Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ermənistan münasibətləri kritik nöqtəyə - partlayış həddinə yaxınlaşır. Söhbət təkcə Qarabağdakı məlum hadisələrdən sonra ən yüksək səviyyədə özünü göstərən söz duelindən, o sırada bir-birinin ünvanına həqarətli bəyanatlar verməkdən getmir. “Ayrılma” praktik müstəvidə də gerçəkləşməyə başlayıb.
Dünən Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu (Əsasnamə) yekdilliklə təsdiqləyərək ratifikasiya üçün parlamentə göndərib. Orada isə çoxluq hakim partiyaya məxsusdur. Keçən ilin dekabrında sənədi Nikol Paşinyan hökuməti təsdiqləmişdi.
Bu o deməkdir ki, Kremlin permanent xəbərdarlıqlarına və hədələrinə rəğmən, Ermənistan işi hədəflədiyi şəkildə yekunlaşdırmaqda israrlıdır. Yəni sənəd parlamentdə təsdiqlənəcək. Bununla da “strateji müttəfiq” Rusiyanın rəhbəri V.Putinin Ermənistana girişi de-yure bağlanmış olacaq. Çünki BCM-nin onun haqqında həbs qərarı var. O səbəbə Roma Statutuna qoşulan ölkələr Putrini dərhal saxlamağa borcludur...
Ermənistanın Moskvaya qarşı demarşı bununla da bitmir. Bu gün məlum olub ki, Ermənistanın müdafiə naziri Suren Papikyan MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyanın Tula şəhərinə getməkdən imtina edib. Xəbəri yerli media yayıb.
Bu, ilk belə insidentdir. İki gün öncə İrəvan həmçinin KTMT-də (“Rus NATO-su”) Ermənistanın boş qalan nümayəndəliyi yerinə yeni şəxsin təyinatından imtina etmişdi.
Yeri gəlmişkən, Ermənistan hökumətinin Tg kanalları ölkənin KTMT-dən çıxacağını və Rusiya hərbi bazasının tezliklə bağlanacağını anons edir. Bundan əlavə, bildirilir ki, İrəvan Ermənistan hazırkı çətin sosial durumu nəzərə alaraq, tədarükü hələ də başlamamış Rusiya silahlarına görə Moskvaya ödədiyi təxminən 400 milyon dolları geri almaq üçün Rusiyaya müraciət edib. Lakin Rusiya tərəfi silah tədarükü üzrə müqavilələrin hələ də ləğv olunmadığını əsas gətirərək, pulu qaytarmaqdan imtina edib.
“Ermənistanın KTMT-yə üzvlüyü nəinki tam mənasızdır, hətta bizim təhlükəsizlik sistemini təhdid edir. Çünki o halda yeni silahlar almağımıza və digər ölkələrlə hərbi sahədə əməkdaşlığımıza mane olur. KTMT-dən çıxmaq indi imperativ və təcili ehtiyacdır. Etibarsız və məsuliyyətsiz “müttəfiqlər”dən mümkün qədər uzaq durmalıyıq”, - tg kanalları yazır.
Ermənilərin əminliyinə görə, Gümrüdəki Rusiya bazasının taleyi də artıq proqnozlaşdırılan xarakter almaqdadır: “Azərbaycanla münasibətlərin mümkün tənzimlənməsi halında Türkiyə ilə də münasibətlərin nizamlanması gözlənilir. Əgər bu ssenari reallaşarsa, o zaman diplomatik münasibətlərin qurulmasının ertəsi günü sözün əsl mənasında Moskvaya Rusiya hərbi bazasını çıxarmaq üçün konkret vaxt təyin oluna bilər”, - deyə erməni mənbələr qeyd edir...
Gerçəkdən də Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik, iqtisadi-ticari münasibətlər qaydaya düşəndən sonra Ermənistanda Rusiya hərbi bazasının varlığına hər hansı lüzum qalmayacaq. Onun ardınca Ermənistanın Türkiyə və İranla sərhədlərini də yəqin ki, rus hərbçiləri (FTX) deyil, ermənilərin özləri qoruyacaq.
Proseslərin bu cür yekunlaşması əlbəttə ki, Qərbin, özəlliklə ABŞ-ın da marağındadır. O zaman məntiqlə Vaşinqton İrəvanı Bakı və Ankara ilə sülh anlaşmaları imzalamağa daha güclü sövq etməlidir. Edəcəkmi?
Ola bilsin, belə sonluqdan Rusiya ilə yanaşı, İran da rahatsız olsun. O biri yandan, əgər Ermənistan İranla sərhədini ermənilərin özləri qoruyacaqsa, Tehran niyə təlaşlanmaldıır ki?
Bir şey dəqiqdir ki, satellit Ermənistanla Rusiya arasında siyasi “boşanma” asan olmayacaq. Ətlə dırnağı ayırmaq həmişə ağrılı olur. Gərək güclü “ağrıkəsici” tapasan. Bunu isə məhz Azərbaycanla Türkiyə təmin edə bilər. Keşkə, ermənilər bu dəfə də tarixi yanlışa yol verməyələr...
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ