İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva qondarma “artsax nümayəndəliyi”ni bağlayır

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Paşinyan buna şifari razılıq verdiyini niyə demişdi?

1990-cı illərdən Moskvada “fəaliyyət göstərən” Qarabağ separatçılarının Rusiyadakı “daimi nümayəndəliyi” tezliklə bağlanacaq. Bu barədə Ermənistanın “Hraparak” qəzeti  xəbər yayıb. Nəşr bununla bağlı başqa təfərrüat verməyib.

Separatçıların “daimi nümayəndəliyinin” bağlanması ilə bağlı məlumatlar əvvəllər də erməni mətbuatında yer alsa da, hər dəfə sonradan təkzib edilib.

Haqqın.az saytı xəbəri şərh edərkən yazır ki, son vaxtlar Moskva Ermənistan-Azərbaycan nizamlanmasına münasibətdə ədalətli mövqe nümayiş etdirməyə başlayıb. Rəsmi Bakının separatçıların nümayəndəliyinin bağlanması isə Kremlin Azərbaycanla müttəfiqlik əməkdaşlığı çərçivəsində yeni strategiyasına uyğun gəlir.

Qeyd edək ki, hətta Kremlin baş təbliğatçısı Vladimir Solovyov da “Qarabağın xarici işlər naziri” kimi təqdim etdiyi verilişini yayımlamaq üçün separatçı David Babayanı dəvət etdikdən sonra rəsmi Bakıdan üzr istəyib. Onun sözlərinə görə, o, öz hərəkətləri ilə “dünya siyasətində mühüm rol oynayan Rusiya-Azərbaycan münasibətlərinə nifaq salıb”.

Rusiya XİN separatçı rejimin Moskvada “nümayəndəliyinin” yaradılması barədə xəbərləri hələ İkinci Qarabağ müharibəsindən əvvəl də təsdiqləməyib. Rusiyadakı “nümayəndəliyinin” rəhbəri Albert Andryana gəlincə, Rusiya tərəfi iddia edib ki, o, Rusiya XİN-də Ermənistanın Moskvadakı səfirliyinin müşaviri kimi qeydə alınıb. Moskvada qondarma nümayəndəlik 1993-cü ildə açılıb və 1994-cü ildən tam fəaliyyət göstərir.  Məlumatlara görə, “daimi nümayəndəlik” Ermənistan səfirliyinin də yerləşdiyi binaya sığınıb.

Erməni nəşrinin xəbəri Xankəndidə də ciddi  narahatlıq yaradıb.  “Arminfo”ya açıqlamasında özünü “xarici işlər naziri” hesab edən David Babayan deyib ki, Rusiyadakı “daimi nümayəndəliyinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.  Babayan ermənilərə müraciətlə “sakit olun, bu məlumat həqiqətə uyğun deyil” deyib.

Yeri gəlmişkən, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan müharibədən sonra öz Teleqram kanalında iddia etmişdi ki, qondarma nümayəndəliyin bağlanmasına baş nazir Nikol Paşinyan şifari razılıq verib. İrəvan isə bu xəbəri də təkzib etmişdi.

Qeyd edək ki, bu “nümayəndəliklər” dünyada yağışdan sonrakı göbələk kimi artıb. Onlar Rusiya, ABŞ, Kanada, Fransa, Avstraliya, Almaniyada “fəaliyyət göstərir”. 

Müharibədən sonra Qarabağda yalnız bir ovuc erməni qalıb ki, onlara da  hansısa ölkədə qondarma nümayəndəlik deyil, yeni şəraitdə uyğunlaşıb yaşamağı öyrənməli lazımdır. Bunu hələ dərk etməyənlərə və ya Azərbaycan qaydalarını qəbul etmək istəməyənlərə isə ərazilərimizi tərk etmək məsləhət görüləcək. Əks halda, separatçılar və sülh şəraitində yaşamaq istəməyənlər yenidən Azərbaycan dəmir yumruğunun qüdrəti ilə üz-üzə qalacaqlar...

Orxan ƏLİYEV,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR