İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Azərbaycan müxalifətini ayağa qaldırdı

AXCP və Müsavat Rusiyada verilmiş qərara görə Azərbaycan hakimiyyətini ittiham edir

Rusiya prezidenti Vladmir Putinin ötən həftə elan etdiyi qismən səfərbərlik Azərbaycan müxalifətini hərəkətə keçirib. Belə ki, AXCP sentyabrın 30-u Milli Məclisin binası qarşısında piket keçirmək istəyir. Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş xəbərdarlıq məktubunda aksiyanın “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə etiraz niyyəti daşıdığı bildirilib. “Turan”ın məlumatına görə isə  piketdə siyasi məhbuslara azadlıq, quru sərhədlərin açılması, Rusiyada hərbi səfərbərliyə alınmaq təhlükəsi ilə üzləşmiş azərbaycanlıların ölkəyə gətirilməsi tələblərini qoymaq da nəzərdə tutulur.

“Rusiya vətəndaşı olan minlərlə soydaşımızın həyatı təhlükədədir. Kreml soydaşlarımızdan və başqa qeyri-rus millətlərindən öz işğalçı müharibəsində ət sipəri kimi istifadə etməyə çalışır”. Bunu  Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında yazıb. Müsavat liderinə görə,  illərlə vətəndaşlıq növbəsində olan azərbaycanlılara  bir neçə gün əvvəl vətəndaşlıq verilməsi və onların dərhal hərbi xidmətə çağırılması Putin rejiminin xəyanətkar planlarından xəbər verir.

“Azərbaycan bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlının yeganə dövlətidir. Bu baxımdan Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması missiyası da Azərbaycanın üzərindədir. Onların yad ölkənin sərsəm iddiaları naminə məhv edilməsinə imkan verməmək Azərbaycan cəmiyyətinin, ilk növbədə isə Azərbaycan hakimiyyətinin borcudur”, - deyə A.Hacılı qeyd edib.

Aydın Hüseynov: Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına  çevrilməsi ölkə başçısının uğurlu siyasətinin nəticəsidir

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, regionda kifayət qədər gərginliklərin yaşandığı bir vaxtda daxildə müxtəlif bəhanələrlə etiraz aksiyası keçirmək və əhaliyə bu aksiyaya kütləvi qoşulmaq çağırışının edilməsi məkrli niyyətdən xəbər verir: “Əslində özünü Xalq Cəbhəsi adlandıran həmin təşkilatın məqsədi belə bir həssas dövrdə daxildə süni qarşıdurma görüntüsü yaratmaqdır. Bunun sifarişini də xaricdən alıblar. Bu cür hərəkətləri ilk dəfə deyil. Onlar "Siyasi Partiyalar haqqında" qanun layihəsini, siyasi məhbus mövzusunu, Rusiyadakı səfərbərliyə görə bu ölkənin vətəndaşı olan azərbaycanlıların məsələsini süni şəkildə bəhanə olaraq ortaya atırlar. Həmin özünü partiya adlandıran qurumun rəhbəri və ətrafındakı iki-üç nəfəri dünyanın hər hansı yerində yaşayan azərbaycanlıların taleyi qətiyyən maraqlandırmır. Sadəcə, indi də hesab edirlər ki, insanların başını aldatmaq üçün yeni bəhanə tapıblar. Azərbaycan dövləti dünyanın hər bir yerində yaşayan soydaşlarımızın taleyinə həmişə diqqətli olub və bu gün də diqqətlidir. Bu məsələni başqa səmtlərə yönəltmək cəhdləri əvvəldən uğursuzluğa düçardır. O ki qaldı iddia etdikləri “siyasi məhbuslar” məsələsinə, Azərbaycanda siyasi mövqeyinə, siyasi əqidəsinə görə heç kim həbsdə deyil. Hansısa siyasi təşkilatın üzvü konkret cinayət əməli törədirsə və buna görə həbs olunursa, onu siyasi məhbus adlandırmaq cəfəngdir. Azərbaycanda siyasi partiyaların hamısına fəaliyyət üçün şərait yaradılıb. Ölkədə demokratik yeni siyasi konfiqurasiya formalaşıb. Bu konfiqurasiyada hakimiyyətlə siyasi partiyalar arasında sağlam dialoq mühiti hökm sürür. Hansısa marginal təşkilat özünü bu prosesdən kənarda qoyubsa, bunun günahını öz yanlış siyasətində axtarmalıdır. “Siyasi partiyalar haqqında” layihənin bəhanə edilməsinə, yeni qanun layihəsi kifayət qədər vacib sahəni əhatə edir və ilkin versiya olmasına baxmayaraq, olduqca mütərəqqidir. Qanun layihəsi parlamentdə, komitə iclaslarında müzakirəyə çıxarılmazdan əvvəl onun ictimai müzakirəsi keçiriləcək. Bu isə onu göstərir ki, prosesin ictimai əlçatanlığının tam təmin edilməsi üçün mümkün olan bütün demokratik və şəffaf şərait yaradılıb. Hələlik layihənin ilkin variantıdır və geniş ictimai müzakirədən, təkliflərin nəzərə alınandan sonra hazırlanacaq sənəd parlamentin müzakirəsinə çıxarılacaq. İctimai süzgəcdən keçərək hazırlanacaq yeni qanun layihəsi ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyaya uyğun olaraq siyasi sistemin daha da inkişaf etməsinə öz müsbət töhfəsini vermiş olacaq. Ona görə də indi hansısa kiçik siyasi qrup bu qanun layihəsini bəhanə edib aksiyalar keçirmək fikrinə düşübsə, deməli, əvvəla, müzakirələr yolunu deyil, ara qarışdırmaq yolunu seçiblər, ikincisi isə Azərbaycanın ən böyük sərvətlərindən biri olan sabitliyi, milli həmrəyliyi pozmaq istəyən xarici qüvvələrdən daxildə gərginlik yaratmaq göstərişini alıblar. Lakin onlar birdəfəlik dərk etməlidirlər ki, xalqımız onlara inanmır, onların xəyanətkar olduğunu artıq dəqiq bilir. Heç kim onların iyrənc planlarının iştirakçısı olası deyil". 

 

Həqiqəti təkcə ermənilər deyil, bəzi dünya gücləri də anlamırlar” - Abutalıb  Səmədov » www.DIASPOR.info

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, indiki məqamda etiraz aksiyaları keçirmək, əlbəttə, məqsədəuyğun deyil və xarici maraqlara xidmət edir: “Belə gərgin məqamda bu cür etiraz tədbirləri təşkil edənlərin məqsədi də xarici qüvvələrin planlarını icra etmək, Azərbaycan hakimiyyətinin mövqeyini zəiflətməyə çalışmaqdır. Bu davranışda təəssüf ki, qeyri-adi heç nə yoxdur. Sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində ermənilərin törətdiyi təxribata sərgilənən münasibət göstərdi ki, bir sıra siyasi partiyalar və onların nümayəndələri dövlətimizin və xalqımızın maraqlarını öz xırda hakimiyyət istəklərinə qurban verməyə hər zaman hazırdırlar. Azərbaycana böhtanlar atmaqda, hər cür cinayətlərdə günahlandırmaqda hətta erməniləri belə "kölgədə qoyan" kəslərdən vətənpərvərlik gözləmək, onları indiki gərgin məqamda sabitliyi qorumağa çağırmaq sadəlövhlük olardı".

A.Səmədovun sözlərinə görə, bir məsələ aydındır ki, Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyi planlaşdıran AXCP-nin məqsədi əslində güc strukturları ilə qarşıdurma yaratmaq və beynəlxalq arenada dövlətimizin nüfuzuna daha bir zərbə vurmağa cəhd göstərməkdir: “Əgər belə olmasaydı, parlamentin səlahiyyətinə aid olan məsələ ilə bağlı etiraz piketi keçirilər, təkliflər və tələblər təqdim olunardı. Ancaq piket keçirmək istəyənlər təkcə çoxsaylı tələblər irəli sürməklə kifayətlənmirlər, qanunvericilikdə nəzərdə tutulan say məhdudiyyəti tələbini pozaraq insanları etiraz aksiyasına qoşulmağa, "səkilərdən dəstək verməyə" çağırırlar. Bu da qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Çünki “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda “piket” anlayışı açıq şəkildə göstərilir və Qanunun 9-cu maddəsində qeyd olunur ki, piket iştirakçıları 50 nəfərdən çox olmamalıdır. Əgər məqsəd həqiqətən qanunun tələblərinə uyğun 50 nəfərin iştirakı ilə piket keçirməkdirsə, təbliğat aparmağa, xalqı Milli Məclisin qarşısındakı “səkilərə” səsləməyə nə ehtiyac var? Bir daha təəssüflə qeyd etməliyəm ki, AXCP-nin məqsədi təklif və tələbləri parlamentə çatdırmaq deyil, güc strukturları ilə qarşıdurma yaradıb, etiraz aksiyalarının növbəti “payız kampaniyasına” start verməyə cəhd göstərməkdir. Etiraz aksiyalarını tədricən genişləndirməyə ümid edənlərin planlarının baş tutmayacağını əminliklə söyləmək mümkün olsa da, qarşıdurma yaratmaq cəhdi çox təəssüf ki, baş tutacaq. Bu da Azərbaycana müəyyən əlavə problemlər yaradacaq, danışıqlar prosesində ermənilərin “əlini gücləndirəcək”, onlara əlavə arqumentlər verəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR