Onlayn ictimai-siyasi qəzet
“ABŞ artıq Rusiyanın əsas maliyyə axınlarını hədəf seçib. Buna görə də ABŞ Maliyyə Nazirliyi Moskva Birja Qrupuna və onun klirinq agentinə qarşı sanksiyalar elan edib. Bununla rəsmi Vaşinqton Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən maliyyə axınlarına nəzarət etmək istəyir. Bu isə Moskva Birjasında dollar və avro ticarətinin dayandırılmasına səbəb olub”.
Bu barədə Musavat.com-a iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O əlavə edib ki, Rusiyada ajiotajın yaranmaması üçün Mərkəzi Bank şirkətləri və fiziki şəxsləri Rusiya bankları vasitəsilə dollar və avro alqı-satqısını davam etdirə biləcəklərini açıqlayıb.
“Görünən odur ki, Rusiya Mərkəzi Bankı sanksiyaların müxtəlif təsirlərini modelləşdirərək bu cür ssenarilərə hazırlaşıb. Lakin ABŞ-ın əlində alətlər yetəri qədər olduğu üçün şübhəsiz ki, qarşıdakı aylarda daha yeni sanksiya mexanizmləri tətbiq ediləcək. Amma bir məsələni unutmaq olmaz ki, ayrı-ayrı ölkələr öz daxilində gizli iqtisadiyyatın çəkisini azaltmağa çalışsalar da, qlobal dünya çapında bu baş vermir. Əksinə, getdikcə gizli razılaşmalar, gizli müştəri və təchizatçılarla xüsusi maliyyə əməliyyatları, mürəkkəb dolaşdırıcı konfiqurasiyalar artır. Bu isə hazırkı məqamda Rusiyaya sanksiyalardan yayınaraq ixrac-idxal əməliyyatları həyata keçirməyə, ordu təchizatını dayandırmamağa və müharibəni davam etməyə kömək edir”.
Qeyd edək ki, iyunun 12-də ABŞ Rusiyaya qarşı sanksiya siyahısını son dövrlərdə ən çox sayda əlavələr edib. ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, bu dəfə siyahıya Moskva Valyuta Birjası Qrupu da daxil edilib ki, bunun da nəticəsində Rusiyada dollarla birja ticarəti mümkünsüz hala gəlib.
Moskva Valyuta Birjası qərardan dərhal sonra açıqlama yayaraq dollar və avro ilə ticarət əməliyyatlarını iyunun 13-dən dayandırdığını elan edib. Sanksiya siyahısına həmçinin Rusiya Milli Hesablaşma Depozitarı və Milli Klirinq Mərkəzi də əlavə edilib. Bundan əlavə, Aİ və Böyük Britaniyanın ardınca ABŞ da Rusiya Milli Təkrar Sığorta Şirkətinə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısında hazırda SOGAZ, Tochka Bank, Goznak və onun rəhbəri Arkadi Traçuk da var.
Həmçinin Seligdar, Qazprom Invest, Uralredmet, Amur Metallurgiya Zavodu, GT Morstroy ASC, Konar ASC, Rusolovo PJSC, Sinara Transport Machines, Rusgazdobycha şirkətləri, həmçinin bir sıra NOVATEK strukturları daxildir: Murmansk LNG, Ob Qaz Kimya Kompleksi, Murmansk -Transgaza, Arctic LNG 1, Arctic LNG 3, NOVATEK LNG Fuel Kashira, Colestar və Elgaugol qruplarından bir sıra şirkətlər də sanksiya siyahısına daxil edilib. Rusiya Mərkəzi Bankı bu gün açıqlama yayaraq ABŞ dolları və avro ilə əməliyyatların birjadankənar bazarda davam etdiriləcəyini elan edib.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ