İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimi öz qəbrini dərinləşdirdi - Bakı Tehrandan terrorun hesabını soruşur

Şeyx dini liderləri terrora reaksiya verməyə çağırdı; İran təkcə hüquqi deyil, dini dəyərlər üzrə də cavab verəcək - dünya susmamalıdır...

Dayaqları sarsılan, daxili problemlər, iğtişaşlar içərisində boğulan, beynəlxalq sanksiyalar altında çabalayan İran rejimi Azərbaycan səfirliyində terror törətməyin hansı fəsadları olacağını hesablaya bilməyib. Bu dövləti cinayəti törədərkən fərqində olmayıblar ki, Azərbaycan heç də onların düşündüyü kimi susqunluq nümayiş etdirməyəcək.

Molla rejimi elə düşünürmüş ki, rəsmi Bakı təhdidlərdən, hədyanlardan çəkinəcək və onun üzərinə gəlməyəcək. Lakin unudurlar ki, Azərbaycan artıq müstəqilliyinin bərpasının ilk illərindəki ehtiyatlı, zəif dövlət deyil, hazırda dünyada yeri, sözü, çəkisi olan dövlətlərdəndir, qalib Azərbaycandır. Dünyanın ən nüfuzlu ölkələri onun müttəfiqi, tərəfdaşı, dostudur!

Molla rejiminin cinayətinə hüquqi qiymət verilməsi, buna görə cavabdehlik daşıması ilə bağlı Azərbaycan bütün mümkün addımları atacaq. “Yeni Müsavat” qeyd edir ki, təkcə hüquqi müstəvidə deyil, dini dəyərlər üzrə də İrandan hesab sorulacaq. Artıq Azərbaycan bu istiqamətdə də hərəkətlənib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dini liderləri Azərbaycanın İrandakı səfirliyindəki törədilmiş terrora sərt münasibət sərgiləməyə dəvət edib. Şeyx bu barədə BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşdə çıxış edərkən bildirib. Şeyxülislam A.Paşazadə din adından siyasi məqsədlər üçün sui - istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərinin, milyonlarla insan üçün xüsusi həssasiyyət kəsb edən dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri hallarının qarşısının alınması zəruriliyinə diqqəti yönəldib. Bildirib ki, bu yaxınlarda bəzi Avropa ölkələrində - İsveç və Niderlandda radikal şəxslər tərəfindən Quranın yandırılması, Qüdsdə və Peşəvərdə törədilən terror hücumları olduqca təhlükəli təzahürlərdir. Şeyx Tehrandakı səfirliyimizə insan itkisi ilə nəticələnən terror hücumunu diqqətə çatdıraraq, bunu beynəlxalq hüquqa zidd təxribat aktı, Azərbaycan dövlətinə, xalqımıza birbaşa təhdid kimi qiymətləndirib və bütün cəmiyyətləri, siyasi, ictimai və dini liderləri buna sərt münasibət sərgiləməyə dəvət edib.

Paşazadənin bütün Qafqazın şeyxi, nüfuzlu İslam xadimi kimi etdiyi bu çağırış şübhəsiz ki, reaksiyasız qalmayacaq. Beləliklə, molla rejimi etdiyi yaramaz əməllə özünə qazdığı qəbiri bir az dərinləşdirmiş oldu, Azərbaycan kimi səmimi, ona böyük faydası dəymiş və dəyəcək bir qonşusunu özünə qarşı çevirdi. Tehran terroru İrana hansı perspektivi vəd edir? Ona hansı cəzalar tətbiq edilə bilər?

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a qeyd etdi ki, səfirliyimizə olan silahlı basqın birmənalı terror aktıdır: “Azərbaycan rəsmiləri və müxalifəti hücumu terakt kimi qiymətləndirir. Eyni zamanda beynəlxalq aləmdən sərt reaksiyalar oldu. Dünya İrandakı rejimi terrorçu və dikatura olaraq qəbul edir. Artıq səfirliyimiz fəaliyyətini dayandırıb. Sadəcə, İranda faşist fars rejimidir. Amma Tehran hadisəni hələ də şəxsi zəmində qələmə verməyə çalışır. Ona görə obyektiv təhqiqat gözləməyə dəyməz”.

E.Musayev vurğuladı ki, sərt tələblərimizi gücləndirməliyik: “Bizim münasibətlər soyuq şəkildə qalacaq. Əgər Tehran rejimi terror hadisəsini öz bildiyi şəkildə təqdim edəcəksə, həmin terrorçunu dəli kimi tanıdacaqsa, onda əlaqələrin bərpası yaxın gələcəkdə mümkün deyil. Amma İrana sanksiyalar da getdikcə güclənəcək. Tehran özünü tam təcrid vəziyyətinə salıb. Bu terror aktı İrana olan təzyiqlərin artmasına daha da rəvac verəcək. Bizə aydın oldu ki, onlardan dost ölkə olmaz, tam düşmənçilik aparırlar. Qərb də görməkdədir ki, Azərbaycana İran kimi bir təhlükə var. Ona görə bizə dəstək, onlara təzyiq artırılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də hadisənin təfərrüatını açıqladı və bir daha aydın oldu ki, təlimatlandırılmış terrorçudur və məqsədli şəkildə onun hərəkətlərinə göz yumulub, İran hüquq-mühafizə orqanlarının əməkdaşları səfirliyə vaxtında gəlməyib”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası və taktikası dəyişir: “İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirilməsinə görə Azərbaycana "xəbərdarlıq" ünvanlayıb və bunun “sionistlərə xeyir verməsi” kimi klassik iddialar səsləndirib. Artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür. Terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığı” haqda uydurmalar ortaya atılır. İranın sərgilədiyi mövqe bu terror aktının Bakı-Tehran xəttində qırılma nöqtəsi olacağı gözləntisini önə çıxarır".

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova isə hesab edir ki, Tehrandan hüquqi müstəvidə bir sıra tələblərimiz ola bilər: “İlk növbədə Bakıdan müstəntiqlər getməlidir, istintaq qrupu göndərilməlidir. İran şəxsi zəmində olmuş hadisə sayırsa, onda bizim təhqiqatçılar da istintaq aparsınlar. İkincisi, səfirliyin zərərçəkmiş şəxslərinə İran dövləti təzminat ödəməlidir, əks təqdirdə, Avropa Məhkəməsinə və BMT-yə müraciət etmək olar. Üçüncüsü, beynəlxalq təşkilatlara çağırış etməliyik, bu terakta görə İrana sanksiyalar hərtərəfli gücləndirilsin. Kəsəsi, biz işimizi görməliyik, məsələnin gündəmdən çıxmasına imkan vermək olmaz, İran rejimi dünyada daha da rüsvay olmalıdır. İran mollalarına ağır sanksiyalar tətbiq edilməsinə çağırışlar etməliyik ki, dünya hansı təhlükə ilə üz-üzə qaldığımızı anlasın. Həmçinin müsəlman dünyasına, İslam Əməkdaşlıq Təşkilatına, ərəb dövlətlərinə müraciət ünvanlamalıyıq, səslərini qaldırsınlar, istər müsəlman, istərsə xristian dünyasının din xadimləri etiraz bildirsinlər. Özünü islam respublikası adlandıran ölkədə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın səfirliyi gülləbaran edilir və buna dünya birliyi susmamalıdır. İrana indi təzyiqlər artırılmayacaqsa, nə zaman olacaq? Bir yandan Ukraynada işğalçı ordunu dəstəkləyir, bir yandan ermənilərə silah verir, Qərbin dəstəklədiyi Paşinyanı yanına çəkir, bir tərəfdən isə Azərbaycan səfirliyində terror törədir. Rejimin cəzalandırılması üçün bundan böyük səbəblər ola bilməz”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov - hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Şəhid olan baş leytenant Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib. Mərhumun iki övladı var.

Prezident İlham Əliyev fevralın 3-də terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR