İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyoyev Aİ liderləri ilə görüşdən sonra niyə İlham Əliyevə zəng etdi?

Brüsselin Mərkəzi Asiya layihələrində Azərbaycanın da adı ilk planda çəkilir   

Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinin inkişafına 12 milyard avro sərmayə qoyur. Vəsaitlər nəqliyyat, enerji, mineral emalı və peyk rabitəsinə yönəldiləcək. Bu barədə Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı sammitində məlum olub. Aİ-nin Mərkəzi Asiyaya hazırkı marağı təkcə onun resursları və nəqliyyat potensialı ilə deyil, həm də dəyişən geosiyasi vəziyyətlə bağlıdır. Ticarət müharibələri və siyasi fikir ayrılıqları Aİ-ni yeni tərəfdaşlar axtarmağa sövq edib.

Aprelin 4-də Səmərqənddə tarixi ilk Mərkəzi Asiya - Avropa İttifaqı sammiti başa çatıb. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə region ölkələrinin liderləri Aİ liderləri Antonio Kosta və Ursula fon der Leyen ilə görüşüblər. Görüş zamanı iki regionun iqtisadi, humanitar və texnoloji inteqrasiyasına yönəlmiş geniş spektrli təşəbbüslər haqqında sazişlə tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. "Bu o deməkdir ki, biz bir-birimizə arxalana bilərik, bu, bu gün xüsusilə vacibdir", - Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen vurğulayıb.

O, əməkdaşlığın dörd əsas istiqamətini müəyyən edib: Transxəzər Dəhlizi, kritik mineralların hasilatı, yaşıl enerjinin inkişafı və rəqəmsallaşma. O, bu sahələrdə Aİ ilə Mərkəzi Asiya arasında qarşılıqlı fəaliyyət üçün əhəmiyyətli potensialın olduğunu qeyd edib.  Yeni paket Mərkəzi Asiyada nəqliyyatın inkişafı üçün bir sıra layihələrə start verəcək Avropa ilə Mərkəzi Asiya arasında quru yolu demək olar ki, yarıya qədər – 15 günə qədər azaldacaq.  “Üç onillikdən  sonra Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması dönüş nöqtəsi olacaq. Bu, Avropa və Mərkəzi Asiyanın əlaqələrini  əvvəlkindən daha da yaxınlaşdıracaq”, - deyə Ursula fon der Leyen qeyd edib.   Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına görə, bu il regional ÜDM 6%-ə qədər artaraq, qlobal orta göstəricini əhəmiyyətli dərəcədə üstələyəcək.

Özbəkistanla Aİ ölkələri arasında ticarət dövriyyəsi 2020-ci ildən iki dəfə artaraq 6 milyard avronu keçib. Eyni zamanda, bu dövr ərzində Özbəkistandan malların ixracı 4 dəfə artıb. Respublikada mindən artıq birgə müəssisə fəaliyyət göstərir. Avropa şirkətləri ilə investisiya layihələrinin portfeli 30 milyard avronu ötür. Bu il Özbəkistan və Aİ arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması gözlənilir.

 Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev  qeyd edib ki, Qazaxıstan 175 əmtəə növü üzrə ixracı 2 milyard dollar artırmağa hazırdır. O xatırladıb ki, Qazaxıstan Aİ-yə neftin 13%-ni verir, həmçinin Özbəkistan və Azərbaycanla Xəzər dənizi vasitəsilə elektrik ötürücü xətləri tikir. Ölkə Aİ-nin 34 kritik resursundan 19-u, o cümlədən uran, litium və kobalt istehsal edir. Tokayev Astanada nadir torpaq metalları mərkəzinin yaradılmasını təklif edib.

Tacikistan prezidenti Emomali Rahmon Aİ-ni ölkənin yaşıl enerji sektoruna sərmayə qoymağa çağıraraq, Aİ ilə tərəfdaşlığın inkişaf etdirilməsinin Tacikistanın xarici siyasət prioritetlərindən biri olduğunu qeyd edib. O, Aİ-yə ixracın genişləndirilməsində, Avropa şirkətlərindən investisiya və texnologiyanın cəlb edilməsində maraqlı olduğunu bildirib. Rəhmon bərpa olunan enerji mənbələrinin milli və regional ehtiyaclar üçün əhəmiyyətini vurğulayıb.

Qırğızıstan prezidenti Sadır Japarov Avropa bizneslərini respublikanın “artan tranzit potensialının”, “irimiqyaslı hidroenergetika layihələrinin” və “həqiqi xammalın işlənməsinin” inkişafında fəal iştirak etməyə çağırıb.

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iqlim dəyişikliyi məsələlərində Aİ ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Maraqlıdır ki, Səmərqənddəki  tədbirin səhəri gün-aprelin 5-də   Şavkat Mirziyoyev  Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Məlumata görə, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.

Şübhə doğurmur ki,  Özbəkistan rəhbəri Azərbaycan dövlət başçısına Aİ liderləri  görüş haqda da ətraflı məlumat verib. Çünki göründüyü kimi, Aİ-nin Mərkəzi Asiya layihələrində Azərbaycanın da adı ön planda çəkilir.  Xüsusilə də Zəngəzur dəhlizinin açılmasında Avropa liderlərinin də maraqlı olduğu üzə çıxır.   

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR