Onlayn ictimai-siyasi qəzet
General Sisi 8 müsəlman ölkəsini birləşdirən “İslam İttifaqı”nda bizi istəmir
Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın geniş tərkibdə görüşündə qardaş dövlətin lideri bir məqama diqqəti yönəltdi. Ərdoğanın açıqlamasından belə məlum oldu ki, Misir Azərbaycanın D-8 üzv olmasında tərəddüd edir.
Onun sözlərinə görə, Azərbaycanın D-8-ə üzvlük müraciətini ən güclü şəkildə dəstəkləyir: “Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D-8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik”.
“Yeni Müsavat” qeyd edir ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman ölkəsini birləşdirir. D-8-in təməli Türkiyənin o dövrdəki baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Azərbaycan bir il əvvəl D-8-ə üzv olmaq üçün müraciət edib. Yada salaq ki, Misir prezidenti Əbdül Fəttah əs-Sisi 2022-ci ildə Azərbaycanda səfərdə olub. Maraqlıdır, Misir Azərbaycanın D-8-ə üzv olmasına niyə ehtiyatlı yanaşır? Azərbaycan-Misir əlaqələri niyə arzuolunan səviyyədə inkişaf etməyib? D-8 üzvü olmaq bizə nə verə bilər? Rəsmi Qahirə niyə D-9 istəmir?
Adındakı “D” rəqəmi isə üzv ölkələrin zəifliyinin inikasıdır. İngilis dilindəki “Developing” (inkişaf etməkdə olan) sözündən götürülüb və onun qısaldılmış şəklidir. Başqa sözlə desək, D-8 bəzi ikinci dünya dövlətlərini bir araya gətirən təşkilatdır. Üzvlərinin hamısı müsəlman ölkəsi olduğundan bu təşkilatı “İslam İttifaqı” da adlandıranlar var. Təsadüfi deyil ki, ittifaq üzvləri həm də İslam Əməkdaşlıq Təşkilatında yer alırlar. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın, o cümlədən D-8 ölkələrinin iqtisadi inkişafı üçün yeni imkanlar yarada bilər. Maraqlıdır ki, üzv ölkələrdən Türkiyə və Pakistanla əlaqələrimiz yüksək səviyyədədir. İranla münasibətlər son hadisələr fonunda hər kəsə bəllidir. Misir isə Türkiyə ilə soyuq münasibətlərdə idi. Lakin bugünlərdə Misir prezidenti Ərdoğanın on ildən sonra ölkəsinə səfərindən məmnunluğunu ifadə edərək, “iki ölkə arasında yeni səhifə açırıq” deyib. Ötən ilin yanvarında da Sisi Bakıya səfər etmişdi. Digər dövlətlərlə isə İslam Əməkdaşlıq Təşkilatında normal əməkdaşlığımız var.
Maraqlıdır ki, Nəcməddin Ərbakan da Türkiyə prezidenti kimi D-8-in ən mühüm məqsədinin dövlətlərarası ticari münasibətdə Qərb imperialistlərinin valyutalarından imtina etmək olduğunu düşünür, hətta müsəlman dünyasının ortaq pul vahidinə keçməsini arzulayırdı. “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd qəbul edilib. Bu sənəd təşkilatın güclənməsi və inkişafını hədəfləyir. Sənəd üç mərhələli inkişaf strategiyasını nəzərdə tutur. Birincisi, 2020-2022-ci illər ərzində ticarət, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye əməkdaşlığı və kiçik biznesin inkişafı, nəqliyyat, turizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə edən yol xəritələrinin hazırlanması, həmçinin dəyişən dünyanın şərtlərində mövcud beynəlxalq mexanizmlərin yenidən gözdən keçirilməsini nəzərdə tutur. 2023-2027-ci illəri əhatə edən ikinci dövrdə isə üzv ölkələr arasında ticarət əlaqələrinin dərinləşməsi və daha əvvəlki dövrdə müəyyən olunmuş 6 istiqamətdə əlaqələrin inkişafı həyata keçiriləcək. 2028-2030-cu illər ərzindəki üçüncü mərhələdə isə həyata keçirilən işlər dəyərləndiriləcək və üzv ölkələrin daxili ticarət dövriyyəsinin ümumi ticarət dövriyyəsinin 10 faizinə çatdırılması təmin olunacaq. D-8-in qarşıya qoyduğu prinsiplər isə bunlardır:
Müharibə yox, sülh,
Qarşıdurma yox, dialoq,
İkili standart yox, ədalət,
Üstünlük yox, bərabərlik,
İstismar yox, əməkdaşlıq,
Hegemonluq və təzyiq yox, insan hüquqları, azadlıq və demokratiya.
Qabil Hüseynli: “Başa düşür ki, Bakı ilə Ankaranın əməkdaşlığı aparıcı mövqeyə çevrilə bilər”
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, general Sisi Azərbaycanın neft-qaz sahəsində potensiala malik olduğunu bildiyi üçün bu təşkilata buraxmaq istəmir: “Üstəlik, Misir lideri başa düşür ki, Azərbaycanla Türkiyənin siyasi əməkdaşlığı təşkilatın içərisində aparıcı mövqeyə çevrilə bilər. Bu, sırf qısqanclıqla bağlıdır, rəqabət meyillərindən irəli gəlir. Görünür ki, sürətlə inkişaf edən Azərbaycanın mövqeyi Misir prezidentinin ürəyincə deyil”. Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanla Türkiyə bir neçə platformada təmsil olunur: “Xüsusən də Türk Dövlətləri Təşkilatında hər iki dövlət lokomotiv hesab edilir. Türk dünyasının birliyinin inkişafında bu təşkilat mühüm rola malikdir. Türkiyə və Azərbaycan Turan ideyasının siyasi və iqtisadi cəhətdən gerçəkləşməsi üçün bu təşkilatda vacib işlər görürlər. Sözsüz ki, ərəb dövlətinin lideri Sisi bu müttəfiqliyi müşahidə etməkdədir. Onu da bilir ki, D-8 üzvü olan Pakistan da hər iki ölkə ilə dostluq əlaqələrinə malikdir”.
Politoloqa görə, o baxımdan da Azərbaycanın üzv olması ilə təşkilatda dominantlıq üçlüyə keçə bilər: “Məncə, burada İranın da təsiri istisna deyil. Ərdoğan Misiri qeyd edib, lakin fikrimcə, Tehran da bizi həmin təşkilatda arzulamaya bilər. Digər üzv dövlətlər haqda bunu deməyə çətinlik çəkirəm. İnanmıram ki, Banqladeş, İndoneziya, Malayziya, Nigeriya Azərbaycanın üzvlüyünün əleyhinə çıxsınlar. Burada Misir və İran belə bir niyyətdə görünə bilər. Amma Ərdoğanın Sisi ilə görüşü, aparılan müzakirələr belə gözlənti yarada bilər ki, gələcəkdə Azərbaycanın üzv olmasına razılıq verilsin. Bütün hallarda Azərbaycan beynəlxalq təşkilatlar müstəvisində əlaqələrin genişlənməsində maraqlıdır. Bu baxımdan, D-8 təşkilatına üzvlük iqtisadi məsələlərlə yanaşı, siyasi əlaqələri də gücləndirə bilər. Yəni təşkilatda təmsil olunan ölkələrlə siyasi əlaqələrimizin daha da genişləndirilməsi üçün bu platforma faydalıdır”.
Yeni gəlmişkən, Misir dövlət başçısı da iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xəbəri böyük sevinclə qarşıladım.
İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşıdakı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm", - deyə təbrikdə bildirilir.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ