaq deməkdir.
Bununla yanaşı, Kreml Azərbaycanın Türkiyə ilə, Moldovanın Rumıniya ilə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın Çinlə, Ermənistan və Gürcüstanın Qərblə yaxınlaşmasından, siyasi, mədəni, iqtisadi əlaqələr qurmasından xoşnud deyil və bunu hər fürsətdə büruzə verir, dilə gətirir. Sadəcə, prosesi durdurmaq üçün əlində rıçaq yoxdur. RF Ukrayna üzərində tam və qəti qələbə qazansa, bu rıçaqları əldə etməyə yaxınlaşacaq. Bu, zor, təzyiq rıçağıdır.
İndi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Napoleon və Hitleri Fransa prezidenti Emmanuel Makronun sələfləri adlandırır. Əslində isə məhz onun öz ölkəsi Napoleon Fransasının və Hitler Almaniyasının “xələfi”dir. Napoleon və Hitler bütün Avropanı öz protektoratı etmək istədiyi kimi, Putin də əli çatan bütün ölkələri Rusiyanın vassal etmək istəyir və bundan ötrü hərbi qüvvə ilə yanaşı, iqtisadi planda da işləyir, eləcə də geniş kəşfiyyat işləri aparır, hər ölkənin daxilində siyasi qüvvələri ələ almaq, hakimiyyətə gətirməyə çalışır.
O vaxtlar əksər Avropa xalqları Fransa və Almaniyaya qarşı olduqları kimi indi də Rusiyaya qarşıdırlar.
Bunlar danılması mümkün olmayan gerçəklərdir.
09 Mart 2025
08 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ